Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında
30.03.2006, 12:35“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında”
Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
Bakı şəhəri №5 30 mart 2006-cı il
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.
Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azalıqların təmininə sadiqliyin ifadəsidir.
Son illər Respublikamızın universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutmuşdur. Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.
Beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və hüquqi tədbirlərdən asılıdır.
İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. Respublikamızda pacta sunt servanda (müqavilələr icra olunmalıdır) pirinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi davam etməkdədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsidir.
«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı da məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlmişdir.
Fərmanda Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.
Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin düzgün və vahid qaydada tətbiqinin təmini məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
Q Ə R A R A A L I R:
1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, insan hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
İnsan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır:
-bütün insanlar heç bir ayrı-seçkiliyə yol verilmədən əsas hüquq və azadlıqlara malikdirlər;
-insan hüquq və azadlıqları məkan, ərazi hüdudları ilə bağlı deyildir. İnsanlar harada olmalarından asılı olmayaraq əsas hüquq və azadlıqlara malikdirlər;
-insan hüquqları universal, bölünməz olmaqla qarşılıqlı bağlılıqdadır. Milli, dini, tarixi, mədəni özünəməxsusluq nəzərə alınmaqla insan hüquq və azadlıqlarına ali dəyər kimi hörmət və riayət edilməli, onların müdafiəsi təmin olunmalıdır;
-hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır;
-insan hüquq və azadlıqları yalnız qanun, konstitusiya və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər;
-hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır;
-hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
2. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.
İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
3. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir .
4. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi zəruri hallarda həm Konvensiyada nəzərdə tutulmuş insan hüquqlarının pozuntusunun, həm də ərizəçi üçün onun zərərli nəticələrinin aradan qaldırılması məqsədilə xüsusi, həmçinin eyni xarakterli pozuntuların gələcəkdə baş verməsinin qarşısının alınması üçün ümümi xarakterli tədbirlərin görülməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yalnız onun icraatında olan işlərin həllinə deyil, həmçinin geniş mənada Konvensiya normalarının izah edilməsinə, qorunmasına, inkişafına xidmət edir və bu yolla dövlətlərin Konvensiya iştirakçısı kimi daşıdıqları öhdəliklərə riayət olunmasına yardım göstərir.
Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər.
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
İnsan hüquqlarının məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası təcrübədə həyata keçirilən hüququn səmərəliliyinə təminat verməyə istiqamətlənmişdir.
6. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».
Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki və ya inzibati prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir.
Cinayət işləri ilə bağlı həmin müddətlərin hesablanması zamanı «ağlabatan müddət» həm ibtidai araşdırma müddətini, həm də hökmün çıxarılmasına kimi olan məhkəmə baxışı müddətini əhatə edir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə müddətin hesablanması şəxsə ittihamın elan edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, ona digər prosessual məcburiyyət tədbirlərinin tətbiqindən başlayır və şəxs barəsində hökmün qanuni qüvvəyə minməsinə və ya onun barəsində cinayət təqibinə xitam verilməsinə kimi davam edir.
Mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. [1]
Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.
7. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır.
8. Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.
9. Cinayət prosesinin çəkişmə prinsipi prosesdə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin olunmasını nəzərdə tutur. Cinayət prosesinin çəkişmə prinsipinə əsasən həm ittiham, həm də müdafiə tərəfinin digər tərəfin təqdim etdiyi sübutlarla tanış olmaq imkanı olmalıdır. Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur.
10. Məhkəmələrə izah edilsin ki, hüququn aliliyi və insan hüquqlarına hörmət Avropa Şurasının Nizamnaməsinin 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 142-ci, MPM-in 82-ci və İPM-nin 78-ci maddələrində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübütün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmələr həmçinin preyudisiya məsələləri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarlarında verilmiş şərhləri nəzərə almalıdırlar. [2]
Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir.
11. Məhkəmələr nəzərə almalıdırlar ki, müdafiəçiyə müdafiə etdiyi şəxslə sərbəst, təklikdə görüşüb danışmaq imkanı yaradılmasa, o öz vəzifəsini layiqincə yerinə yetirə bilməz. Təqsirləndirilən şəxsin müdafiəçi ilə sərbəst şəkildə, təklikdə, qeyri-məhdud miqdarda və müddətdə görüşmək hüququ heç bir istisnaya yol verilmədən təmin olunmalıdır.
12. Məhkəmələr nəzərə almalıdırlar ki, müdafiə hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının ayrılmaz tərkib hissəsidir. Konvensiya cinayət törətməkdə təqsirləndirilən şəxsə müdafiəsi üçün üç üsuldan istifadə etməyə imkan verir: özünü şəxsən müdafiə etmək; özünün seçdiyi müdafiəçiyə malik olmaq; müəyyən hallarda pulsuz təyin olunmuş müdafiəçidən istifadə etmək. Zəruri hallarda hüquqi yardım göstərilməsi dövlət hesabına təmin olunmalıdır.
13. Məhkəmələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinin 3-cü bəndinə istinad edərək həbs qətimkan tədbirinin tətbiqinin ümumi təcrübəyə çevrilməsinə imkan verməsinlər. Şəxsin məhkəməyə gəlməsinə təminatların mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməlidir.
Həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı və başqa qətimkan tədbirinin tətbiqinin qeyri-mümkün olduğu, son dərəcə zəruri hallarda tətbiq olunmalıdır.
14. Məhkəmələr nəzərə almalıdırlar ki, azadlıq hüququ məhdudlaşdırılmış şəxslər «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən azadlıqlarının məhdudlaşdırılması ilə bağlı ağlabatan müddətdə məhkəmə baxışının keçirilməsi, həmçinin barələrində həbs qətimkan tədbiri seçilməsinə zərurət olmadıqda məhkəməyədək azad olunmaq hüququna malikdirlər.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır.
16. Nəzərə almaq lazımdır ki, şəxsin cinayəti törətməsinə əsaslı şübhə onun həbsə alınması üçün zəruri şərtdir. Bununla belə bu cür şübhə şəxsin həbsdə saxlanılmasının davam etdirilməsi üçün yetərli deyildir. Şəxsin həbsdə saxlanılmasına bəraət qazındırılması üçün əsaslı şübhə ilə yanaşı digər əsaslar da mövcud olmalıdır. Bu cür əsaslara cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq kimi əsasları aid etmək olar. Bununla belə həmin əsaslar real olmalı, yəni mötəbər məlumatlarla təsdiq olunmalıdırlar. Həbs qətimkan tədbiri müddətinin uzadılması zamanı məhkəmələr bunun üçün mövcud olan əsasları və onları təsdiq edən sübutları qərarlarında göstərməlidirlər.
17. Məhkəmələr nəzərə almalıdırlar ki, təqsirləndirilən şəxsin uzunmüddətli həbsi üçün tutarlı əsaslar yoxdursa, iş üzrə ehtimal həmişə şəxsin azadlığa buraxılmasının xeyrinə olmalıdır. Azadlığa buraxılmanın əsasları məhkəməyə qədərki bütün müddət ərzində istənilən vaxt tətbiq edilə bilər. Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndi nəzərdə tutur ki, şəxsin həbsdə saxlanılmasının davam etdirilməsinə haqq qazandırmaq mümkün olmadıqda, o azadlığa buraxılmalıdır. Həbsin əsaslılığı, hər bir işin xüsusiyyəti nəzərə alınmaqla, qiymətləndirilməlidir. Məhkəmələr öz qərarlarında azadlığa buraxılmanı rədd edən konkret əsasları təsdiqləyən faktlara və məlumatlara əsaslanmalıdırlar. Həmin qərarların əsasları, tərəflərin irəli sürdüyü arqumentlər də daxil olmaqla, müvafiq sənəddə öz əksini tapmalı, qərarın surəti təqsirləndirilən şəxsə və onun müdafiəçisinə verilməlidir.
18. Şəxsi azadlıqdan məhrum etmək üçün onun hüquq pozuntusu törətməsinə əsaslı şübhə olmalıdır. Yalnız belə hallarda azadlıqdan məhrum etmə kifayət qədər əsaslandırılmış və qanuni hesab olunur. Hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda əsaslı hesab oluna bilər. Əsaslı şübhə yalnız şəxsin əvvəllər hər hansı hüquq pozuntusu törətməsinə əsaslana bilməz.
19. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi barədə qərarlarında məhkəmələr Azərbaycan Respublikası CPM-in 446.2.5–446.2.10-cu maddələrində nəzərdə tutulan məsələlərə münasibətini dəqiq göstərməklə, qərarın qüvvədə olma müddətini qeyd etməlidirlər. Fərdlərin şəxsi həyatına müdaxiləyə yönəlmiş hər bir tədbir qanunvericilikdə nəzərdə tutulmuş ciddi şərt və prosedurlara cavab verməlidir.
Məhkəmələr nəzərə almalıdırlar ki, şəxsi həyata hər bir müdaxilə mütləq zəruri olmalı və bu ciddi ictimai tələbatın mövcudluğu ilə şərtlənməlidir.
20. Azərbaycan Respublikasının Konstitusiyasının 32-33-cü maddələrinə və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən «hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir». Məhkəmələr insan hüquqlarına müdaxiləyə icazə verilməsinin hər bir halında nəzərə almalıdırlar ki, müdaxilə nə qədər geniş və dərindirsə, ona bəraət qazandırılması üçün səbəblər də bir o qədər tutarlı olmalıdır.
21. Məhkəmələrə izah edilsin ki, şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, ailə sirri, şərəf və ləyaqəti qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın öz hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir.
22. Mətbuat, söz azadlığı ilə bağlı işlərə baxarkən məhkəmələr hüquqi dövlət quruculuğunda mətbuatın mühüm rol oynamasını nəzərə almalı, ona diqqət yetirməlidirlər ki, mətbuat ictimai fikri formalaşdırır, vətəndaşların hakimiyyət strukturları üzərində nəzarətini həyata keçirir, demokratik dəyərlərin yayılması üçün maarifçilik funksiyasını yerinə yetirir.
Fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ikinci abzasına müvafiq olaraq dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
24. İzah edilsin ki, işin məhkəmə baxışı zamanı Konvensiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olan halların aşkara çıxması məhkəmələrə Azərbaycan Respublikası CPM-in 355-ci və MPM-in 265-ci maddəsinə əsasən xüsusi qərar çıxarmasına əsas verir. Xüsusi qərarda hüquq və azadlıqların pozulmasına səbəb olan fakt və hallar vəzifəli şəxslərin nəzərinə çatdırılmaqla, pozulmuş hüquqların bərpası, onlara yol vermiş şəxslərin cəzalandırılması və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsini ehtiva edir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiyalarına tapşırılsın ki, Ali Məhkəmə Plenumunun qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında əvvəllər qəbul edilmiş qərarlarının «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri əsasında yenidən işlənməsi barədə müvafiq təkliflər hazırlasınlar.
Ramiz Rzayev,
Azərbaycan Respublikası
Ali Məhkəməsinin Sədri
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 6-cı bənddə 2-ci və 4-cü abzaslarında “mülki” sözündən sonra “və ya inzibati” sözləri əlavə edilmişdir.
[2]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 10-cu bənddə “MPM-nin 82-ci” sözlərindən sonra “və İPM-nin 78-ci” sözləri, sonuna yeni cümlə əlavə edilmişdir.
Göstərilən platformalarda paylaş: