“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”
“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli Qərarının tətbiqi ilə bağlı həyata keçirilmiş məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
“ 19 ” dekabr 2022-ci il № 5 Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plana əsasən 01.10.2020 - 01.10.2021-ci il tarixləri arasında 1 il müddətinə Bakı şəhəri üzrə rayon məhkəmələri və Bakı Apellyasiya Məhkəməsində anket məlumatlarının toplanması üsulu ilə monitorinq həyata keçirilmişdir.
Monitorinqin nəticələrini müzakirə edib, “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nın 5.6- cı maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Monitorinqin nəticələri təsdiq edilsin.
2. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli Qərarına aşağıdakı redaksiyada əlavə və dəyişikliklər edilsin:
2.1. 1-ci bəndin ikinci abzası 2.3-cü bənd hesab edilsin;
2.2. 2-ci bəndin birinci cümləsi 2.1-ci bənd hesab edilsin;
2.3. 2-ci bəndin ikinci və üçüncü cümlələri 2.2-cü bənd hesab edilsin və məzmununda “bağçaya, yaxud məktəbə gedib-getməməsini” sözləri çıxarılaraq, “səhhətini” sözündən sonra “məktəbəqədər və ya ümumi təhsil rejimini” sözləri, “hansı valideynə daha çox bağlılığını” sözlərindən sonra isə “ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini” sözləri əlavə edilsin;
2.4. aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:
“Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar.”
2.5. aşağıdakı məzmunda 2.5-cı bənd əlavə edilsin:
“Məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir.”
2.6. aşağıdakı məzmunda 2.6-ci bənd əlavə edilsin:
“Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər.”
2.7. aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:
“Məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydası və müddətini göstərməlidirlər.”
2.8. 2-ci bəndin ikinci abzası 2.8-ci bənd hesab edilməklə, birinci və ikinci cümlələrin məzmununda “iddianın təmin tədbirinin” sözləri “müvəqqəti təminat tədbirinin” sözləri ilə əvəz edilsin;
2.9. 6-cı bənddən “öz valideynləri və digər” sözləri çıxarılsın, “valideyninin” sözü “qohumunun” sözü ilə əvəz edilsin.
2.10. 11-ci bənddə “himayədarlıq” sözü “himayə” sözü ilə əvəz edilsin və aşağıdakı məzmunda yeni cümlə əlavə edilsin:
“Nəzərə alınmalıdır ki, qəyyumluq və himayə orqanının rəyində təklif edilən ünsiyyət qaydası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmələr üçün məcburi olmayıb, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.”
2.11. 4-cü bəndin birinci abzası 4.1, ikinci abzası 4.2, 3-cü abzası 4.3-cü bənd, 7-ci bəndin birinci abzası 7.1, ikinci abzası 7.2-ci bənd, 8-ci bəndin birinci abzası 8.1, ikinci abzası 8.2-ci bənd, 9-cu bəndin birinci abzası 9.1, ikinci abzası 9.2-ci bənd, 10-cu bəndin birinci abzası 10.1, ikinci abzası 10.2-ci bənd hesab edilsin.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri Ramiz Rzayev
AZƏRBAYCAN RESPUBLİKASININ
ALİ MƏHKƏMƏSİ
“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr tarixli
(2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı
məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinin təhlilinə dair
A R A Y I Ş
A. GİRİŞ
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli, 1706 nömrəli Sərəncamına əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1708-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı Məhkəmə-Hüquq Şurasına “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, maddi və prosessual normaların tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında iki ay müddətində müəyyən etməsi tövsiyə edilmişdir.
Bununla bağlı Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası” (bundan sonra Qaydalar) hazırlanaraq 2020-ci il 29 fevral tarixli, 1 nömrəli qərarla təsdiq edilmişdir. Həmin qaydalara əsasən, məhkəmə fəaliyyətinin monitorinqi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun maddi və prosessual normaların tətbiqi üzrə izahını nəzərdə tutan qərarının məhkəmələrdə tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi sahəsində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən planlaşdırılan və kompleks şəkildə həyata keçirilən fəaliyyətdir.
Monitorinq məhkəmələrdə işlərə baxılarkən hüququn tətbiqində dərin və uzun müddətli fərqli yanaşmaların olub-olmadığını, qanunvericiliyin və Plenumun qərarının vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin edib-etmədiyini, sözügedən mexanizmlərin məhkəmələr tərəfindən işlərə baxılarkən tətbiq edilib-edilmədiyini və əgər tətbiq edilirsə nə dərəcədə səmərəli olmasını, eləcə də Plenumun qərarının özündə hər hansı əlavə və dəyişikliklərin edilməsinə ehtiyacın yaranıb-yaranmadığını müəyyənləşdirməyə imkan verməlidir.
“Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Planın təsdiq edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 11 nömrəli qərarı ilə ilk dəfə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan təsdiq edilmiş və bununla əlaqədar Bakı şəhəri üzrə rayon məhkəmələrində və Bakı Apellyasiya Məhkəməsində 2020-ci il oktyabr ayının 1-dən 2021-ci il oktyabr ayının 1-dək olan 1 illik dövr ərzində anket məlumatlarının toplanması üsulu ilə monitorinqin keçirilməsi qərara alınmışdır. Bununla bağlı olaraq qeyd edilən məhkəmələrə anketlər (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) göndərilərək, Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına əsasən monitorinq üçün müəyyən edilmiş müddətlər ərzində və “Qaydalara” uyğun olaraq anketlərin doldurulması, eləcə də anket məlumatlarının nəticələrinin ümumiləşdirilməsinə dair vahid arayışın tərtib olunaraq Ali Məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Yekunda həmin dövr ərzində Bakı şəhərinin rayon məhkəmələrində və Bakı Apellyasiya Məhkəməsində valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları barədə baxılmış işlərlə əlaqədar Plenum qərarının tətbiqi ilə bağlı tərtib olunmuş 422 anket üzrə məhkəmələrin fəaliyyətinin monitorinqi aparılmışdır.
B. STATİSTİK TƏHLİL
2020-ci il oktyabr ayının 01-dən 2021-ci il oktyabr ayının 01-dək olan dövr ərzində Bakı şəhəri üzrə rayon məhkəmələrində (362 anket) və Bakı Apellyasiya Məhkəməsində (60 anket) valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları barədə baxılmış işlərlə əlaqədar Plenum qərarının tətbiqi ilə bağlı tərtib olunmuş 422 anket üzrə məhkəmələrin fəaliyyətinin monitorinqi aparılmışdır.
Bakı şəhəri üzrə rayon məhkəmələrində 362 anket.
Bakı Apellyasiya Məhkəməsində 60 anket.
I. Bakı şəhəri üzrə rayon məhkəmələri üzrə göstəricilər;
1. Ümumilikdə, Bakı şəhərinin rayon məhkəmələri tərəfindən valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar 362 qətnamə qəbul edilmiş, onlardan 37 (10.2%) iddia ərizəsi tam təmin edilmiş, 316 (87.3%) iddia ərizəsi qismən təmin edilmişdir. Monitorinqin aparıldığı dövr ərzində “uşaqla ünsiyyətdə olma” və “uşaqla ünsiyyət vaxtının dəyişdirilməsi” tələblərinə dair 9 iddia ərizəsi (2.5%) rədd edilmişdir ki, bunlardan da:
- 4 iddia ərizəsi əvvəllər müəyyən edilmiş uşaqla ünsiyyət vaxtının dəyişdirilməsinə əsas ola biləcək yeni hallar olmadığından;
- 2 iddia ərizəsi iddiaçının narkotik vasitələrdən istifadə etməsinin uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlıqlarına xələl yetirə biləcəyindən;
- 1 iddia ərizəsi iddiaçı həbsxanada cəza çəkdiyindən və sonuncu ilə həbsxana şəraitində görüşmələrinin uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirə biləcəyindən, eləcə də uşaqlar analarının və ataları hesab etdikləri şəxsin qayğısı və nəvazişi ilə məhəbbət və anlaşma şəraitində böyüdüklərindən;
- 1 iddia ərizəsi 7 yaşına çatmış uşağın fikri digər hallarla (ekspert rəyi) məcmu halında nəzərə alınmaqla;
- 1 iddia ərizəsi uşaq cavabdehin himayəsində olmadığından rədd edilmişdir.
Bakı şəhəri üzrə rayon məhkəmələrində baxılan işlərin ümumi sayı
2. Uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair Bakı şəhərinin rayon məhkəmələrinə daxil olmuş 362 iddia ərizəsindən 318 iddia ərizəsi ata tərəfindən, 26 iddia ərizəsi ana tərəfindən, eləcə də 18 iddia ərizəsi baba və nənə tərəfindən verilmişdir.
3. Uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair Bakı şəhərinin rayon məhkəmələrinə müraciət edən 344 iddiaçıdan 342 nəfəri rəsmi nikahda, 2 nəfəri isə faktiki nikahda olan şəxslər olmuşdur.
4. Həmin tələblərə dair işlərə baxılarkən 1 iş üzrə, valideynlərdən birinin (atanın) başqa dövlətdə (İran İslam Respublikasında) yaşaması müəyyən edilmişdir.
5. Uşaqla ünsiyyətə dair iddia tələblərinə baxılarkən, yekun qərarın qəbul edilməsinədək müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair 91 vəsatət verilərək, təmin edilmişdir.
Məhkəmələr tərəfindən müvəqqəti təminat tədbiri qismində ünsiyyət müddəti 2 işdə həftədə 1 saat, 18 işdə həftədə 2 saat, 27 işdə həftədə 3 saat, 21 işdə həftədə 4 saat, 9 işdə həftədə 5 saat, 5 işdə həftədə 6 saat, 4 işdə həftədə 7 saat, 5 işdə həftədə 8 saat müəyyən edilmişdir.
Müvəqqəti təminat tədbiri qismində müəyyən edilmiş
minimal ünsiyyət müddəti (rayonlar üzrə)
6.Uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbi ilə bağlı baxılan bütün işlərdə uşaqların öz valideynləri və digər qohumları ilə şəxsi görüş formasında ünsiyyətdə olmaları müəyyən edilmiş, digər ünsiyyət formaları (yazışma, telefon danışıqları və sair) müəyyən edilməmişdir.
7. Uşaqlar məhkəmə baxışında dinlənilərkən, məhkəmələr onların fikrini və marağını əksər hallarda öyrənib nəzərə almışlar.
8. İddianın təmin tədbirinin görülməsinə dair təmin edilmiş 91 vəsatət üzrə qəbul edilmiş qərardadlardan şikayət verilməmişdir.
II. Bakı Apellyasiya Məhkəməsi üzrə göstəricilər;
01 oktyabr 2020-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan dövr ərzində Bakı Apellyasiya Məhkəməsində valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə bağlı baxılmış 60 işə dair anketlər tərtib edilməklə Plenum Qərarının tətbiqi ilə bağlı məhkəmə fəaliyyətinin monitorinqi aparılmışdır:
1. Uşaqla ünsiyyətə dair iddia tələbləri üzrə baxılmış 60 mülki işdən 14 apellyasiya şikayəti iddiaçı tərəfindən, 46 şikayət isə cavabdeh tərəfindən verilmişdir.
2. Uşaqla ünsiyyətə dair iddia tələblərinə baxılarkən, yekun qərarın qəbul edilməsinədək müvəqqəti təminat tədbirinin görülməsinə dair cəmi 1 iş üzrə vəsatət verilmiş, məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri qismində ünsiyyətin müddəti həftədə 2 saat müəyyən edilmişdir.
3. Uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair işlərə baxılarkən, məhkəmə baxışı zamanı 10 yaşına çatmış uşaqlar dinlənilmişdir.
4. Uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbi ilə bağlı baxılan 60 işdən 33 iş üzrə məhkəmə aktında Ali Məhkəmənin müvafiq Plenumunun Qərarına istinad olunmamış, 27 iş üzrə məhkəmə aktında isə bu Qərara istinad edilmişdir.
5. Uşaqla ünsiyyət tələblərinə dair birinci instansiya məhkəmələrinin 60 iş üzrə qəbul etdiyi qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə baxılması nəticəsində 9 iş üzrə qətnamə dəyişdirilmiş ( 6 iş üzrə görüş vaxtları azaldılmış, 3 iş üzrə görüş vaxtları artırılmış), 3 iş üzrə qətnamə ləğv edilib yeni qətnamə qəbul edilmiş (1 iş üzrə əlavə olaraq 7 tətil günləri görüş verilmiş, 2 iş üzrə ananın iştirakı olmadan görüş müəyyən edilmişdir), 1 iş üzrə iddia tələbindən imtina edildiyinə görə icraata xitam verilmişdir.
Ananın iştirakı olmadan 2 iş üzrə görüş müəyyən edilmiş nümunəvi qərarlar:
5.1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, atanın 04 yanvar 2018-ci il təvəllüdlü övladı ilə ünsiyyət hüququnun qismən təmin edilməsinə dair hissədə “(ananın iştirakı ilə)” qətnamə ləğv edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən uşaq 1 yaş 11 aylıq olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının uşağı ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən qaydada ünsiyyətdə olmasının müəyyən edilməsi hazırkı halda valideyn və uşağın mənafeyi baxımından məqbul hesab edilə bilməz.
5.2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ataya 27.03.2009-cu il təvəllüdlü və 03.07.2012-ci il təvəllüdlü övladları ilə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək 3 ay müddətində ananın iştirakı ilə, 3 aydan sonra isə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ (görüş vaxtı) verilmişdir. Məhkəmə hesab etmişdir ki, Komissiya tərəfindən 27.03.2009-cu il təvəllüdlü uşağın psixoloqun iştirakı ilə keçirilən söhbət zamanı uşaq atasının onunla, anası və qardaşı kobud rəftar etdiyinə, onları evdən qovduğuna görə atası ilə ünsiyyət saxlamaq istəmədiyini bildirmişdir. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə iclasında dindirilmiş 27.03.2009-cu il təvəllüdlü uşaq bildirmişdir ki, bir ildir ki atasını görmür. Atası onları döyür və gecə vaxtı evdən qovurdu. Buna görə də o, atası ilə görüşmək istəmir. Ona görə də məhkəmə uşaqların bildirdiklərini, onların psixoloji vəziyyətini və Qəyyumluq və Himayəçilik Komissiyasının Rəyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının uşağı ilə ünsiyyətdə olmasının müəyyən edilən qaydaya münasibətdə dəyişdirilməli, iddia qismən təmin edilməli, uşaqlarla ünsiyyət hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək 3 ay müddətində ananın iştirakı ilə, 3 aydan sonra isə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ təmin edilməlidir.
6. Göstərilən müddət ərzində apellyasiya instansiyası məhkəmələrində baxılmış həmin işlərdən ümumilikdə 19 iş üzrə kassasiya şikayəti verilmiş, onlardan 13 iş üzrə kassasiya şikayəti təmin edilmədən və qətnamə dəyişdirilmədən saxlanılmış, 3 iş üzrə qətnamə dəyişdirilmiş, 2 iş üzrə qətnamə ləğv edilib yeni qərar qəbul edilmiş, 1 iş üzrə qətnamə ləğv edilərək, iş təkrar apellyasiya baxışına göndərilmişdir.
D. MONİTORİNQ NƏTİCƏSİNDƏ MÜƏYYƏN EDİLMİŞ NÖQSANLAR;
Uşaqla ünsiyyət tələbinə dair işlərə baxılması zamanı yol verilmiş nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar;
- 45 iş üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları cəlb edilməmiş;
- 19 iş üzrə 10 yaşına çatmış uşaqların məhkəmə baxışı dövründə dinlənilməsi təmin edilməmiş;
- 54 işdə məhkəmələr qəyyumluq və himayə orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktlar tələb edilməmiş;
- 1 iş üzrə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanından mübahisə ilə bağlı akta əsaslanmış rəy tələb edilməmişdir.
- 1 iş üzrə uşağın ad günündə, bayram günlərində və digər xüsusi günlərdə də görüşün müəyyən edilməsi iddia ərizəsində xahiş edildiyi halda həmin xüsusi günlərdə görüş müəyyən edilməmişdir:
- 7 iş üzrə zərurət olmadığı halda uşaqla görüşün vaxtı 3 saat və ondan az müəyyən edilmişdir.
I. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının işə cəlb edilməməsi;
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının 1-ci bəndində göstərilmişdir ki, uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.
İşlərdən nümunələr;
Birinci instansiya məhkəməsinin icraatında olmuş mülki iş üzrə anketdən görünür ki, iddiaçı cavabdehə qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşayan 17.07.2008-ci il təvəllüdlü övladı ilə görüş hüququnun təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
İşə baxan məhkəmə ailə qanunvericiliyinin və Plenum qərarının 1-ci bəndinin tələblərini pozaraq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanını işə cəlb etməmiş, bununla da Ailə Məcəlləsinin 73.1-ci maddəsinin və Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli qərarının 1-ci bəndinin tələblərini pozmuşdur.
Eyni məzmunlu nöqsanlara digər birinci instansiya məhkəmələrinin icraatında olan işlərdə də yol verilmişdir.
II. 10 yaşına çatmış uşaqların məhkəmə baxışı dövründə dindirilməməsi;
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.
Qeyd olunan Plenum Qərarının 10-cu bəndində göstərilmişdir ki, qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır.
İşlərdən nümunələr;
Birinci instansiya məhkəməsinin icraatında olmuş mülki iş üzrə tərtib olunmuş anketdən görünür ki, həmin məhkəmənin qətnaməsi ilə iddiaçıya valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün 26 sentyabr 2007-ci il təvəllüdlü və 20 dekabr 2009-cu il təvəllüdlü övladları ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 19:00-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtını müəyyən etsə də, uşaqların hər ikisinin 10 yaşından yuxarı olmasına baxmayaq, uşaqlardan heç biri məhkəmə baxışı dövründə dinlənilməmiş və bunun səbəbi barədə hər hansı açıqlama verilməmişdir.
Eyni məzmunlu nöqsanlara digər birinci instansiya məhkəmələrinin icraatında olan işlərdə də yol verilmişdir.
III. Məhkəmələr tərəfindən qəyyumluq və himayə orqanlarından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktlarının tələb edilməməsi;
Plenumun Qərarının 11-ci bəndində göstərilmişdir ki, valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayə orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir.
İşlərdən nümunələr;
Birinci instansiya məhkəməsinin icraatında olmuş mülki iş üzrə anketindən görünür ki, həmin məhkəmənin qətnaməsi ilə iddiaçının uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, iddiaçının 19 oktyabr 2013-cü il təvəllüdlü övladı ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir.
Lakin işə baxan məhkəmə tərəfindən Plenum qərarının 11-ci bəndinin tələbi pozularaq yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin həyat şəraitinin müayinə edilməsinə dair aktı rəyə əlavə edilməmişdir.
Eyni məzmunlu nöqsanlara digər birinci instansiya məhkəmələrinin icraatında olan işlərdə də yol verilmişdir.
IV. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanından mübahisə ilə bağlı akta əsaslanmış rəyin tələb edilməməsi;
Plenumun Qərarının 11-ci bəndində göstərilmişdir ki, valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayə orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir.
İşlərdən nümunələr;
Birinci instansiya məhkəməsinin icraatında olmuş mülki işin anketindən görünür ki, həmin məhkəmənin qətnaməsi ilə iddiaçının uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçının 16.07.2013-cü il təvəllüdlü 3 övladlı ilə hər həftənin şənbə günü saat 20-00-dan bazar günü 20-00-dək gecə qalmaq şərti ilə sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir.
İşə baxan məhkəmə tərəfindən Plenum qərarının 11-ci bəndini pozaraq qeyd olunan işə baxarkən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanından mübahisə ilə bağlı rəyi tələb edilməmişdir.
V. Uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddətin müəyyən edilməsi halları;
Qeyd olunan Plenum Qərarının 1-ci bəndində göstərilmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.
Birinci instansiya məhkəməsinin icraatında olmuş mülki işin anketindən görünür ki, iddiaçı uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.04.2015-ci il təvəllüdlü övladları ilə həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan 17:00-dək və bayram günlərində saat 10:00-dan 17:00-dək cavabdehin iştirakı olmadan görüş hüququnun təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə iddia tələbini qismən təmin edərək, 03.04.2015-ci il təvəllüdlü və 03.04.2015-ci il təvəllüdlü övladlarının ataları ilə həftədə bir dəfə, bazar günü, saat 12:00-dan 15:00-dək ananın iştirakı olmadan və iş günü hesab olunmayan bayram günləri iki gün və iki gündən artıq olarsa, bayram günlərinin ikinci günü saat 12:00-dan 15:00-dək ananın iştirakı olmadan ünsiyyət vaxtları müəyyən etmişdir.
Beləliklə, işə baxan hakim uşaqla ünsiyyətdə olmaq istəyən valideynin, yəni atanın 5 yaşlı əkiz uşaqlarla ünsiyyət vaxtını həftədə 3 saat müəyyən etməklə, onun iddiasını formal təmin edərək uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən etmişdir. Araşdırma göstərmişdir ki, bu müddətdə ünsiyyət qaydasının müəyyən edilməsi əsası qəyyumluq və himayə orqanının təqdim etdiyi rəydə belə bir təklifin verilməsi olmuşdur. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh (ana) apellyasiya şikayəti verərək uşaqla onun iştirakı ilə görüş verilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
Eyni məzmunlu nöqsanlara digər birinci instansiya məhkəmələrinin icraatında olan işlərdə də yol verilmişdir. Belə ki, iddia tələbi formal təmin edilərək, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddətlər müəyyən edilmiş, eləcə də ümumi qaydada Plenum qərarına istinad edilmişdir. Bu işlər üzrə də araşdırma göstərmişdir ki, bu müddətdə ünsiyyət qaydasının müəyyən edilməsi əsası qəyyumluq və himayə orqanının təqdim etdiyi rəydə belə bir təklifin verilməsi olmuşdur.
VI. Uşaqla görüşün (ünsiyyətin) vaxtı müəyyən edilərkən uşağın ad günü, bayram günləri və digər xüsusi günlərdə də görüşün müəyyən edilməsi iddiaçı tərəfindən xahiş edildiyi halda, həmin xüsusi günlərdə görüş müəyyən edilməmişdir;
Birinci instansiya məhkəməsinin icraatında olmuş mülki işin anketindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş övladı ilə həftədə bir dəfə cümə günü axşam saat 19:00-dan bazar günü axşam saat 21:00-dək, eləcə də yenil il və novruz bayramı günlərində də uşağı ilə görüşmək istədiyini məhkəmədən xahiş etmişdir.
Qətnamə ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının uşağı ilə hər həftənin şənbə günləri saat 11:00-dan 20:00-dək görüşmək hüququ təmin edilmiş, lakin məhkəmə həmin bayram günlərində görüş vaxtını müəyyən etməmiş və buna dair hər hansı əsaslandırma təqdim etməmişdir.
D.MONİTORİNQİN NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Qaydalara əsasən Plenum qərarının məhkəmələrdəki işlərə tətbiqi ilə əlaqədar keyfiyyət və kəmiyyət göstəriciləri ilə bağlı aşağıdakı hallar müəyyən edilmişdir.
1. Bəzi hallarda baxılmış işlər üzrə məhkəmə aktlarında Plenum qərarına istinad edilməmişdir.
Belə ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbi ilə bağlı baxılan 362 işdən 48 işdə Ali Məhkəmənin müvafiq Plenum Qərarına istinad olunmamışdır (bütün aktlar qanuni qüvvəyə minmişdir).
2. Baxılmış bəzi işlər üzrə Plenumun qərarının düzgün olmayan və ya natamam tətbiqinə gətirib çıxaran və beləliklə də, onun təhrif edilməsinə səbəb olan qərarın onun məna və məzmunundan fərqli olaraq daha geniş və ya məhdud həcmdə təfsir olunması halı müəyyən edilməmişdir. Eləcə də uşaqla ünsiyyət tələbinə dair işlərə baxılması zamanı yol verilmiş nöqsanlı işlərdə ümumi qaydada Plenum qərarına istinad edilmişdir.
3.Plenum qərarında verilmiş izahdan fərqlənən yanaşmalar müəyyən edilməmişdir.
4.Plenum qərarının çıxarılmasından sonra onun aid olduğu sahədə hüququn tətbiqi təcrübəsində dəyişiklik baş vermişdir.
5.1. Qeyd olunan Plenum qərarı əvvəllər mövcud olmuş və sistemli xarakter daşıyan nöqsanlara gətirib çıxaran ziddiyyətləri və uyğunsuzluqları aradan qaldırmaq üçün yetərli olsa da, aşkar edilmiş pozuntuların təkrarlanmasının qarşısının alınması üçün bir sıra əlavə və dəyişikliklərin edilməsinə ehtiyac vardır.
5.2. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin.
Lakin məhkəmələr tərəfindən bəzi işlərdə uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi hallarına hələ də rast gəlinir və məhkəmələr bir çox hallarda uşaqlar ilə ünsiyyət üçün vaxt təyin edən zaman, görüşmək istəyən valideynlərin ünvanlarını, məsafənin uzaqlığını, uşağın nəqliyyat vasitələri ilə aparılması və gətirilməsi müddətlərini nəzərə almırlar.
Ona görə də məhkəmələr işin əhəmiyyətli hallarını, yəni ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi kimi və digər diqqətəlayiq halları nəzərə almalı, eləcə də uşağın valideynin yanında gecə qalmaqla ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsinin mümkünlüyünü müzakirə etməlidirlər.
5.3. Əksər işlərdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyində göstərilən müddətlər əsasında qətnamə qəbul edilir. Xüsusən təhlil göstərir ki, formal görüş vaxtının təyin edilməsi işlərində rəyə istinad olunmaqla qətnamə qəbul edilir.
Halbuki, məhkəmələr birmənalı olaraq həmin rəylərdə göstərilmiş müddətlərdə görüş hüququnu müəyyən etməməli və rəydəki müddətləri iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamalı və qiymətləndirməlidirlər.
Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
5.4. Uşaqların öz valideynləri və digər qohumları ilə şəxsi görüş formasında ünsiyyətdə olması müəyyən edilsə də, iddia tələblərində göstərilmiş digər ünsiyyət formaları təmin edilməmişdir.
Ona görə də məhkəmələr uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə digər ünsiyyət formalarının (telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər.
5.5.Uşaqla görüşün (ünsiyyətin) vaxtı müəyyən edilərkən uşağın ad günü, bayram günləri və digər xüsusi günlərdə də görüşün müəyyən edilməsi iddiaçı tərəfindən tələb edildiyi halda, məhkəmələr tərəfindən həmin xüsusi günlərdə görüş müəyyən edilməmişdir.
Belə olan halda məhkəmələr tərəfindən həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə valideynin və uşağın doğum günlərində də ünsiyyət qaydasının müəyyən edilməsi məqsədəmüvafiq olardı.
5.6. Bundan əlavə, uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyi, münasibətlərin soyuduğu müəyyən edildiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydası və müddətinin göstərilməsi də məqsədə müvafiq olardı.
5.7. Müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı fərqli müddətlər müəyyən edilir.
Təhlil olunan anketlərdən müəyyən edilir ki, məhkəmələr tərəfindən valideynin uşaqla ünsiyyətdə olması müddətinin müəyyən edilməsi qismində müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı vahid məhkəmə təcrübəsi mövcud olsa da, verilən müddətlərdə ciddi fərqliliklər müşahidə olunur və bununla bağlı hər hansı əsaslandırma təqdim edilməmişdir.
Belə ki, müvəqqəti təminat tədbiri qismində ünsiyyət müddəti 2 işdə həftədə 1 saat, 18 işdə həftədə 2 saat, 27 işdə həftədə 3 saat, 21 işdə həftədə 4 saat, 9 işdə həftədə 5 saat, 5 işdə həftədə 6 saat, 4 işdə həftədə 7 saat, 5 işdə həftədə 8 saat müəyyən edilmişdir.
Halbuki, Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür.
Valideynin uşaqla ünsiyyət müddəti ağlabatan qiymətləndirmə əsasında nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətləri nəzərə alınmaqla minimal həddə, yəni 2-3 saat müddətində müəyyən edilməli olduğu halda, məhkəmələr tərəfindən müddətlərin bir-birindən kəskin fərqlənən həddə müəyyən edilməklə plenum qərarının istinad edilən bəndinə uyğun olmamasının məhkəmələrə bildirilməsi məqsədəuyğun hesab edilir.
6. Beləliklə, monitorinq zamanı anketlərin təhlili nəticəsində müəyyən edilmişdir ki, monitorinqin əhatə etdiyi dövr ərzində məhkəmələr tərəfindən ərizələrə baxılarkən Ali Məhkəmə Plenumunun maddi və prosessual hüquq normalarının tətbiqi üzrə izahını nəzərdə tutan qərarının tələblərinə əsasən əməl olunmuş, hüququn tətbiqində dərin və uzun müddətli fərqli yanaşmalar olmamış, qanunvericilik və Plenum qərarı vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin etmiş, sözügedən mexanizmlər məhkəmələr tərəfindən işlərə baxılarkən əsasən tətbiq edilmiş, eləcə də Plenum qərarında yuxarıda qeyd edilən istiqamətlərdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır.
7. Əlavə olaraq qeyd olunmalıdır ki, monitorinq zamanı aşkar edilmiş nöqsanların müzakirə edilməsi və gələcəkdə işlərə baxılması zamanı nəzərə alınması məqsədi ilə tərtib edilmiş arayışın birinci və apellyasiya instansiyası məhkəmələrinə göndərilməsi məqsədəmüvafiq olardı.
Ali Məhkəmənin
Mülki Kollegiyasının sədri
Sənan Hacıyev