Azərbaycan Respublikası Ali Məhkəməsinin Mətbuat Xidmətinin MƏLUMATI
23.04.2020, 11:4523 aprel 2020-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölüm halları minuma endirilmişdir. Vaxtında sərhədlər bağlanmış, xüsusi karantin rejimi yaradılmış, daxili imkanlar hesabına xüsusi xəstəxana inşa edilmiş, lazımı dezinfeksiya işləri görülmüş, maska, spirt və antivirus əlehinə digər vasitələrin istehsalına başlanılmışdır. Əhali pandemiyaya qarşı mübarizə üçün səfərbərliyə alınmış, “Evdə qal” kampaniyasına cəlb olunmuşdur. Kütləvi informasiya vasitələri ictimaiyyəti pandemiya ilə bağlı vaxtaşırı məlumatlandırır və maarifləndirir. Dövlət tərəfindən aztəminatlı ailələrə yardımlar göstərilir. Zərurət yarandığı hallarda vətəndaşların SMS-lə icazə almaları təmin edilir. Bütün bu təxirəsalınmaz tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq miqyasda pandemiyaya qarşı mübarizə sahəsində Azərbaycan modelinin yarandığını sübut edir. Əlbəttə, bütün bu işlərdə fədakar həkimlərimizin, polislərimizin, jurnalistlərimizin mühüm əməyi vardır. Qeyd edilmişdir ki, respublikamızda xüsusi karantin rejiminin mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulmuş və buna görə karantin rejimi mayın 4-dək uzadılmışdır.
Plenumda xüsusi karantin rejiminin uzadılmasını nəzərə alaraq “Azərbaycanda Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərar qəbul edilmişdir.
Qərarda Azərbaycan Respublikasının bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilmişdir. Məhkəmələrə həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunmuşdur.
Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi tam aradan qaldırılmadığından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmiş, hazırki Plenum qərarının 23 aprel 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək qüvvədə olması təsbit edilmişdir.
Plenumda həmçinin konkret işlərə baxılmışdır.
Göstərilən platformalarda paylaş: