İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından
kassasiya şikayəti verilməsi qaydasına dair izah
Bu məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədilə hazırlanmışdır. Məlumatın təqdim olunması ilə kassasiya şikayətinin mümkünlüyü üzrə dinlənilmə hüququ təmin edilmiş hesab olunur.
I. Kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir.
- İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər.
- Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır.
- “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır.
- Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
II. Kassasiya şikayəti vermək istəyən şəxs vəkillə müqavilə bağlamalı, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməlidir.
- Kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir.
- Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı az təminatlı olduğunu təsdiq edən müvafiq sübutlar təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi üçün məhkəmə aktını aldığı vaxtdan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətlər daxilində ağlabatan müddət ərzində yazılı müraciət edə bilər.
- Şikayət verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.
- Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verildiyi güman olunan maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə aydın təsvir edilməli, məhkəmə aktı çıxarılarkən gəlinən nəticənin konkret hansı qanunvericilik normalarına zidd olması göstərilməli, o cümlədən məhkəmə təcrübəsinin vahidliyinin pozulması barədə əsaslandırılmış mövqe ifadə olunmalıdır.
III. Kassasiya şikayəti həm onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
- Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanan şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə olunmalıdır.
- Şikayət hüquqi şəxs tərəfindən verildikdə, onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.
- Müvafiq etibarnaməsi olan vəkil tərəfindən bir elektron imza ilə imzalandığı hallar istisna olmaqla, kassatorun elektron kabineti varsa, kassasiya şikayətini onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə imzalamalıdır.
IV. Kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
- Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
- Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
QEYD: Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.