ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Ramiz Rzayev Tovuz rayonunda vətəndaşları qəbul edib

15.07.2022, 14:33
Ali Məhkəmənin sədri Ramiz Rzayev Tovuz rayonunda vətəndaşları qəbul edib
Ali Məhkəmənin sədri Ramiz Rzayev Tovuz rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 15-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Tovuz rayonunda Tovuz, Ağstafa, Qazax və Gədəbəy, eləcə də digər rayonlardan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Tovuz şəhərindəki Heydər Əliyev parkında Ulu öndərin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Ali Məhkəmənin sədri qəbula gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərin araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verib.

Bölgə sakinləri onların müraciətlərinə daim diqqət və həssaslıqla yanaşılmasına, bölgələrdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Tovuz Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, Gəncə Apellyasiya Məhkəməsinin, Gəncə Şəhər Məhkəməsinin, Ağstafa, Gədəbəy, Göygöl, Qazax, Samux, Şəmkir və Tovuz rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirib.

Ali Məhkəmənin sədri bu gün özünün ən qüdrətli dövrünü yaşayan respublikamızın hərtərəfli davamlı tərəqqisini, Vətən müharibəsində parlaq zəfərimizlə azad edilmiş doğma torpaqlarımızın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə intensiv bərpasını qeyd edib.

Ölkəmizin sosial-iqtisadi inkişafında qanunun aliliyinin təmin olunmasının və məhkəmə-hüquq islahatlarının aparılmasının xüsusi önəmi vurğulanaraq, son üç il ərzində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı görülən işlər qeyd olunub.

Ali Məhkəmənin sədri bildirib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 25 aprel tarixli Sərəncamı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilərək əvəzində Gəncə Şəhər Məhkəməsi təşkil edilib. Həmçinin, çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 39 nəfər hakimliyə namizəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 1 iyul tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunublar.

Ali Məhkəmənin sədri məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin effektivliyinin yüksəldilməsinə, insan haqlarının etibarlı təmin olunmasına xidmət etdiyini, eləcə də məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğunu bildirərək, ədalət mühakiməsinin təməl prinsiplərinə dönmədən əməl olunmasının vacibliyini vurğulayıb.