ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında

04.03.2011, 12:35
Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında
Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında

PDF Word

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət

işləri üzrə məhkəmə təcrübəsi haqqında”
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin  Plenumunun
Q Ə R A R I
“04” mart 2011-ci il     № 2   Bakı şəhəri


Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan  cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran  narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.
Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla  bu cinayətlərə qarşı mübarizədə  öz üzərinə mühüm vəzifələr götürmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Proqram” təsdiq edilmişdir.
Proqramda tövsiyə olunan tədbirlərin icrası ilə əlaqədar son beş ildə respublika üzrə bu kateqoriyalı işlərlə bağlı cinayətkarlığın dinamikasına dair məhkəmə statistikası təhlil edilmiş, bu sahədə qanunvericiliyin məhkəmələr tərəfindən  düzgün  və eyni cür tətbiq olunmasına köməklik göstərmək və belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin müəyyən edilməsi üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar respublikanın məhkəmələri tərəfindən 2009-cu ildə baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsi öyrənilərək ümumiləşdirilmişdir. 

İşlərin öyrənilməsi göstərir ki, məhkəmələr tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və  onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət  işlərinə baxılarkən qanunvericiliyin tələblərinə əsasən düzgün əməl edilmişdir.
Bununla yanaşı Plenum qeyd edir ki, bəzi məhkəmələr bu qəbildən olan işlərə baxarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, bir sıra hallarda bu cinayətlərin bütün iştirakçılarının müəyyən olunmasına, narkotik vasitələrin əldə edilmə mənbəyinin aşkar edilməsinə kifayət qədər diqqət yetirilməmiş, təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifində və cəza təyini məsələlərində səhvlərə yol verilmiş, bu növ cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə və qarşısının alınmasına lazımı səviyyədə səy göstərilməmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə qanunvericiliyin  məhkəmələr tərəfindən düzgün  və eyni cür tətbiq olunmasını, vahid  məhkəmə təcrübəsinin formalaşdırılmasını  təmin  etmək məqsədi ilə  Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79 və 80-cı maddələrini rəhbər tutaraq

QƏRARA  ALIR:

1.    Məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına  ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin.

2.    Məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”  28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş  anlayışlara dair müddəalar tətbiq edilsin.

3.    Şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

4.    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin,  eləcə də məhsul  yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.
Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən  edildikdə mümkündür. Qanunun  21.1-ci maddəsinə görə  narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı  şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin  və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.
Narkotik vasitələrin və psixotrop  maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və   psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.

5.    Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. 

Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. 
Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır.
6.    Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. 

Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. 
Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 

Narkotik vasitələrin və  psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı  müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır.  

7.    Məhkəmələrin diqqətinə çatdırılsın ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun  2005-ci il  tarixli Qanunda narkotik vasitələrin emalı və istehsal edilməsi anlayışlarına ayrıca şərh verilməmiş, onların emalı və istehsalı ilə bağlı hərəkətlər narkotik vasitələrin hazırlanması anlayışına daxil edilmişdir.

Bununla əlaqədar məhkəmələrə izah olunsun ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər, belə maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), bu maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə  narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər  başa düşülməlidir.
Xaşxaş bitkisinin qozalarından südə bənzər şirənin alınması da narkotik vasitələri qanunsuz hazırlama hesab olunur.

Şəxsə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlamağa və ya emal etməyə görə ittiham irəli sürülərkən hazırlanmış və ya emal olunmuş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilib-edilməməsi, onun istehlak və istifadə üçün hazır olub-olmaması, kənar qatışıqlardan təmizləndikdən sonra preparatda narkotik vasitələrin və psixotrop maddələrin hansı qatılıqda olması müəyyənləşdirilməlidir.

8.    Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir.

Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz.

9.    Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
Təqsirkarın  narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 

10.    Məhkəmələrə izah edilsin ki, CM-in 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır.

Məhkəmələrə eyni zamanda izah edilsin ki, CM-in 234.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin yaranması üçün prekursorları hazırlamış, əldə etmiş, saxlamış, göndərmiş və ya daşımış şəxsin tamah niyyətinin və ya sair marağının olub-olmaması əhəmiyyət kəsb etmir.
Bu maddə ilə əməlin tövsifi məsələləri ilə əlaqədar məhkəmələrə həm də izah edilsin ki, hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə şəxsin özünün satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu maddələrin miqdarından asılı olaraq CM-in müvafiq olaraq 234.2 və 234.4.3-cü maddələrinin tərkibi ilə əhatə olunduğundan həmin maddələrlə tövsif edilməli və belə əməllərin cinayətlərin məcmusu qaydasında əlavə olaraq CM-in 234.3-cü maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur.
Hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə şəxsin satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddə hazırlaması, istehsal etməsi və ya emal etməsi əməli yalnız CM-in 234.3-cü maddəsinin tərkibini yaradır və həmin əməlin cinayətlərin məcmusu qaydasında əlavə olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur.           
11.    Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil  dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur.
 İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir.
    Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir.
Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır.     
Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.      
Prekursorları göndərən və ya satan təqsirkarla prekursorları alıb onları istifadə etməklə narkotik vasitə və psixotrop maddə hazırlayan, istehsal edən və ya emal edən şəxs arasında bu münasibətlər prekursorların göndərilməsi və satışı və ya narkotik vasitənin (psixotrop maddənin) hazırlanması, emalı, istehsalı məqsədi ilə qabaqcadan cinayət əlaqəsinə girmə kimi qiymətləndirilə bilməz. Belə olan halda prekursorları göndərən və ya satan şəxsin əməli CM-in 234.3-cü maddəsi ilə, prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə hazırlayan, emal və ya istehsal edən şəxsin əməli isə narkotik vasitənin və psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. 
  
12.    Təsvir olunan cinayət əməllərinin mütəşəkkil dəstə tərəfindən törədilməsi bu dəstənin bütün iştirakçılarının, onların hər birinin narkotik vasitələrin və ya  prixotrop maddələrin, habelə prekursorların qanunsuz dövriyyəsində yerinə yetirdiyi roldan asılı olmayaraq, birgə icraçılar tərəfindən törədilməsini ehtiva edir.

Dəstənin mütəşəkkil olması bir qrup şəxsin ediləcək cinayəti əvvəlcədən planlaşdırması, cinayətkar qəsdin həyata keçirilməsi üçün vasitələrin hazırlanması, cinayətin iştirakçılarının seçilməsi və dəstəyə cəlb edilməsi, dəstəyə cəlb olunanların arasında rolların bölünməsi, cinayətin gizlədilməsini təmin edən tədbirlərin görülməsi və sair əlamətlərlə xarakterizə oluna bilər.

Cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi məsələsi həll olunarkən CM-in 34.3-cü maddəsində nəzərdə tutulan əlamətlərin mövcudluğu nəzərə alınmalıdır.

13.    Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir.
Əvvəlki cinayətə görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır.
Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif  vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir.
Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri  şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır.
Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə  nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz.
Məhkəmələrə həm də izah olunsun ki, prekursorlar hazırlamış, əldə etmiş, saxlamış, göndərmiş və ya daşımış  şəxsin sonradan həmin prekursorları istifadə etməklə ilk dəfə narkotik vasitə və ya psixotrop maddə hazırlaması, istehsal etməsi və ya emal etməsi hərəkətləri həmin cinayəti təkrar törətməsi kimi qiymətləndirilə bilməz (prekursorlar elə narkotik vasitə hazırlamaq, istehsal etmək və ya emal etmək məqsədi ilə hazırlanmış, əldə edilmiş, saxlanılmış, göndərilmiş və daşınmışdır). Azərbaycan Respublikası CM-in 234.3-cü maddəsində göstərilən hərəkətlərin bu maddədə qeyd olunan məqsədlə dəfələrlə edilməsi və ya ilk dəfə həmin hərəkətlər edilməsinə baxmayaraq, hazırlanmış, əldə edilmiş, saxlanılmış, göndərilmiş və daşınmış prekursorlar istifadə edilməklə dəfələrlə satış məqsədi ilə narkotik vasitə hazırlama, istehsal etmə və ya emal etmə CM-in 234.4.2-ci maddəsinin tərkibini (təkrarlıq) yaradır.
Əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). 
  
14.    Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə  tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və  psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə  müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (I və II siyahılar) olaraq həll olunmalıdır.
Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir.
Aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir.
Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə  də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Maddənin tərkibində olan narkotik  vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır.      
Məhkəmələrə həm də izah olunsun ki, prekursorla CM-in 234.3-cü maddəsində göstərilən hərəkətlərin hansı hallarda “külli miqdarda” törədilmiş hesab edilməli olduğu qanunvericilikdə tənzimlənilmədiyindən prekursorun miqdarından asılı olmayaraq həmin prekursorlarla əlaqədar törədilmiş hərəkətlər CM-in 234.3-cü maddəsinin tərkibi ilə əhatə olunur. 
 
15.    Məhkəmələrə izah olunsun ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən istehlak miqdarından artıq miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi və saxlanılması və ya bu maddələrin miqdarından asılı olmayaraq onların satış məqsədi ilə hazırlanması, saxlanılması və daşınması əməlləri müvafiq olaraq Azərbaycan Respublikası CM-in 234.1 və ya 234.2-ci, yaxud 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi ilə əhatə olunur, həmin maddələrlə tövsif edilməli və həmin əməllərin əlavə olaraq CM-in 317-2-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə istehlak miqdarında və ondan az miqdarda narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi olmadan ötürülməsi və həmin şəxslər tərəfindən həmin miqdarda belə maddələr hazırlanması, saxlanılması, gəzdirilməsi əməlləri yalnız müvafiq olaraq  CM-in 317-1 və 317-2-ci maddələri ilə tövsif olunmalıdır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri isə cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır.

16.    Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-in 234.5-ci maddəsinin dispozisiyasına görə bu cinayətin subyekti həmin maddədə göstərilən qaydalara vəzifəsinə (vəzifəli şəxs) və ya rəsmi qaydada ona tapşırılmış işə görə riayət etməli olan şəxsdir. Qaydalara riayət edilməsi müvafiq xidməti təlimat, əmr və ya sərəncamla tapşırıla bilər. Belə qaydalara riayət etməli olmayan şəxslər həmin maddədə göstərilən hərəkətlərə görə məsuliyyətə cəlb edilə bilməzlər.
Həmin maddədə nəzərdə tutulmuş cinayət qəsdən və ehtiyatsızlıqdan törədilə bilər. Bu cinayəti törətmiş şəxs vəzifəli şəxs olduqda və əməlində həm də qulluq mənafeyi əleyhinə olan cinayətlərin tərkibi müəyyən edildikdə təqsirkarın hərəkətləri cinayətlərin məcmusu qaydasında CM-in 234.5-ci və CM-in XXXIII fəslinin müvafiq maddələri ilə tövsif edilir.
Məhkəmələrə izah olunsun ki, CM-in 234.5-ci maddəsində qeyd olunan predmetlərlə davranma qaydaları pozulduğu andan həmin cinayət başa çatmış hesab edilir və bunun üçün ictimai təhlükəli nəticələrin (narkotik vasitələrin oğurlanması, itirilməsi və sair) baş verməsi tələb olunmur.
Əməlin həmin maddə ilə tövsif edilməsi məsələsi həll edilərkən qəsdən törədilən hərəkətlərin motivi (tamah məqsədinin və ya sair şəxsi marağın olmaması, yaxud hər hansı bir şəxsə rəhm göstərməklə törədilməsi)əhəmiyyət kəsb etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, qaydalara riayət etməli olan şəxs bu qaydaları narkotik vasitələri talama məqsədi ilə pozursa, onun əməli yalnız CM-in 235-ci maddəsi ilə tam əhatə olunduğundan həmin maddə ilə tövsif edilməli, belə əməlin həm də CM-in 234.5-ci maddəsi ilə tövsif olunmasına isə ehtiyac yoxdur. 
        
17.    Məhkəmələrə izah edilsin ki, narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama dedikdə, bu maddələrin oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə yolu ilə talan edilməsi başa düşülməlidir.
Narkotik tərkibli bitkilərin və onların hissələrinin bu bitkilərin təsərrüfat məqsədi ilə əkilib-becərilməsi və mühafizə olunan ərazilərdən yığılması da talama kimi qiymətləndirilməlidir.
Tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır.
Törədilmiş əməlin CM-in 235-ci maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların dövlət və ya  ictimai, yaxud özəl müəssisələrə, idarələrə, təşkilatlara yaxud da bu maddələrə qanuni və ya qanunsuz olaraq  sahiblik edən ayrı-ayrı vətəndaşlara məxsus olması əhəmiyyət daşımır.
 Narkotik vasitələri, psixotrop maddələri  və ya  prekursorları hədə-qorxu ilə tələb etmə dedikdə, zortətbiq etmə, yaxud özgənin əmlakını məhv etmə və ya zədələmə, habelə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə adı çəkilən maddələri tələb etmə başa düşülməlidir.
Narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama və ya hədə-qorxu ilə tələb etmənin sonradan həmin predmetləri satma məqsədi ilə  törədilməsi müəyyən olunarsa, onda təqsirləndirilənin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in müvafiq  maddələri ilə nəzərdə tutulan cinayətə hazırlıq kimi tövsif olunmalıdır.
Cinayət Məcəlləsinin 235-ci maddəsi ilə tövsif etmə zamanı əməlin əlavə olaraq narkotik vasitələri qanunsuz əldə etmə kimi tövsif edilməsinə ehtiyac qalmır, çünki bu əməl adları çəkilən predmetləri talama və ya hədə-qorxu ilə tələb etmə anlayışı ilə tam əhatə olunur.
Şərh olunan cinayətin predmetlərini talama və ya hədə-qorxu ilə tələb etmədən sonra bu predmetləri satış məqsədi ilə və ya bunsuz saxlama, emal etmə, daşıma və göndərmə mövcud olarsa, əməl  cinayətlərin məcmusu üzrə CM-in 235-ci və 234-cü maddələri ilə tövsif olunmalıdır.
Təqsirkarın əvvəllər ancaq narkotik vasitələrin və psixotrop maddələrini talaması üçün deyil, həm də CM-in 177-183-cü, 217, 227 və 232-ci maddələri ilə iki dəfə və ya  daha çox məhkum edilmiş şəxs tərəfindən yenidən narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə qorxu ilə tələb etmə əməli CM-in 235.4.4-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. Bunun üçün əvvəlki məhkumluqlar qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş olmalıdır.
Banda tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların oğurlanması cinayətlərin məcmusu ilə tövsif olunmalıdır.
  
18.    Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehlakı və istehlakına təhrik etmə anlayışlarına Qanunun 1.0.14 və 1.0.10-cu maddələrində şərh verilmişdir. 
Qanunun mənasına görə dilətutma, təklif etmə, məsləhət vermə, aldatma və  sair üsullarla narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə həvəsini yaratmağa yönəldilmiş hər hansı qəsdən edilmiş hərəkətlər Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına təhrik etmə kimi başa düşülməlidir.
Məhkəmələrə izah olunsun ki, təqsirkarın hərəkəti iki və ya daha çox şəxsdə narkotik vasitələrdən istifadə həvəsini yaratmağa yönəldilmişsə (bu təsdiq olunmuşsa), bu hərəkətin hər iki şəxs barəsində eyni vaxtda və yaxud da ayrı-ayrı vaxtlarda edilməsindən asılı olmayaraq, onun əməli CM-in 236.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Belə hərəkətlər təkrar törədilən kimi qiymətləndirilə bilməz.
Bu hərəkətlər o vaxt yetkinlik yaşına çatmayanlar barəsində edilmiş hesab olunur ki, həmin şəxsin yetkinlik yaşına çatmaması təqsirkar şəxsə məlum olsun.
Narkotik vasitələrin və psixotrop  maddələrin istehlakına təhrik etmə törədilmə üsuluna görə zorakı və qeyri-zorakı formada ola bilər. 
Azərbaycan Respublikası CM-in 236.1-ci maddəsi yalnız qeyri-zorakı üsulları (məsələn, dilə tutma, vəd vermə, təklif etmə, məsləhət vermə  və s.) nəzərdə tutur.
CM-in 236.2.4-cü maddəsinin nəzərdə tutduğu mənada zor dedikdə  zərərçəkmiş şəxsi narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmək məqsədilə tətbiq olunan fiziki zor və ya belə zor tətbiq etmək hədəsi başa düşülməlidir.
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə təhrik etmə nəticəsində zərərçəkmiş şəxsin narkomaniya və ya toksikomaniya ilə xəstələnməsi qəsdən sağlamlığa zərər vurma kimi qiymətləndirilə bilməz.
Şərh olunan cinayətin xüsusi tövsifedici əlamətləri qismində CM-in 236.1 və 236.2-ci maddələrində təsvir olunan hərəkətlərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olması nəzərdə tutulur.
Təqsirkarın CM-in 236.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zərərçəkmiş şəxsin ölümünün məhz narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmənin nəticəsi olması, yəni nəzərdən keçirilən əməllə zərərçəkmişin ölümü arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir.
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda, bu CM-in 236.3-cü maddəsi ilə tam əhatə olunduğu üçün CM-in 124-cü maddəsi ilə əlavə tövsifə ehtiyac qalmır.
Zərərçəkmiş şəxsin ölümünə münasibətdə təqsirkarın qəsdən hərəkət etməsi müəyyən olunarsa, əməl qəsdən adam öldürmə kimi qiymətləndirilməli, CM-in 236.3-cü maddəsi  ilə deyil, müvafiq olaraq Azərbaycan Respublikası CM-in 120.1 və ya 120.2-ci maddələri ilə tövsif olunmalıdır. 
CM-in 236.3-cü maddəsinin nəzərdə tutduğu mənada başqa ağır nəticələr dedikdə, zərərçəkmiş şəxsin intihar etməsi, az ağır və ya ağır xəsarət alması, ruhi xəstəliyə tutulması, zöhrəvi və sair xəstəliklərə yoluxması başa düşülür.

19.    Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir.
Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı III - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).
Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və  ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir.
Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.
Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. 
Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür.
  
20.    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238-ci maddəsində təsbit edilmiş cinayətlərin obyektiv tərəfini tiryəkxanaların təşkil edilməsində, saxlanılmasında habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsində ifadə olunan qəsdən törədilən hərəkətlər təşkil edir.
“Tiryəkxana” dedikdə narkotik vasitələrin və ya psixotrop maddələrin mütəmadi istehlakı üçün nəzərdə tutulmuş yaşayış (məsələn, mənzil, fərdi ev, bağ evi) və yaxud qeyri-yaşayış sahəsi (anbar, qaraj, zirzəmi və s.) başa düşülür. Tiryəkxananın təşkili və saxlanılması məqsədi ilə binanın verilməsi də konstruktiv təyinatından asılı olmayaraq istənilən tikilinin və yaxud onun bir hissəsinin həmin məqsədlər üçün başqa şəxsin (tiryəkxananı təşkil edənin, saxlayanın) istifadəsinə verilməsini ehtiva edir.
Tiryəkxana üçün yaşayış və qeyri-yaşayış sahələrinin əldə edilməsi, icarəyə, əvəzsiz olaraq istifadəyə və ya sahibliyə götürülməsi, təmir olunması, yenidən qurulması, xüsusi avadanlıqlarla təhciz edilməsi və sair bu kimi hərəkətlər tiryəkxananın təşkil edilməsi kimi təfsir olunmalıdır. 
Tiryəkxananı saxlama dedikdə isə artıq şəxsin özü və yaxud başqası tərəfindən təşkil olunmuş tiryəkxananın fəaliyyətinin davam etdirilməsinə yönələn hərəkətlər, məsələn, tiryəkxananın yerləşdiyi yaşayış və yaxud qeyri-yaşayış sahələrinin istismarı ilə bağlı maliyyə xərclərinin çəkilməsi, onların mühafizəsinin təşkil edilməsi, tiryəkxanadan istifadəni nizamlamaq üçün tədbirlərin görülməsi başa düşülməlidir.
Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 238-ci maddəsində nəzərədə tutulmuş cinayətlər formal tərkiblidirlər. Bu cinayətlər tiryəkxanada narkotik vasitələrdən faktiki olaraq istifadə edilib-edilməməsindən asılı olmayaraq, tiryəkxanaların təşkil edilməsini, saxlanmasını, habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsini ifadə edən hərərkətlər törədildiyi andan bitmiş hesab olunur.
Cinayət Məcəlləsinin 238.1.1 və 238.2.2-ci maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərlə törədilmiş cinayətlərə dair işlərə baxılarkən “qabaqcadan əlbir olan bir qrup şəxs”, “mütəşəkkil dəstə”, “cinayətlərin təkrar törədilməsi” haqqında CM-in müvafiq olaraq 34.2, 34.3 və 16-cı maddələri rəhbər tutulmalıdır.
Plenum izah edir ki, eyni əməllərin təkrar törədilməsi dedikdə (CM-in 238.2.2-ci maddəsi), məhz CM-in 238.1-ci maddəsində təsvir olunmuş kriminal hərəkətlərin, yəni tiryəkxananın təşkil edilməsinin və saxlanmasının, eləcə də tiryəkxananın təşkil edilməsi və saxlanması məqsədi ilə binanın verilməsinin iki və ya iki dəfədən çox törədilməsi başa düşülür.
Nəzərə almaq lazımdır ki, tiryəkxananı təşkil edən və saxlayan şəxs tiryəkxananın istifadəçilərini narkotik vasitələrlə və ya psixotrop maddələrlə təmin etdikdə və yaxud onları həmin maddələrin və ya vasitələrin istehlakına təhrik etdikdə, onun hərəkətləri cinayətlərin məcmusu qaydasında CM-in 238-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-in 234.2 (234.4) və 236-cı maddələri ilə tövsif olunmalıdır.
  
21.    Azərbaycan Respublikası CM-in 239-cu  maddəsinin dispozisiyasına əsasən narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə cinayətinə görə məsuliyyət o vaxt yaranır ki, resept belə sənəd vermə səlahiyyəti olan şəxs tərəfindən verilsin (xüsusi subyekt) və buna tibbi göstəricilər olmasın. Səlahiyyəti olmayan şəxs tərəfindən belə resept verilməsi həmin sənədin saxtalaşdırılması kimi qiymətləndirilməlidir.
Resept verilməsinə tibbi göstəricələrin olub-olmaması ekspert rəyi ilə müəyyənləşdirilməlidir.   
Resept dedikdə həkimin dərmanların hazırlanması və buraxılması, habelə onların istifadə olunması haqqında aptekə təqdim olunmaq üçün verdiyi yazılı tövsiyə başa düşülür.
Reseptləri saxtalaşdırma dedikdə əsl sənədə (blanka) bilə-bilə yalan məlumatlar yazma, yaxud əsl reseptə oxşayan tam saxta sənəd düzəltmə və ya reseptin məzmununu burada yazılanları təhrif etməklə (məsələn, ayrı-ayrı sözləri, rəqəmləri müxtəlif üsul və vasitələrlə pozub onların əvəzinə başqa məlumatlar yazma) dəyişdirmə başa düşülür.
Həmin cinayət narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən peseptlər qanunsuz olaraq verildiyi və ya saxtalaşdırıldığı andan bitmiş  hesab edilir. Təqsirkarın bu cinayəti törətməklə narkotik vasitə və psixotrop maddə əldə etməyə nail olub-olmaması əhəmiyyət daşımır.  
Belə reseptlə narkotik vasitələrin əldə edilməsi ayrıca tövsif edilir, yəni bu halda cinayətlərin məcmusu yaranır.
Reseptin saxtalaşdırılması əməlinin həm də CM-in 320-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. 
   
22.    Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olub-olmamasını müəyyən edərkən məhkəmələr maddələrin güclü təsir edən və ya zəhərli olub-olmamasını, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığını araşdırmalıdırlar. Bunlara dair nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır.
CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlərə yuxarıda şərh verilmişdir (narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan hissədə).
CM-in 240.4-cü maddəsində nəzərdə tutulmuş başqa mühüm ziyan vurulması tövsifedici əlamət şəxsin uzunsürən xəstəliyə tutulmasında, ətraf mühütün zəhərli maddələrlə çirkləndirilməsi, istehsalat prosesinin uzun müddətə dayandırılmasında, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurmada və sair nəticələrdə ifadə oluna bilər. Bu hərəkətlər ehtiyatsızlıqdan adam öldürməyə səbəb olduqda həmin hərəkətlər cinayətlərin məcmusu qaydasında CM-in 240.4 maddəsi və CM-in 124.1 və ya 124.2-ci maddələri ilə tövsif olunmalıdır.

23.    Məhkəmələrə tövsiyə olunsun ki, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə  könüllü təhvil verilməsi başa düşülməlidir.
Məhkəmələrə izah olunsun ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir.

Məhkəmələrə izah olunsun ki, həmin qeydin məzmununa və mənasına görə qeyddə göstərilən hərəkətlərin edilməsi narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsinin və saxlanılmasının məqsədindən asılı olmayaraq (satış məqsədi və ya belə məqsəd olmadan) şəxsin cinayət məsuliyyətindən azad olunmasına əsas verir (səbəb olur).
Eyni zamanda izah olunsun ki, şəxsin əldə edib saxladığı narkotik vasitə və ya psixotrop maddənin, yaxud prekursorların bir hissəsini satdığı, qalan hissəsini isə qeydə uyğun qaydada təhvil verdiyi halda, həmin şəxs yalnız satdığı narkotik vasitənin, psixotrop maddənin və ya prekursorların satışına görə məsuliyyət daşımalıdır.
Cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında, qeyd olunan cinayətləri törətmiş şəxslərin aşkar edilməsində fəal iştirak etmə dedikdə, təkcə bu cinayətin predmetlərinin saxlandığı, hazırlandığı və satıldığı yer haqqında deyil, onların qanunsuz dövriyyəsindən əldə edilən əmlakın olduğu yer  haqqında hüquq-mühafizə orqanlarına məlumat vermə başa düşülməlidir.

24.    Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 2-ci bəndində istinad edilən  qanunda (siyahılarda) müəyyən olunmayan  maddənin (o  cümlədən, narkotik vasitələrin və psixotrop maddələrin analoqlarının) əldə edilməsi və ya saxlanılması cinayət məsuliyyəti yaratmır.

25.    Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in  58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır.
Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş  nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ  cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə  törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması , insan  ölümü  və  sağlamlığa  ziyan  vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün  istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir.
Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. 
Məhkəmələrə izah olunsun ki, Azərbaycan Respublikası CM-in 234.2, 234.3 və 234.4-cü maddərinin sanksiyalarında əmlak müsadirəsi cəzası nəzərdə tutulsa da, belə cəza yalnız CM-in 51.1-ci maddəsində nəzərdə tutulan əmlak aşkar edildikdə təyin edilə bilər. Bu səbəbdən də belə əmlakın aşkar edilməsi üçün müvafiq tədbirlər görülməlidir. Belə əmlak müəyyən edilmədikdə əmlak müsadirəsi cəzası təyin edilmir. Belə cəzanın təyin edilməməsi hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. CM-in 51.1-ci maddəsində göstərilən əmlak müəyyən edilmədikdə təqsirkara CM-in 234.4-cü maddəsi ilə əmlak müsadirə olunmamaqla cəza təyin edilərkən CM-in 62-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur (hökmün təsviri-əsaslandırıcı hissəsində bunun əsaslandırılması kifayətdir).  
Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın müsadirəsini təmin etmək məqsədilə istintaq orqanı tərəfindən təqsirli şəxsin bank, maliyyə və kommersiya sənədləri üzərinə həbs qoyulmadığı hallarda məhkəmələr bu tədbirin həyata  keçirilməsini təmin etməlidirlər.

26.    Məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir.
Narkomaniyadan məcburi  müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin                   09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı,  belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata  götürülməsi təmin edilməlidir.

27.    İstintaq orqanı Azərbaycan Respublikası CPM-in 211-ci maddəsinin tələblərinə zidd olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin əldə etmə mənbələri barədə cinayət işi əvəzinə, material ayırdıqda məhkəmələr bu qanun pozuntusuna öz münasibətlərini bildirməlidirlər.

28.    Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. 
 
29.    Məhkəmələr Azərbaycan Respublikası CPM-nin 355-ci maddəsinin tələbinə uyğun olaraq bu kateqoriyadan olan cinayətlərin baş verməsinə səbəb olan və şərait yaradan halları  müəyyən edib aradan qaldırılmaq üçün tədbir görməlidirlər.

30.    Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən  və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun  olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi   Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.
 
31.    Yuxarı məhkəmə instansiyaları  bu növ işlərin məhkəmələrdə baxılma keyfiyyətinə tələbkarlığı artırmalı, yol verilmiş nöqsanların vaxtında müəyyən edilərək aradan qaldırılmasına diqqət yetirməlidirlər.

32.    Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz döriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyul 1997-ci il tarixli 1 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri                           Ramiz Rzayev