Vətən müharibəsi qaziləri üçün Ali Məhkəmədə infotur keçirilib
06.08.2021, 15:42Avqustun 6-da Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə qazilərin hüquqi maarifləndirilməsi məqsədilə Ali Məhkəmədə infotur keçirilib.
İnfoturda çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə həyata keçirdikləri uğurlu fəaliyyətdən, hüquqi maarifləndirmənin əhəmiyyətindən danışıblar.
Ali Məhkəmənin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri Şahin Qəhrəmanov qazilərin hüquqi məsələlərlə bağlı suallarını cavablandırıb, onları Ali Məhkəmənin binası ilə tanış edib.
İnfoturla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Hüquqi Məsələlər üzrə sədr müavini Məcid Məmmədov mətbuata açıqlamasında qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə sağlamlığını itirmiş qazilərin hüquqi maarifləndirilməsini vacib hesab edərək Ali Məhkəmə rəhbərliyi ilə birlikdə 30 qazinin hüquqi dinləməsi həyata keçirilib: "Ümumilikdə həftə ərzində şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının ictimai birliyə təxminən 10-15 müraciəti daxil olur. Müraciətlər əsasən əlillik dərəcəsi, medalların təhvil alınması və qazilərin müəyyən cərrahi əməliyyatları və ya müalicəsi ilə əlaqədar olur". İnfoturun təşkil edilməsində məqsəd qaziləri hüquqi cəhətdən məlumatlandırmaq və bu sahədə ictimai töhfələr verməkdir.
Göstərilən platformalarda paylaş: