ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

İddiaçı Əhməd Abdul oğlu Orucovun Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1542/2013 saylı iş üzrə qərarından verdiyi kasasiya şikayəti

26.09.2013, 12:35
İddiaçı Əhməd Abdul oğlu Orucovun Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1542/2013 saylı iş üzrə qərarından verdiyi kasasiya şikayəti
İddiaçı Əhməd Abdul oğlu Orucovun Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1542/2013 saylı iş üzrə qərarından verdiyi kasasiya şikayəti
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının
Q Ə R A R I
 
26 sentyabr 2013-cü il           iş № 2-2(102)-1166/13           Bakı şəhəri
 
       Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakimlər Zakir Quliyev - sədrlik edən və məruzəçi, Sevda Hüseynova və Xəqani Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Ramiz İbrahimovun və cavabdehin vəkili Lalə Rəhimlinin iştirakı ilə,
       İddiaçı Əhməd Abdul oğlu Orucovun Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1542/2013 saylı iş üzrə qərarından verdiyi kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
 
 m ü ə y y ə n   e t d i:
 
       İddiaçı Əhməd Abdul oğlu Orucov (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra mətndə cavabdeh) qarşı Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azadlıq Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin təsdiq edilməməsi haqqında cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli, 26/148 nömrəli qərarının qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir.
       Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1519/2013 (hakimlər - M.Tağızadə sədrlik edən və məruzəçi, N.Mustafayev və K.Abiyeva) qərarı ilə iddiaçı Əhməd Abdul oğlu Orucov cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli 26/148 nömrəli qərarınınn ləğv edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
       Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 14 sentyabr 2013-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərinə namizədliyinin qeydə alınması ilə bağlı yeni qərarın qəbul edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir.
       Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 sentyabr 2013-cü il tarixli № 2-2(102)-1519/2013 (hakimlər R.Nəbizadə - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) saylı qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 14 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1519/2013 saylı qərarının ləğv edilməsi, Oruc Abdul oğlu Əhmədovun kasasiya şikayəti qismən təmin edilməsi, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır.
       Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1542/2013 (hakimlər - H.Həmidov sədrlik edən və məruzəçi, H.Xəlilov və E.Vəliyeva) qərarı ilə iddiaçı Əhməd Abdul oğlu Orucov cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli 26/148 nömrəli qərarının ləğv edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
 
 i ş i n   h a l l a r ı:
 
       İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09 oktyabr 2013 ildə keçiriləcək Prezident seçkilərində iştirak etmək üçün namizədliyi Azadliq Partiyası tərəfindən irəli sürülmüşdür. 08 sentyabr 2013-cu ildə o, 43.413 imzadan ibarət 877 imza vərəqini namizədliyini qeydə almaq üçün MSK-ya təqdim etmişdir. O və onun səlahiyyətli nümayəndələri MSK-ya müraciət edərək, imzaların düzgünlüyünün yoxlanılması zamanı İşçi qrupunun iclasında iştirak etmək istədiklərini bildirmişlər. Lakin imza vərəqləri yoxlanarkən onlara bu barədə heç bir məlumat verilməmişdir. 12 sentyabr 2013-cü ildə MSK onun namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı 26/148 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən, imzaların 37 mindən çoxu etibarlı, 7000-i etibarsız sayılmışdır. MSK qanunvericiliyin tələbini pozaraq onun MSK-nın iclasında iştirakını təmin etməmişdir. MSK nəinki ona və ya nümayəndəsinə məlumat vermiş, əksinə nümayəndəsi iştirakının təmin olunması barədə özü MSK-ya müraciət etmişdir. Lakin MSK qanunsuz olaraq, bundan imtina etmişdir. MSK ona və səlahiyyətli nümayəndəsinə xəbər vermədən, onların iştirakını təmin etmədən, onları məlumatsız saxlamaqla sənədlərin yoxlanılması prosesindən uzaqlaşdıraraq qərar qəbul etmişdir. Seçki Məcəlləsinin 59.3-cü maddəsindən göründüyü kimi, qanunvericilik namizədliyin qeydə alınması prosesində sənədlərdə problemlərin ola bilməsini, istər sənədlərin kəmiyyətinə görə, istər təyinatına, məzmununa, əldə edilmə qaydasına və mənbələrinə görə, onların kifayət qədər müxtəlif olduqları səbəbindən çoxsaylı qüsurların ortaya çıxa biləcəyini nəzərə alaraq, bu qüsurların, xüsusilə də formal qüsurların namizədlərin qeydə alınmasında lüzumsuz maneəyə çevrilməsinin qarşısını almaq üçün tədbirlər nəzərdə tutur. Eləcə də, Seçki Məcəlləsinin 60.4-cü maddəsinə əsasən bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafıq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Müvafiq olaraq Seçki Məcəlləsinin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər qismində, imzaların sayının və təqdim edilmiş sənədlərin çatışmazlığı, sənədlərin məzmununda (mahiyyətində) deyil, rəsmiləşdirilməsində olan qüsurlar göstərilib. Seçki Məcəlləsinin 60.4-cü maddəsində deyilir: Bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanı, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; Seçki Məcəlləsinin 60.2.4-cü maddələrinə əsasən namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; Əvvəla, prosesin şəffaflığını və ictimai nəzarətini təmin etmək üçün, namizədin, siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndəsinin, bir sözlə qərarın maraqlarına toxunula biləcəyi subyektlərin yoxlama prosesinə qatılmasını, buna şərait yaratmağı qanunverici öhdəlik kimi seçki orqanın üzərinə qoyur, onların bu hüququndan imtina etməyə, ondan geri çəkilməyə imkan verilmir. Hər xırda qüsurun özünün maneəyə çevrilməsinin, seçki orqanlarının əlində manipulyasiya vasitəsinə çevrilməsinin qarşısını almaq üçün qanunvericilik namizədliyin qəbulundan imtina üçün qəti əsaslar müəyyən edir. Lakin aşkar edilərsə, qüsurların aradan qaldırılmasında operativliyi təmin etmək üçün, bu zaman namizədliyinin qeydə alınmasında maraqlı olan şəxsin özünün də prosesə cəlb edilərək aktivliyini təmin etmək məqsədilə qanunvericilik qabaqcadan onların xəbərdar edilməsini nəzərdə tutur. Seçki Məcəlləsinin 60.4-cü maddəsi imzalardakı “səhvlərə” görə imzanın etibarsız sayılması ilə bağlı MSK-nın gətirdiyi bu əsası rədd edir, rəsmiləşdirmə qaydalarının pozuntusunun düzəldilməsi imkanını namizəd üçün tanıyır. Qanunun mənasına görə, hüquqi baxımdan düzəldilə bilən heç bir səhv imtina üçün əsas ola bilməz. Sadəcə ərizəçi və onun nümayəndəsinə isə bu düzəlişlərlə bağlı məsələni həll etmək imkanı verilməmişdir. İstənilən hərf səhvi və digər texniki və s. qüsurlar düzəlişlərlə aradan qaldırıla bilər. İstənilən düzəliş təsdiqlənə bilər. Bu hal, namizədə və nümayəndəsinə belə hesab etməyə imkan verir ki, həmin imzalar elə işçi qrupunun iclasında bu qədər müdaxiləyə məruz qala bilərdi. Ən azından işçi qrupunun iclasında müdaxilə olub-olmadığını MSK heç nə ilə əsaslandıra bilməz, xüsusən də şəffaflığı, nümayəndənin həm imzaları yoxlayan işçi qrupunun iclasında iştirakını, həm də MSK-nın 26/148 saylı qərarının qəbulu ilə nəticələnmiş iclasında iştirakını təmin etməkdən şübhəli və qərəzli şəkildə yayındığı halda. Üstəlik də, imza vərəqələrində 7000-dən çox imzanın bu əsasla qüsurlu çıxması inandırıcı deyildir. İstənilən halda, düzəlişlərin və onların təsdiq edilməməsi, qüsur sayılan hallın özü qəsdən buraxılmayan düzəldilə bilən hal sayılır. Rəsmiləşdirmə qaydasının qüsuru sayıla bilən hallar kimi həmin düzəlişlərin yoxlanmasına, yoxlanılıb təsdiq edilməsinə isə imkan verilməmişdir. MSK qanunvericiliyin həmin maddələrdə nəzərdə tutduğu həm şəffaflıq, həm nəzarət, həm də operativlik barədə normasını yerinə yetirməmişdir.
       İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir.
       İddiaçı Əhməd Abdul oğlu Orucov iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarından narazı qalaraq ondan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına kasasiya şikayəti vermiş və şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1542/2013 saylı 21 sentyabr 2013-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərinə namizədliyinin qeydə alınması ilə bağlı yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
 
k a s a s i y a   ş i k a y ə t i n i n   d ə l i l l ə r i:
 
       İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi 21 sentyabr 2013-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən təyin olunan ekspertiza 12 saatdan az müddət ərzində 383 ədəd imza vərəqəsindəki imzaları yoxlayaraq rəy vermişdir. Bildirilir ki, bu qədər imzaların 4 ekspert tərəfindən 12 saatdan az müddətə yoxlanılması mümkün deyil. Çünki “Dövlət ekspertiza fəaliyyəti haqqında” Qanunu ilə müəyyən edilir ki, ekspertiza təxminən 1 ay müddət çəkir. Məhkəmə təcrübəsi isə göstərir ki, xətşünaslıq ekspertizası bəzən 1 ay müddətdən çox çəkir və imzalar yoxlanılan zaman detallı olaraq rəy bildirilir ki, hansı imza hansı əsasa görə digəri ilə oxşardır. Lakin hazırkı ekspert rəyində bu səthi olaraq göstərilmiş və məhkəmə də bunu mötəbər sübut hesab etmişdir. Bundan başqa, MSK tərəfindən təsdiq edilmiş “Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında Əsasnamə”yə əsasən İşçi Qrupun tərkibindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər dövlət orqanlarının ekspertləri təmsil olunurlar. Burada isə maraqların toqquşması prinsipi yaranır. Belə ki, MSK-nın tərkibində Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən rəy verildiyi halda yenidən ekspertizanın həmin Mərkəzə göndərilməsi işin obyektiv araşdırılması hesab edilə bilməz. Digər bir məsələni də məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyərdik ki, “Dövlət ekspertiza fəaliyyəti haqqında” Qanuna əsasən ekspert rəyinin medodolgiyası rəydə açıq və hərtərəfli olaraq göstərilməlidir. Hesab olunur ki, göstərilən maddi hüquq normalarına məhkəmə tərəfindən istinad olunaraq düzgün verilməməsi ilə bərabər məhkəmə prosessual normaları pozmuşdur. Belə ki, İPM-nin 58.2-ci maddəsinə görə, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Lakin hazırki işdə əsas məsələ olan imzaların oxşarlığının yoxlanılması əsaslı araşdırılmamış və 12 saat müddət ərzində yoxlanılan imzalar ilə bağlı formal rəy verilmişdir.
       Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə işi cavabdehin xeyrinə birtərəfli araşdıraraq əsaslandırılmamış qərar qəbul etmiş, Seçki Məcəlləsinin və İnzibati Prosessual Məcəllənin müvafiq normalarını tətbiq edərək şikayəti təmin etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən o, kasasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2013-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə namizədliyinin qeydə alınması ilə bağlı yeni qərar qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir.  
       Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.İbrahimov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2013-cü il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2013-cü il tarixli qərarın isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir.
       Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili L.Rəhimli də, cavabdehin nümayəndəsi R.İbrahimovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2013-cü il tarixli qərarın isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir.
İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır.
       Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin və vəkilinin izahat və çıxışlarını dinləyib, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
 
h ü q u q i   m ə s ə l ə l ə r :
 
       Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinin tələbinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
       Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
       Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının kasasiya şikayəti əsasında hazırkı mübahisə ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanun normalarının düzgün tətbiq-edilib edilməməsi ilə bağlı aşağıdakıları qeyd edir.
       İşdə olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının12 sentyabr 2013-cü il tarixli, 26/148 nömrəli qərarından görünür ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
       Qərarda qeyd edilmişdir ki, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 11 sentyabr 2013-cü il tarixli Protokoldan və həmin tarixli rəylərdən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.
Mərkəzi Seçki Komissiyasının 8/67 saylı, 02.08.2013-cü il tarixli qərarı ilə 09 oktyabr 2013-cü ilə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun təqdim etdikləri imza vərəqələrində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə işçi qrupu yaradılmışdır.
       Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,  Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupunun ekspertləri Ağayeva Ülviyyə Qoşun qızı və Nəsirov Zaur İmran oğlu tərəfindən 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun namizədliyinin qeydə alınması üçün partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması üzrə tədqiqat aparılmışdır.
       Həmin rəydən müəyyən olunur ki, təqdim olunmuş 07 ədəd qovluqdakı 877 ədəd imza vərəqələrindən yoxlanılmış 383 ədəd imza vərəqəsinin “İmza və onun qoyulduğu tarix” qrafalarındakı 19.150 ədəd imzalardan 7.331 ədəd imza 693 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra olunmuşdur.
       Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.4-cü maddəsinə görə müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar etibarsız sayılır.
       Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupunun mütəxəssisi Mustafayev Rövşən Saleh oğlu tərəfindən 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun namizədliyinin qeydə alınması üçün partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş imza vərəqələrindəki məlumatların düzgünlüyünün yoxlanılması üzrə tədqiqat aparılmışdır.
       Qeyd olunan rəydən müəyyən olunur ki, təqdim olunmuş 07 ədəd qovluqdakı 877 ədəd imza vərəqələrindən 939-u şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlar müxtəlif səbəblərə (şəxsiyyət vəsiqəsinin verilmə tarixinin göstərilməməsi, anket məlumatının göstərilməməsi, təvəllüdün göstərilməməsi, 18 yaşına çatmayan şəxslər tərəfindən imzalanması) görə düzgün deyildir.
       İmza vərəqələrindəki imza vərəqələrində olan məlumatların və imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun 11 sentyabr 2013-cü il tarixli protokolunun məzmunundan aydın olur ki, 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun namizədliyinin qeydə alınması üçün partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş  877 imza vərəqəsindəki 43.413 imzadan 19.150 imza yoxlanılaraq, həmin imzalardan 7.578, o cümlədən yoxlanılmış imzalara görə etibarsız hesab edilmiş imzaların sayı 6.638 imza, şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumat göstəricilərin yoxlanılmasına görə 939 imza etibarsız hesab edildiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.4-cü maddəsinin tələbinə əsasən yoxlama nəticəsində namizədliyin qeydə alınması üçün etibarlı hesab edilən imzaların sayı kifayət etmədiyindən imzaların yoxlanılması prosesi tam başa çatdırılmayaraq dayandırılmışdır.
       Məhkəmə kollegiyası iddiaçı tərəfindən onun namizədliyinin qeydə alınması üçün təqdim olunmuş 877 ədəd imza vərəqəsindən yoxlanılmış 383 ədəd imza vərəqəsindəki imzalara dair MSK-da fəaliyyət göstərən işçi qrupunda aparılan yoxlamanın düzgünlüyünü mübahisləndirməsini nəzərə alaraq, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.
       Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Əminə İbrahimovanın, Mətanət Muradovanın, Aydın Əliyevin və Nəsimi Əfəndiyevin 21 sentyabr 2013-cü il tarixli, 16566 nömrəli rəyindən görünür ki, tədqiqatın nəticəsində ekspertizaya təqdim olunmuş, Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürmüş Orucov Əhməd Abdul oğlunun namizədliyinin müdafiəsi üçün təqdim edilmiş imza vərəqələrindən 07 ədəd qovluqdakı 383 ədəd imza vərəqəsinin “İmza və onun qoyulduğu tarix” qrafalarındakı imzalardan 8.420 imza 819 qrup olmaqla eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyinə əlavə edilmiş cədvəldə nəticədə göstərilən imzaların dəqiq yeri göstərilmişdir.
       Bu qənaətini apelyasiya instansiyası məhkəməsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.4-cü maddəsinin tələblərinə görə seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
       Belə olan halda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. 
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.6-cı maddəsinə əsasən imza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.
       Həmin Məcəllənin 59.7.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.4-cü maddəsinə görə müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar qeyri-düzgün imzalar hesab edilir.
Həmin Məcəllənin 60.2, 60.2.2 və 60.2.4-cü maddələrinə müvafiq olaraq bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasdır.
       Həmin Məcəllənin  59.12-ci maddəsinə əsasən bu Məcəllənin 59.6-59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.
       Həmin Məcəllənin 181.1-ci maddəsinə görə siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
       Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə müvafiq olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
       Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyindən də görünür ki, 8.420 imza 819 qrup olmaqla eyni şəxs tərəfindən icra olunmuşdur.
        Göründüyü kimi, qalan imzaların sayı namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan 40.000 etibarlı imza sayından az olduğundan bu hal iddiaçının namizədliyinin qeydə alınmasından imtina üçün əsasdır
       Bu imzaların etibarsızlığı nəticəsində isə qanunla tələb olunan 40.000 seçici imzasının toplanması barədə hədd təmin edilmir.
       Belə ki, apelyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.6-59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzaların sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.
Lakin iddiaçı tərəf işçi qrupunun rəyinin ehtimal üzərində qurulduğunu bildirsə də, həmçinin iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə razılaşmasa da, bu rəylər təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiaçının namizədliyinin qeydə alınması barədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
Belə olan halda, cavabdeh tərəfindən Seçki Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edilmiş 12 sentyabr 2013-cü il tarixli qərar qanuni və əsaslı hesab olunmalıdır.
       Bundan başqa apelyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində imza vərəqlərinin və digər sənədlərin yoxlanılması prosesində özünün və ya nümayəndəsinin iştirakının təmin olunması barədə MSK-ya müraciət etməsi, lakin MSK-nın qanunsuz olaraq, bundan imtina etməsini göstərsə də, həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında sənədlərin qəbulu zamanı imzaların yoxlanılmasında iştirak etmək hüquqlarının olması barədə iddiaçının səlahiyyətli nümayəndəsinin MSK-nın əməkdaşları tərəfindən məlumatlandırılması, lakin onların bu hüquqlarından istifadə etmədiklərini bildirdi.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.3-cü maddəsində imza vərəqələrinin yoxlanılması haqqında həmin maddədə göstərilən şəxslərin məlumatlandırılmasının xüsusi qaydası (yazılı və s.) nəzərdə tutulmadığından məhkəmə kollegiyası həmin şəxslərin şifahi qaydada məlumatlandırılmasını həmin maddənin pozuntusu kimi qiymətləndirmir.
       Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi öz qərarında həmçinin qeyd edir ki, iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin imzaların yoxlanılmasında iştirak edib-etməməsindən asılı olmayaraq, onun təqdim etdiyi seçici imzalarının nümunələrinin yuxarıda qeyd edilənlərə əsasən bir qisminin etibarsızlığı müvafiq sənədlərlə və iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq edildiyindən və etibarlı sayılmış imzalar onun namizədliyinin qeydə alınması üçün yetərli olmadığından bu hal MSK-nın mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsas ola bilməz.
       Beləliklə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 60.2.4-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması irəli sürülmüş namizədin qeydə alınmasından imtina üçün əsas təşkil etdiyindən hazırki iş üzrə iddia tələbi təmin edilə bilməz.
       Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apelyasiya instansiyasının iş üzrə gəldiyi bu qənaəti ilə də razılaşır.
       Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
       Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
       Beləliklə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası işin araşdırılan hallarına əsasən apelyasiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəlməsini, nəticəyə gələrkən qüvvədə olan maddi və prosessual hüquq normalarına riayət etməsini, eləcə də hazırkı halda iddiaçının kasasiya şikayətində göstərilən dəlillərin iş üzrə düzgün və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün yetərli olmamasını əsas götürüb hesab edir ki, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının kasasiya şikayəti təmin edilməməlidir.
 Göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 68, 96.8-ci maddələrinə əsasən məhkəmə kollegiyası
 
q ə r a r a   a l d ı:
 
İddiaçı Əhməd Abdul oğlu Orucovun kasasiya şikayəti təmin edilməsin.
İş üzrə  Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1542/2012 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
 
Sədrlik edən:
Hakimlər:
                                              Əsli ilə düzdür.
    Hakim                   Zakir Quliyev.