Kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərtinin etibarsız olmasına dair Mülki və Kommersiya kollegiyalarının Qərardadı qəbul edilmişdir.
16.12.2022, 12:43
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki və Kommersiya kollegiyaları
Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə
Q Ə R A R D A D
№ 03/2022
14 dekabr 2022-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları,
Mülki Kollegiyanın sədri Hacıyev Sənan Firudin oğlunun sədrliyi və hakimləri Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlu, Əhmədova Mehparə Tofiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu, Əliyev Zaur Əli oğlu, Vəliyeva Elşanə Rafiq qızı, Əhmədov Əhməd Abbas oğlu, Abbasov Aqil Əzizağa oğlu, Həsənov Vüqar Təvəkgül oğlu, Şamayev Elşad Yaquboviç, Şəfiyev İspəndiyar Əsəd oğlu,
Kommersiya Kollegiyasının sədri Abiyeva Kəmalə Nəbi qızı və hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə,
Şükürov Royal Elman oğlunun katibliyi ilə,
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi 2022-ci il 13 sentyabr tarixli təqdimatı əsasında mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxaraq aşağıdakıları müəyyən etdi.
Mübahisəli hüquqi məsələnin məzmunu
1. Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “əmək haqqının yarısından artıq hissəsinin akseptsiz qaydada tutulmasının qadağan edilməsi tələbinə dair” mülki iş vardır.
2. Mülki işin hallarından göründüyü kimi, bank kredit borcunun təminatçısı kimi zaminin əmək haqqının tam hissəsinə tutma yönəltmiş və bunun əsası kimi aralarında bağlanmış zaminlik müqaviləsinin 9-cu bəndinə istinad etmişdir. Həmin bəndə əsasən, zamin bu müqaviləni imzalamaqla kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borcların zaminin sərəncamı olmadan akseptsiz qaydada (əlavə razılığı olmadan) onun istənilən bank hesabından bank tərəfindən tutulmasına (silinməsinə) razılıq bildirmişdir. Hazırkı iddia ilə iddiaçı (zamin) əmək haqqının yarısından artıq hissəsinin akseptsiz qaydada tutulmasının onun konstitusion hüquqlarını (yaşamaq, əmək və s.) pozduğunu bildirərək, məhkəmə tərəfindən cavabdehə qadağan edilməsini tələb etmişdir. Cavabdeh (bank) isə iddiaya etiraz edərək, müqavilə azadlığı prinsipinə istinad etmişdir.
3. İşə kassasiya qaydasında baxılarkən kassasiya şikayətinin dəlilini təşkil edən məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur.
4. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasında əvvəllər oxşar mübahisələr üzrə qəbul edilmiş qərarlarda qeyd edilmişdir ki, borclu (borc alan və ya zamin) ilə bank arasında bağlanmış müqaviləyə əsasən kreditora müqavilə üzrə yaranmış borcu əmək haqqının tam hissəsini akseptsiz qaydada tutmaq (silmək) hüququnun verilməsi mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində yolveriləndir.
5. Digər hüquqi mövqe isə ondan ibarətdir ki, kreditora borclunun əmək haqqını bütövlükdə silməyə imkan verən müqavilə şərti borclunun təməl konstitusion hüquqlarına, eyni zamanda əmək qanunvericiliyinə zidd olmaqla, etibarsız şərtdir. Ona görə də, kreditorun həmin müqavilə şərtinə istinadən borclunun bütün əmək haqqını akseptsiz qaydada silməsi əsaslı sayıla bilməz.
6. Göründüyü kimi, məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmalar mövcud olduğundan, qeyd edilən hüquqi məsələyə dair qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranmışdır.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
8. Bu məqsədlə Ali Məhkəmənin sədri tərəfindən hazırda işə baxan Mülki kollegiyanın məhkəmə tərkibinin təqdimatı təmin edilərək, hüququn tətbiqi üzrə qeyd edilən mübahisəli hüquqi məsələ Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərin müzakirəsinə çıxarılmışdır.
Məhkəmə tərkibinin mövqeyi
9. Məhkəmə tərkibi hesab edir ki, borca görə kreditor tərəfindən borclunun bütün əmək haqqının akseptsiz qaydada silinməsinin mümkün hədlərinə qiymət vermək üçün ilk növbədə hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra Konstitusiya) ilə təsbit edilmiş konstitusion hüquqlarının mahiyyəti, eyni zamanda mülki qanunvericiliyin məqsədi, vəzifələri və prinsipləri, həmçinin müvafiq münasibətləri tənzimləyən normaların təyinatı, müqavilə azadlığı, əqdlərin etibarlılıq şərtləri əlaqəli şəkildə nəzərdən keçirilməlidir.
10. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
11. Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
12. Şəxsin əmək hüququ onun konstitusion hüquqlarından biridir. Konstitusiyanın 35-ci maddəsində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Heç kəs zorla işlədilə bilməz.
13. Beləliklə, əhalinin rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin, habelə əmək hüquqlarının təmin edilməsi dövlətin insan hüquq və azadlıqlarının qorunmasına dair əsas məqsədlərinə daxildir və bu hüquqların məhdudlaşdırılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada mümkündür.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 176.1-176.3-cü maddələrinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
15. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 - 65.3-cü maddələrinin tələblərinə görə, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.
16. Göründüyü kimi, əmək qanunvericiliyi şəxsin əmək haqqından tutulmaların aparılması hədlərini konkret əsaslar istisna olmaqla əmək haqqının 20 faizi həcmində məhdudlaşdırmışdır. Bu qaydanın tətbiq olunmasında əsas məqsəd şəxsin sosial müdafiəsini təmin etməklə ona yaşayış üçün minimum dolanacaq imkanı verməkdir.
17. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində mülki dövriyyənin sabitliyini və azadlığını təmin edən ən başlıca hüquqi vasitədir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllə, maddə 6.1.2 və 6.1.5).
19. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər (Mülki Məcəllə, maddə 6.2).
20. Lakin qanunverici tərəflərin mülki hüquqlarını iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri əsasında həyata keçirməsini də, müəyyən qanuni hədlərlə məhdudlaşdırmışdır. Belə ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və məhz qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllə, maddə 6.2). Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər (Mülki Məcəllə, maddə 6.3).
21. Göründüyü kimi, qanunverici mülki hüquq subyektləri arasında onların sərbəstliyi əsasında bağlanmış, lakin qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini etibarlı şərtlər kimi qəbul edir.
22. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllə, maddə 337.1, 337.3, 337.4)
23. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı, olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən və qanunvericiliyə zidd olmayan şərtlərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, şəxsiyyətə və məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
24. Eyni zamanda hazırki hüquqi müzakirənin əsasında dayanan mülki işin xarakteri baxımından o da nəzərə alınmalıdır ki, qanunvericiliyin istehlakçı hüquqlarını tənzimləyən normaları onların hüquqlarını qanunda nəzərdə tutulandan artıq həddə məhdudlaşdıran müqavilə şərtlərinin etibarsızlığı barədə xüsusi qayda müəyyən etmişdir.
25. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır.
26. Ona görə də kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə ziddir.
27. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlir ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsızdır.
28. Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 418-1.1-ci maddəsini rəhbər tutub, kassasiya instansiyası məhkəməsində icraat zamanı aşkar edilmiş mübahisəli hüquqi məsələyə baxaraq
Q Ə R A R A A L D I:
Kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır.
Qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində dərc edilsin.
Sədrlik edən Sənan Hacıyev
Göstərilən platformalarda paylaş: