Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Azərbaycandakı Amerika Ticarət Palatasının üzv şirkətlərinin nümayəndələrinin görüşü keçirilib
18.10.2022, 16:35Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) təşkilatçılığı və üzv şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan “Azərbaycanda məhkəmə islahatları: aralıq nəticələr və gələcək addımlar” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov çıxış edib.
Tədbiri açılış nitqi ilə açan Azərbaycandakı Amerika Ticarət Palatasının İdarə Heyətinin sədri Nərgiz Nəsrullayeva-Muduroğlu qonaqları salamlayaraq tədbirin keçirilməsində dəstəyə görə Ali Məhkəmənin sədri Ramiz Rzayevə və tədbirdə iştirakına görə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərova təşəkkürünü bildirərək qeyd edib ki, AmCham məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən layihələrdə yaxından iştirak edərək mühüm töhfələr verib və bundan sonra da aparılacaq islahatlara təşkilati dəstək verməyə hazırdır.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov ilk öncə tədbir iştirakçılarına Azərbaycan məhkəmə sistemi və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı son illərdə həyata keçirilən qanunvericilik və struktur islahatları barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Sədr müavini Fərmanla Ali Məhkəməyə həvalə edilən vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Ali Məhkəmənin fəaliyyəti, xüsusilə Ali Məhkəmənin Plenum qərarları və Ali Məhkəmənin kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarının, eləcə də Ali Məhkəmə tərəfindən aparılan məhkəmə fəaliyyətinin monitorinqinin müsbət nəticələr verdiyini bildirib.
Ali Məhkəmədə aparılan struktur dəyişikliklər barədə məlumat verilərək, bildirilmişdir ki, Ali Məhkəmənin Aparatının yeni strukturunda yaradılan Məhkəmə işlərinin idarə edilməsi şöbəsi həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının, həm də Konvensiyanın tələblərinin Ali Məhkəmənin qərarlarında öz əksini tapmasına institusional dəstək olmaqla məhkəmənin işinə önəmli töhvə verməkdədir.
Aparılan struktur islahatları çərçivəsində Ali Məhkəmənin fəaliyyətində tətbiq olunan müasir informasiya texnologiya və innovasiyalar haqda ətraflı məlumat verilərək bildirilib ki, sözügedən texnologiyalardan istifadə aparılan islahatların daha da səmərəli tətbiqinə təkan verir.
Eyni zamanda qeyd edilmişdir ki, yuxarıda qeyd edilən islahatlar və yeniliklər məhkəmələrin, o cümlədən Ali Məhkəmənin iş yükünün azaldılmasına, şəxslərin məhkəmə müdafiəsi hüququnun təmin edilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına gətirib çıxarmışdır.
Çingiz Əsgərov həmçinin məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar zamanı ortaya çıxan çətinliklər və gələcək perspektivlər barədə tədbir iştirakçılarına məlumat verərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların hazırda da davam etdiyini vurğulayıb.
Səmərəli fikir mübadiləsi şəraitində keçən konfransda insan haqlarının təmin olunması və bu sahədə məhkəmələrin qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılmışdır.
Göstərilən platformalarda paylaş: