ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikasının Baş naziri 100 illik yubileyi münasibətilə Azərbaycan Ali Məhkəməsinə təbrik məktubu ünvanlayıb

15.02.2023, 15:14
Azərbaycan Respublikasının Baş naziri 100 illik yubileyi münasibətilə Azərbaycan Ali Məhkəməsinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Respublikasının Baş naziri 100 illik yubileyi münasibətilə Azərbaycan Ali Məhkəməsinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Ramiz Yaqub oğlu Rzayevə

Hörmətli Ramiz müəllim!

Sizi Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

Azərbaycanın məhkəmə-hüquq sistemi böyük bir yol keçib. Bu inkişafın ötən əsrin 70-80-ci illərini əhatə edən mərhələsi xüsusilə əlamətdardır. Ulu Öndər Heydər Əliyevin həmin dövrdə elan etdiyi “Qoy ədalət zəfər çalsın!” prinsipi cəmiyyətin digər sahələri kimi, məhkəmə-hüquq sisteminin də yeni tələblər səviyyəsində qurulmasını nəzərdə tuturdu.

Ümummilli Liderimizin Azərbaycana rəhbərliyinin ikinci dövründə də ədalət mühakiməsinin təmin olunması diqqət mərkəzində saxlanılıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan xalqının hüquqi, demokratik, dünyəvi dövlət qurmaq niyyətini bəyan etmiş və insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etmişdir. Eyni zamanda müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu da Konstitusiyada müəyyən olunmuşdur.

Ümummilli Liderin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə sisteminin inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu islahatlar nəticəsində Ali Məhkəmə səmərəli hüquqi təsisat kimi formalaşmış, dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutmuşdur.

Əminəm ki, Sizin rəhbərliyinizlə Ali Məhkəmə bundan sonra da Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli fəaliyyət göstərəcək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Bu əlamətdar yubiley münasibətilə Sizə, həmçinin Ali Məhkəmənin kollektivinə bir daha təbriklərimi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 fevral 2023-cü il