Ali Məhkəmənin sədri Qusar rayonunda vətəndaşları qəbul edib
16.12.2022, 17:25Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Qusar Rayon Məhkəməsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Qusar rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, onun əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, məhkəmələrin fəaliyyəti ilə bağlı qaldırılan məsələlərin bəzilərinin həlli ilə bağlı müvafiq tövsiyələr verilib, digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə tapşırıqlar verilib.
Bölgə sakinləri dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, ölkə Prezidentinin tövsiyələrinə əsasən məhkəmələrin fəaliyyəti ilə bağlı yerlərdə qəbulların təşkilindən məmnunluqlarını bildiriblər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Qusar Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuşdur.
Məhkəmə-hüquq sahəsində davamlı olaraq həyata keçirilən islahatların müsbət təsiri qeyd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarının mühüm əhəmiyyət kəsb etdiyi bildirilmiş, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, işlərə daha keyfiyyətlə, operativ baxılması və məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasına dair tövsiyələr verilmiş, məhkəmə aparatı əməkdaşlarının insanlara layiqli xidmət göstərilməsi, xüsusən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması, vətəndaşların qəbulu, qeyri-prosessual münasibətlərə şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələbləri daim rəhbər tutmaları diqqətə çatdırıb, xidməti vəzifələrinin layiqincə yerinə yetirilmələri, icra intizamına və etik davranış qaydalarına əməl etmələri barədə tapşırıqlar verib.
Göstərilən platformalarda paylaş: