Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair qərardad
14.10.2020, 18:08
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları
Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının
hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair
Q Ə R A R D A D
№ 04/2020
14 oktyabr 2020-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları,
Mülki Kollegiyanın sədri Hacıyev Sənan Firudin oğlunun sədrliyi və hakimləri Dəmirov İlqar Kamal oğlu, Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu, Vəliyeva Elşanə Rafiq qızı, Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu, Həsənov Vüqar Təvəkgül oğlu, Hüseynov Abiddin Qabil oğlu, Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlu, Əliyev Zaur Əli oğlu,
Kommersiya Kollegiyasının sədri Abiyeva Kəmalə Nəbi qızı və hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə,
Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə,
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi 2020-ci il 27 avqust tarixli təqdimatı əsasında mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxaraq aşağıdakıları müəyyən etdi.
Mübahisəli hüquqi məsələnin məzmunu
1. Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında olan “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” tələblərinə dair mülki iş üzrə cavabdehlərdən birinin (kredit müqaviləsi üzrə borcu götürən şəxs) kassasiya şikayəti üzrə əvvəlki kassasiya icraatında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində tam şəkildə yoxlanılaraq, qətnamənin kassatora münasibətdə dəyişdirilmədən saxlanıldığı qərara alınmışdır. Daha sonra digər cavabdeh (ipoteka qoyan) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissəsini mübahisələndirmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərardadı ilə yeni verilmiş kassasiya şikayəti MPM-in tələblərinə (MPM-in 404-1, 405, 406, 407-ci maddələri) cavab verməsi və onun geri qaytarılması üçün əsasların (MPM-in 408-ci maddəsi) olmaması baxımından icraata qəbul edilərək, məhkəmə baxışına təyin edilmişdir.
2. İşə kassasiya qaydasında baxılarkən oxşar məsələ ilə bağlı fərqli hüquqi yanaşmanın mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Ali Məhkəmədə baxılmış analoji mülki iş üzrə cavabdehin kassasiya şikayəti digər cavabdehin daha əvvəl verdiyi şikayət əsasında kassasiya qaydasında yoxlanılmış hissə ilə bağlı olduğundan onun icraata qəbulundan imtina edilmişdir. Kassasiya şikayətinin qeyri-mümkünlüyünə dair qərardadında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən cavabdehlərdən birinin kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılaraq, yekun qərarla bir dəfə artıq hüquqi qiymət verildiyindən həmin qətnamənin digər cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə təkrarən yoxlanılması yolverilməzdir. Məhkəmə qərardadındakı gəlinən nəticənin hüquqi əsası kimi M.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il 8 iyun tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinad edilmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında vurğulamışdır ki, məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir.
3. Hazırda icraatda olan mülki işə baxan məhkəmə tərkibi həmin məsələyə dair fərqli hüquqi yanaşma sərgiləyərək qeyd edir ki, əvvəl baxılmış oxşar iş üzrə kassasiya şikayətinin geri qaytarılmasından ibarət hüquqi mövqe mülki prosessual qanunvericiliyin, tərəflərin məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququnu təmin edən müddəaları ilə (MPM-in 357.1 və 403.1-ci maddələri) ziddiyyət təşkil edir. Bu baxımdan məhkəmə tərkibinin qənaətinə görə tərəfin kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə (MPM-in 404-1, 405, 406, 407-ci maddələri) uyğun olaraq verildiyindən və onun geri qaytarılması üçün prosessual əsaslar (MPM-in 408-ci maddəsi) olmadığından hazırkı halda digər cavabdehin şikayət vermə hüququnun məhdudlaşdırılması yolverilməzdir və ona görə də həmin kassasiya şikayəti icraata qəbul edilərək, kassasiya icraatı qaydasında baxılmalı və iş üzrə onun şikayətinə münasibətdə qərar qəbul edilməlidir.
4. Göründüyü kimi, qeyd edilən hüquqi məsələyə dair MPM-in tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranmışdır.
5. MPM-in 2020-ci il martın 1-dən qüvvəyə minmiş 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
6. Bu məqsədlə Ali Məhkəmənin sədri tərəfindən hazırda işə baxan Mülki Kollegiyanın məhkəmə tərkibinin təqdimatı təmin edilərək, hüququn tətbiqi üzrə qeyd edilən mübahisəli hüquqi məsələ Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərin müzakirəsinə çıxarılmışdır.
7. Mübahisəli hüquqi məsələ hüquq ictimaiyyətinin diqqətinə çatdırılmış, yazılı formada əsaslandırılmış rəylər (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim edilmişdir.
I. Apelyasiya və kassasiya instansiyası məhkəmələrinin işə baxma hədləri
8. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi qeyd edir ki, məsələyə aydınlığın gətirilməsi və bu sahədə yanaşmanın müəyyənləşdirilməsi üçün ilk növbədə apelyasiya və kassasiya instansiyası məhkəmələrinin işə baxılma hədləri ilə bağlı qanunvericiliyin müddəaları, Konstitusiya Məhkəməsi Plenumunun məsələyə dair hüquqi mövqeyi, habelə bu müddəaların tətbiqi üzrə mövcud məhkəmə təcrübəsi nəzərdən keçirilməlidir.
9. Bu sahədə formalaşmış məhkəmə təcrübəsinin təhlili göstərir ki, çoxtərəfli mülki və kommersiya mübahisələrində həm apelyasiya, həm də kassasiya instansiyası məhkəmələri bir qayda olaraq bir iş üzrə qəbul edilmiş aidiyyəti məhkəmə qətnaməsini bütövlükdə və yaxud eyni hissədə iş üzrə tərəflərin ayrı-ayrılıqda verilmiş şikayətləri əsasında dəfələrlə yoxlanılmasını həyata keçirirlər. Qəbul edilən bu məhkəmə qərarları arasında kolliziyanın həlli yolu kimi isə qərarın şikayət verən şəxsə münasibətdə və ya şikayətə münasibətdə yoxlanılması kimi rəsmiləşdirilməsindən istifadə edilir.
10. MPM-in:
372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır;
372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır;
416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd edilir ki, hədlərə qiymət verməmişdən öncə ilk növbədə apelyasiya qaydasında verilən şikayətin obyekti və predmeti aydınlaşdırılmalıdır.
12. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apelyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.
13. Göründüyü kimi, qərarda qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığı şübhə altına alınmayan hissədə ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir.
14. Bununla yanaşı, Konstitusiya Məhkəməsi eyni qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apelyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır.
15. Şikayətin predmeti dedikdə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.
16. Şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apelyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apelyasiya şikayətində müəyyənləşdirilir. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Doğrudur, apelyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil, lakin apelyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apelyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirməlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsi bu məsələyə qiymət verərkən qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir. Əks halda MPM-in 327.6-cı maddəsi öz əhəmiyyətini itirmiş olardı.
17. Maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq normalarına riayət olunub-olunmamasını apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında həmçinin qeyd edilmişdir ki, MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmişdir və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair 2012-ci il 28 fevral tarixli qərarında kassasiyanın səlahiyyət hədləri ilə bağlı məsələyə dair qeyd edilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş mülki prosessual qanunvericiliyə görə kassasiya icraatı aşağı məhkəmələrin fəaliyyəti üzərində nəzarətin, məhkəmələr tərəfindən buraxılmış səhvlərin daha tez aradan qaldırılmasına və məhkəmələr tərəfindən qanunun birmənalı və dəqiq tətbiqinin təmin olunmasına imkan verən prosesin xüsusi növü kimi qəbul olunurdu. İşə kassasiya qaydasında baxılarkən məhkəmə işdə olan və əlavə materiallar əsasında qərarın qanuniliyini və əsaslılığını, yəni iş üzrə icraatın prosessual qaydasına riayət olunmasını və işin mahiyyəti üzrə həll olunmasını yoxlayırdı. Bu zaman kassasiya məhkəməsinin səlahiyyət hədləri yalnız şikayətdəki dəlillərlə məhdudlaşmırdı və iş tam həcmdə yoxlanılırdı.
19. Həmin qərarda qeyd edilmişdir ki, MPM-in 412.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər kassasiya şikayətinə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Etirazlarla bağlı, həmçinin nəzərə almaq lazımdır ki, etirazlar kassasiya şikayətində qaldırılan hüquqi dəlillərə qarşı tərəfin münasibətini ifadə etdiyindən, kassasiya şikayətinin dəlillərinə aid olmadığı və ya məhkəmə aktının kassasiya şikayətində mübahisələndirilməyən hissəsindən verildiyi halda, kassasiya məhkəməsi həmin etirazlara baxmamalıdır. Həmin tələblər kassasiya icraatının müvafiq şikayətin dəlilləri çərçivəsində həyata keçirilməsini şərtləndirən amillərdən olmaqla kassasiya icraatının mahiyyətindən irəli gəlir.
20. Qərarda habelə qeyd edilmişdir ki, kassasiya məhkəməsinin səyləri ərizəçinin kassasiya şikayətində göstərdiyi hüququn və qanuni maraqların pozulmasının aradan qaldırılmasına yönəlməlidir. Kassasiya şikayətində irəli sürülmüş dəlil hər hansı digər (mübahisələndirilməyən) hüquqi məsələ ilə qaçılmaz olaraq əlaqəli və ya ona münasibət bildirməkdən asılı olduqda isə, kassasiya məhkəməsi Konstitusiyanın 127-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş çəkişmə prinsipinə müvafiq olaraq bu məsələni tərəflərin müzakirəsinə vermək şərtilə, müstəsna olaraq, ona münasibət bildirə bilər. Eyni zamanda, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı deyil və Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 372.6-cı maddəsi ilə bağlı yuxarıda qeyd olunan 2011-ci il 20 may tarixli Qərarında ətraflı şərh verilmiş iura novit curia – məhkəmə hüququ bilir hüquqi prinsipinə əsasən kassasiya şikayətinin hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq da maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fimar Hacıyevanın Azərbaycana qarşı şikayəti ilə bağlı 2005-ci il 22 sentyabr tarixli qərardadında Avropa Məhkəməsinin ərizəçinin şikayətini qeyri-məqbul hesab edərkən göstərdiklərinə diqqət çəkmişdir. Belə ki, həmin qərardadda ərizəçi tərəfindən Ali Məhkəməyə verdiyi kassasiya şikayətinin əsaslandırılmayaraq, yalnız apelyasiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyi iddia edildiyindən, Avropa Məhkəməsi müvafiq dəlili irəli sürməyi şikayətçinin borcu kimi qiymətləndirərək kassasiya məhkəməsinin şikayətçinin dəlillərindən kənar araşdırma aparmaq vəzifəsinin olmaması qənaətinə gəldiyi qeyd edilmişdir.
Məhkəmə tərkibinin mövqeyi
22. İlk növbədə qeyd edilməlidir ki, apelyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi istinad edilən prosessual normalar və bununla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından hesab edir ki, mübahisə predmetinin bölünməz olduğu hallar istisna olmaqla, apelyasiya instansiyası məhkəməsinin yoxlaması şikayətin obyekti ilə, yəni qətnamənin mübahisələndirilən hissəsi ilə məhdudlaşsa da, məhkəmə həmin hissədə şikayətin predmetini təşkil edən maddi hüquq normasının pozuntusu ilə bağlı irəli sürülmüş dəlillərlə bağlı olmayıb, ondan kənara çıxma hüququna malik olmaqla mübahisələndirilən hissənin tam şəkildə təkrar hüquqi qiymətləndirilməsini keçirməlidir. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsinə gəldikdə isə məhkəmə bu halda qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, qətnaməni bütövlükdə və şikayətin dəlillərindən kənara çıxmaqla yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 382.2.1 - 387.2.7-ci maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin mübahisələndirilməyən hissəsində yoxlanılması tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur.
23. Kassasiya baxışının hədlərinə gəldikdə isə, ilk növbədə MPM-in 416-cı maddəsinin məzmununa diqqət yetirilməlidir. Belə ki, həmin maddəyə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göründüyü kimi, apelyasiyanın hədlərini müəyyən edən MPM-in 372.7-ci maddəsindən fərqli olaraq, qanunverici kassasiyanın hədlərini müəyyən edərkən “şikayətin dəlillərindən asılı olmayaraq” ifadəsindən istifadə etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, MPM-in 418.4-cü maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadının şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli olduğu prosessual əsaslar nəzərdə tutulmuşdur.
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktının yoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” – “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.
25. Apelyasiya və kassasiyanın hədlərini tənzimləyən yuxarıda istinad edilən mülki prosessual hüquq normalarından və Konstitusiya Məhkəməsi Plenumunun apelyasiyanın və kassasiyanın hədləri ilə bağlı müəyyən etdiyi hüquqi mövqelərdən göründüyü kimi, prosessual doktrina məhkəmələrin qətnamənin yoxlanılmasını şikayəti verən şəxsə (in personum) münasibətdə deyil, mübahisələndirilən hissədə (in rem) həyata keçirilməsini müəyyən etmişdir.
26. Beləliklə, məhkəmə tərkibi həm prosessual qanunvericiliyin tələblərini, həm də həmin tələblərə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə aktları şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissəyə münasibətdə yoxlanılmalıdır.
II. Məhkəmə aktının apelyasiya və ya kassasiya qaydasında yoxlanılmış hissəsinin, digər tərəfin şikayəti üzrə təkrarən yoxlanılmasının mümkünlüyü məsələsinə dair
27. Mübahisəli hüquqi məsələnin həlli baxımından əhəmiyyət kəsb edən digər hal formalaşmış təcrübəyə əsasən yuxarı məhkəmələr tərəfindən eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının, mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılmasının mümkünlüyünə qiymətin verilməsidir.
28. Məhkəmələr tərəfindən bu şəkildə təkrar yoxlamanın həyata keçirilməsi iş üzrə tərəflərin məhkəmə qərarlarından şikayət vermək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi ilə əsaslandırılır.
29. Məhkəmə tərkibi istinad edilən əsaslandırma ilə razılaşmayaraq, hesab edir ki qeyd edilən məsələ üzrə düzgün hüquqi yanaşmanın müəyyən edilməsi üçün ilk növbədə tərəflərin şikayət vermə hüquqları ilə hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsiplərinə və onların qarşılıqlı təsirinə aydınlıq gətirilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli qərarında Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə istinad edilərək qeyd edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ hər kəsin hüquqlarının əsas müdafiə forması olmaqla, tərəflərin mövcud hüquq və vəzifələrinin müəyyən edilməsini və qanunun düzgün tətbiqini tələb edir. MPM-in 4.1-ci maddəsində də hər kəsin qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair 2012-ci il 28 fevral tarixli qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
32. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Yəni, şikayət hüququ olan şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş şikayətin verilməsindən ibarət prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir.
33. Konstitusiya Məhkəməsinin Plenumu istinad edilən qərarında vurğulamışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur.
34. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 12 aprel tarixli Qərarında da göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
35. Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur.
37. Beləliklə, Konstitusiya Məhkəməsi qərarlarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra –Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar).
39. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apelyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Eyni zamanda qeyd etmişdir ki, apelyasiya icraatında bu təminatların tətbiq edilmə üsulu həmin proseslərin konkret xüsusiyyətlərindən asılıdır və bu zaman məhkəmə bütövlükdə dövlətdaxili hüquq sistemində həyata keçirilən proseslər, apelyasiya instansiyası məhkəməsinin hüquqi və praktiki funksiyaları, eləcə də tərəflərin səlahiyyətləri və onların maraqlarının hansı üsulla təmsil olunması və müdafiə edilməsini nəzərə almalıdır. Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən məhkəməyə müraciət etmək hüququ mütləq hüquq hesab edilmədiyindən məhdudlaşdırıla bilər. Lakin məhdudiyyətlər bu hüququn icrasını onun əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda məhdudlaşdırmamalıdır. Onlar qanuni məqsəd daşımalı və istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında müvafiq mütənasiblik olmalıdır (Qeren Fransaya qarşı və Omar Fransaya qarşı işləri üzrə qərarlar).
40. Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini də yolverilən hesab etmişdir. Golder Birləşmiş Krallığa qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli qərar).
Məhkəmə tərkibinin mövqeyi
41. Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.
42. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir.
43. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir.
44. Apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı).
45. Nəzərə alınmalıdır ki, qeyri-mümkünlük haqqında qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət nəzərdə tutulduğundan, sonuncunun apelyasiya şikayətinin qeyri-mümkünlüyünün qanuniliyinə qiymət vermək imkanı olacaqdır. Belə ki, MPM-in 366.4 və 402-ci maddələrinə əsasən apelyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
46. Analoji yanaşma bu Qərardadın 27-ci bəndində istinad edilən halda verilmiş kassasiya şikayətlərinə münasibətdə də tətbiq edilməlidir. Belə ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin icraata qəbulunun mümkünlüyünü yoxlayarkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır.
47. Məhkəmə tərkibi vurğulayır ki, işdə iştirak edən şəxslərin belə hallarda məhkəmə aktlarından verdiyi şikayətin geri qaytarılması mütləq qaydada birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qanunvericiliyin müəyyən etdiyi aşağıda qeyd edilən prosessual təminatlara ciddi şəkildə riayət edilməsini tələb edir.
48. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. Bu, proses iştirakçılarının öz hüquqlarının müdafiəsinə imkan verməklə yanaşı, istinad edilən kolliziyaların yaranmasının da qarşısını almış olacaqdır. Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Odur ki, məhkəmə qərarlarının apelyasiya və kassasiya instansiyalarında şikayətin dəlilindən asılı olmayaraq, bu kobud prosessual pozuntunun olmasını yoxlayaraq, qətnaməni bu əsasla ləğv etməsi gələcəkdə bu Qərardadın qəbul edilməsi əsasını təşkil edən halların mövcudluğunun da qarşısını almış olacaqdır.
49. Daha sonra, tərəflərin hər birinə şikayət verməklə bağlı bərabər imkanların yaradılması baxımından əhəmiyyətli olan şikayət daxil olduqdan sonra işin yuxarı instansiya məhkəməsinə göndərilməsi müddətlərinə dair MPM-in 364 və 409-cu maddələrinin tələblərinə riayət edilməlidir. Belə ki, birinci və apelyasiya instansiyası məhkəmələri şikayətin MPM-in aidiyyəti üzrə 361 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra ilk daxil olan şikayəti yuxarı instansiya məhkəməsinə mütləq şəkildə işdə iştirak edən bütün şəxslərə münasibətdə şikayət vermə müddətini gözlədikdən sonra göndərməlidir. Bu qaydaya riayət edilmədiyi halda yuxarı instansiya məhkəməsi həmin müddətin gözlənilməsi ilə bağlı prosessual tələblərə riayət edilməsinin təmin edilməsi üçün işi icraata qəbul etmədən müvafiq aşağı instansiya məhkəməsinə geri qaytarmalıdır. Bu mövqe, kassasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət edildiyi halda işin baxışdan çıxarılması ilə bağlı olan MPM-in 417.1.7-ci maddəsinin tələbləri ilə də uzlaşır.
50. Apelyasiya və kassasiya məhkəmələri tərəfindən şikayətin mümkün hesab edilərək, icraata qəbul edilməsindən sonra MPM-in aidiyyəti üzrə 367, 368 və 412, 415-ci maddələri ilə nəzərdə tutulmuş vəzifələr müvafiq qaydada icra edilməlidir.
51. Məhkəmələr şikayətin surətinin tərəflərə göndərilməsi və məhkəmə iclasının keçirilməsi vaxtının qeyd edildiyi bildirişdə MPM-in 139.2.7-1-ci maddəsinin tələblərinə uyğun olaraq, izah edilməli prosessual hüquqlar və vəzifələr çərçivəsində verilmiş şikayətin obyektinin işdə iştirak edən digər şəxslərin mənafeyinə toxunduğu hallarda həmin şəxslərin şikayət vermək hüquqlarından vaxtında istifadə etməmələrinin, habelə dəlillərini irəli sürməmələrinin sonradan şikayət vermə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəyini xüsusi olaraq izah etməlidir.
52. MPM-in 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, istinad edilən maddə, bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir.
53. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır.
54. Kassasiya instansiyası məhkəməsi apelyasiya şikayəti vermək imkanı olmayan şəxsin kassasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini yoxlayarkən ümumi prosessual qaydaya uyğun olaraq yalnız mübahisələndirilən hissəyə qiymət verməlidir. Kassasiya şikayəti üzrə yoxlamanın həyata keçirilməsi zamanı kassasiyanın əsasını apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi təşkil etdikdə, kassasiya məhkəməsi öz səlahiyyətləri çərçivəsində maddi hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını bu dəlillərin digər tərəfin şikayəti üzrə apelyasiyanın predmetini təşkil edib-etməməsindən asılı olmayaraq yoxlamalıdır.
55. Kassasiya məhkəməsi tərəfindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, yeni apelyasiya baxışına göndərilməsi ilə bağlı qərar qəbul edildikdə, apelyasiya instansiyası məhkəməsi işə təkrarən əvvəl verilmiş apelyasiya şikayəti üzrə və onun mübahisələndirdiyi baxış həddində baxmalıdır. Bununla yanaşı, apelyasiya şikayəti vermək imkanı olmamış şəxs yeni apelyasiya icraatı zamanı prosessual normaların tələblərinə uyğun qaydada apelyasiya şikayəti verərsə, şikayət icraata qəbul edilməli və onun dəlilləri üzrə də yoxlama həyata keçirilməlidir.
56. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxladığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apelyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apelyasiya şikayəti vermək hüququnu izah etməlidir.
57. Apelyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında tam və yaxud qismən yoxlanıldığı halda isə, yoxlanılan həmin hissə ilə bağlı digər şəxsin kassasiya şikayətinə baxılması mümkünsüz olacaqdır. Belə ki, kassasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qərarını yenidən yoxlamaq imkanına malik deyildir.
58. Bu baxımdan, məhkəmə tərkibi bir daha vurğulamağı məqsədəuyğun hesab edir ki, bütün instansiya məhkəmələrində olduğu kimi kassasiya icraatında da prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə etməklə, tərəflərin məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmasından ibarət mühüm vəzifənin icrasına riayət edilməlidir. Belə ki, bu vəzifələrin lazımi qaydada icra edilməməsi işdə iştirak edən şəxslərin hüquqlarının müdafiəsi imkanından məhrum edilməsi ilə nəticələnə bilər.
59. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, MPM-in 372.6-cı maddəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun həm düzünə, həm də dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
60. O da qeyd edilməlidir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
61. Odur ki, işdə iştirak edən şəxslərin məhkəmə aktlarından verdikləri şikayətlərinin yuxarıda istinad edilən prosessual təminatların tətbiq edildiyi halda geri qaytarılması hüquqi müəyyənliyin və məhkəmə qərarlarının sabitliyinin təmin edilməsi kimi qanuni məqsədlər daşıdığından, qarşıya qoyulan məqsədə mütənasib olduğundan, habelə həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxladığından və qanunilik prinsipinin tələblərinə cavab verdiyindən yolverilən hesab edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı aşkar edilmiş mübahisəli hüquqi məsələyə baxaraq, belə qənaətə gəlir ki apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) MPM-in 366.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən imtina edilməlidir.
Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi MPM-in 418-1.1-ci maddəsini rəhbər tutaraq
Q Ə R A R A A L D I:
1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.
4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir.
5. Qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində dərc edilsin.
Sədrlik edən Sənan Hacıyev
Göstərilən platformalarda paylaş: