Yüz ilin salnaməsi
17.02.2023, 16:072023-cü ildə “Azərbaycan Respublikasının Ali Məhkəməsi: Bir Əsrlik Yol” kitabı nəfis tərtibatla çap olunmuşdur.
Kitab Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin müəllifliyi və rəhbərliyi ilə redaksiya qrupu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə hazırlanmışdır.
Kitabda Ali Məhkəmənin 100 ildə keçdiyi tarixi inkişaf yolu dolğun əksini tapmışdır.
Azərbaycan Respublikasının məhkəmə sistemi yüksək inkişaf mərhələsindədir. Bu nailiyyət ən qədim zamanlardan təşəkkül tapmış Azərbaycan dövlətçilik ideyaları və təcrübəsi ilə bağlıdır.
Qədim zamanlardan başlayaraq Azərbaycanda məhkəmə hakimiyyətinin təşəkkülü, Azərbaycan Xalq Cümhuriyyətində məhkəmə hakimiyyətinin təşkili üçün görülən işlər, Sovet hakimiyyəti dövründə və dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizin məhkəmə sistemi və fəaliyyəti, müstəqillik dövründə davamlı islahatların keçirilməsi nəticəsində məhkəmələrin müasirləşdirilməsi barədə kitabda müfəssəl məlumat verilir.
Kitabda xronoloji ardıcıllıqla, faktlarla və təhlillərlə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması və formalaşmasına, onun ölkədə ali məhkəmə orqanı və kassasiya məhkəməsi kimi fəaliyyətinə geniş yer ayrılmışdır. Ali Məhkəmənin ölkədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında rolu, monitorinq fəaliyyəti, qanunvericilik təşəbbüsü hüququ, dövlət hakimiyyətinin digər qolları, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əlaqələri ətraflı şərh olunmuşdur.
Həmçinin kitabda Ali Məhkəmənin quruluşu və tərkibi, beynəlxalq əlaqələri, fəaliyyətinin təmin edilməsi məsələləri əks olunmuşdur.
Kitab Azərbaycanda məhkəmə hakimiyyətinin təşkili, Azərbaycan Respublikası Ali Məhkəməsinin tarixi və fəaliyyəti ilə maraqlananlar üçün faydalı ola bilər.
Göstərilən platformalarda paylaş: