Milli Məclisin müzakirəsinə təqdim edilmiş Mülki-Prosessual Məcəlləyə dəyişikliklər layihəsində mütərəqqi konseptual yeniliklər öz əksini tapmışdır
25.06.2021, 19:002021-ci il iyunun 25-də Azərbaycan Respublikasının Milli Məclisində Mülki-Prosessual Məcəlləyə dəyişiklik edilməsi haqqında Qanun layihəsi müzakirə edilmişdir.
Qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən istifadə etmək, ədalət mühakiməsi mexanizmlərinin daha effektiv fəaliyyətini təmin etmək məqsədilə hazırlanmışdır.
Qanun layihəsinin hazırlanması çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya və birinci instansiya məhkəmələrinin, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təklifləri toplanaraq müvafiq işçi qrupunda təhlil edilmiş, xarici dövlətlərin və beynəlxalq məhkəmələrin qabaqcıl təcrübəsi, habelə Dünya Bankının “Doing Business” layihəsi üzrə tövsiyələri nəzərə alınaraq mülki prosessual qanunvericiliyin təkmilləşdirilməsi üçün mütərəqqi müddəalar işlənib hazırlanmışdır.
Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş müzakirələrdə işçi qrupun üzvləri olan Ali Məhkəmənin hakimləri iştirak edərək Milli Məclisin deputatlarının suallarını cavablandırmışdırlar. Qeyd edilmişdir ki, layihə Mülki Prosessual Məcəllənin fəlsəfəsini əhəmiyyətli dərəcədə dəyişən, konseptual yenilikləri nəzərdə tutur.
Belə ki, məhkəmələrdə işin baxılmağa hazırlanması mərhələsi yenidən işlənmiş, dəyişikliklər işlərə məhkəmə iclasında daha səmərəli şəkildə baxılmasının təmin edilməsinə yönəlmişdir. Tərəflərin tələblərinin və sübutların qabaqcadan bəlli olan müddətlərdə bir-birinə və məhkəməyə verməsi, öz arqumentlərini daha əsaslı surətdə hazırlayaraq təqdim etməsi məhkəməyə tərəflərin mövqeyini daha dəqiq öyrənməyə imkan verəcəkdir ki, bu da son nəticədə məhkəmə qərarlarının keyfiyyətinin artırılmasına səbəb olacaqdır.
Bundan əlavə, layihəyə əsasən bir sıra hallarda məhkəmələrdə işlərə yazılı icraat qaydasında baxılması qaydaları müəyyən edilmişdir. Yazılı icraatın tətbiqi tərəflərin məhkəməyə təqdim etdiyi prosessual sənədlərin keyfiyyətinə tələbkarlığı artırmaqla yanaşı məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların da qarşısını alacaqdır.
Layihədə nəzərdə tutulmuş növbəti yenilik proses iştirakçılarına məhkəməyə gəlmədən videokonfrans əlaqə sistemindən istifadə edilməklə mülki işlər üzrə icraatda iştirak etmək imkanını nəzərdə tutur. Həmçinin layihəyə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişlənməsinin növbəti mərhələsi onun istifadəçiləri üçün sənədlərin daha sürətli və rahat mübadiləsini və digər üstünlükləri təmin edəcəkdir.
Qanun layihəsi mülki proses zamanı tətbiq edilən təminat tədbirlərinin tətbiqi qaydalarını daha müfəssəl tənzimləməklə, belə tədbirlərin tətbiqində çevikliyin artırılmasına, eyni zamanda daha əsaslandırılmış qərarların qəbul olunmasına, bu tədbirlərdən sui-istifadə edilməsi imkanlarının azaldılmasına səbəb olacaqdır.
Hüquq ictimaiyyəti arasında geniş müzakirəyə səbəb olmuş məhkəmə cərimələri ilə bağlı müddəalara da iclas zamanı aydınlıq gətirilmişdir.
Belə ki, Mülki-Prosessual Məcəllənin mövcud redaksiyasında məhkəmə prosesini ləngitməyə yönəlmiş etirazın verilməsinə görə məhkəmə prosesi iştirakçılarının cərimələnməsi nəzərdə tutulur. Həmçinin, Məcəllənin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən müəyyən məbləğ tuta bilər.
Məcəlləyə təklif edilən redaksiyada isə nəzərdə tutulur ki, nəinki əsassız iddia, həmçinin açıq-aşkar əsassız vəsatət və ya şikayət verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəf, onun nümayəndəsi və ya vəkili 500 manatadək cərimə edilə bilsin.
Göründüyü kimi, təklif edilən bu dəyişiklik qüvvədə olan normanı dəqiqləşdirir, hətta vəsatətin əsassız hesab edilməsi üçün mövcud olan tələbi, standartı sərtləşdirir. Bununla yanaşı, vəsatət vermək hüququndan sui-istifadə edən subyektdən tutula biləcək məbləğin yuxarı həddi müəyyən edilir. Dəyişikliyin məqsədi məhz məhkəmə prosesinin süni surətdə yubadılması hallarını aradan qaldırmaq, bununla da ədalət mühakiməsinin səmərəliliyini artırmaq və vətəndaşların məhkəmə müdafiəsi hüququnu daha dolğun şəkildə təmin etməkdir.
Bəzi hüquqşünasların yuxarıda sadalanan konseptual dəyişiklikləri diqqətdən kənar qoyulmaqla, cərimə ilə bağlı dəqiqləşdirmə xarakterli dəyişikliyə həddindən artıq kəskin reaksiya verilməsi təəccüb doğurur.
Ali Məhkəmə mütəmadi olaraq hüququn inkişafına xidmət edən məsələləri hüquq ictimaiyyətinin müzakirəsinə çıxararaq qanunvericiliyin və məhkəmə təcrübəsinin təkmilləşdirilməsinə yönəlmiş təklifləri təqdim etməyə dəvət edir. Təəssüflə qeyd edilməlidir ki, bəzi hüquqşünaslar hüququn inkişafına əsl töhfə vermək əvəzinə, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən çıxışlar etməyə üstünlük verirlər.
Göstərilən platformalarda paylaş: