Ali Məhkəmənin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib
17.02.2023, 16:59Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Şirvan şəhərində Şirvan, Hacıqabul və Salyan rayonlarından, eləcə də digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Şirvan şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı Ali Məhkəmənin sədri qəbulda iştirak edən şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının qayğıları ilə maraqlanıb. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək məhkəmələrin fəaliyyəti barədə onların müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Şirvan Apellyasiya Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Şirvan Apellyasiya Məhkəməsi, Şirvan İnzibati Məhkəməsi, Şirvan Kommersiya Məhkəməsi, Şirvan, Salyan və Hacıqabul rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirmişdir.
Sədr Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyinin çox əlamətdar bir ilə təsadüf etdiyini bildirərək, dövlət başçısının elan etdiyi 2023-cü il “Heydər Əliyev İli”ndə 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən bəhs edib, əsasını qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatlarını, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə respublikamızın hərtərəfli inkişafına uyğun həyata keçirilən tədbirləri qeyd edib.
Sonra Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci ildə ədalət mühakiməsinin və görülmüş işlərin təhlili müzakirə edilmişdir.
Göstərilən platformalarda paylaş: