Avropa Şurasının İnsan Hüquqları Və Qanunun Aliliyi Direktoratlığının nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür
27.10.2021, 16:282021-ci il oktyabrın 27-də ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakoumopoulosun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakoumopoulosu və nümayəndə heyətinin üzvlərini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasından irəli gələn öhdəliklərin icrası üzrə görülmüş işlərdən və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Son zamanlar ölkəmizdə məhkəmə-hüquq sistemində köklü islahatların həyata keçirilməsi barədə söz açan Ali Məhkəmənin sədri bildirmişdir ki, kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən həmin islahatlar ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir. Yeni islahatlara əsasən bu ilin oktyabr ayından etibarən ölkəmizdə kassasiya məhkəməsi işlərə müstəsna hallar istisna olmaqla, ancaq yazılı icraat qaydasında baxır. Bu qaydanın tətbiqi ilə Ali Məhkəmə özünün işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə edir. Ali Məhkəmənin sədri Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrdən, Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd etmişdir.
Xristos Cakoumopoulos məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirmiş, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin birbaşa dialoq formasında daha da inkişaf etdirilməsi zərurətindən və bunun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına töhfə verəcəyindən danışmışdır.
Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılmışdır.
Ali Məhkəmənin sədri Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakoumopoulosun və nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara cavab vermişdir.
Göstərilən platformalarda paylaş: