"İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair"
10.04.2015, 12:35İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
10 aprel 2015-ci il № 5 Bakı şəhəri
21 oktyabr 2005-ci il tarixdə qəbul edilmiş «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ölkəmizin hüquq sistemində yenilik yaratmışdır.Hər iki qanunvericilik aktı 01 yanvar 2011-ci il tarixdən qüvvəyə minmişdir.
İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L I R:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.
1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir.
3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir.
3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır.
3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər.
4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.
5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.
5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər.
6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir.
8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
10.1. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır.
10.2. Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
15.1. Məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər.
15.2. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır(İPM-in 25 və 26-cı maddələri).
15.2. Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır.
15.3. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz.
15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
15.7. Dövlət və bələdiyyə orqanları, ancaq qanunla onlara səlahiyyət verildiyi hallarda inzibati işlərdə iddiaçı qismində çıxış edə bilərlər.
16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir.
16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir.
16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir.
16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.
16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir.
16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri Ramiz Rzayev
Göstərilən platformalarda paylaş: