ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məlumat

İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından

kassasiya şikayəti verilməsi ilə bağlı hüquqi yardım haqqında

MƏLUMAT

 

Bu məlumat kassasiya şikayətinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin müvafiq müddəalarından irəli gələn və şikayət tərtib edilərkən riayət edilməli olan əsas tələbləri əks etdirir. Məlumat, inzibati mübahisələrə dair işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından (qərar və ya qərardadlarından) kassasiya şikayəti vermək istəyən şəxsə yardım məqsədilə hazırlanmışdır. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Kassasiya şikayəti verən şəxs şikayətin mümkünsüzlüyünə səbəb olan nöqsanların aradan qaldırılmasına dair sənədləri, məlumatları və ya mülahizəsini kassasiya şikayəti ilə birgə məhkəmə aktını çıxarmış apellyasiya instansiyası məhkəməsinə təqdim etməlidir.

 

I KASSASİYA ŞİKAYƏTİ VERMƏK HÜQUQUNA MALİK OLAN ŞƏXSLƏR

1. Yalnız inzibati məhkəmə icraatının iştirakçıları kassasiya şikayəti vermək hüququna malikdirlər.

2. İddiaçı (ərizəçi), cavabdeh və ya məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçılarıdırlar.

3. Məhkəmə icraatının iştirakçısı olmayan şəxslər apellyasiya instansiya məhkəməsinin aktından kassasiya şikayəti verə bilməzlər.

4. Məhkəmə icraatının iştirakçısı olmayan şəxslər apellyasiya instansiya məhkəməsinin aktının onların hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdikləri halda, hüquqlarının müdafiəsi üçün İPM-in 28-ci maddəsində təsbit edilmiş hüquqi müdafiə imkanlarından istifadə etməlidirlər. Bunun üçün onlar məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmə ilə bağlı vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidirlər.

 

II KASSASİYA ŞİKAYƏTİNİ TƏLƏBLƏRİ TƏMİN OLUNMAMIŞ ŞƏXSLƏR VERƏ BİLƏR

1. Şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi tətbiq edilir.

2. İddia (ərizə) tam təmin edildikdə iddiaçı (ərizəçi), tam rədd edildikdə isə cavabdeh kassasiya şikayəti vermək hüququna malik deyil.

3. İddiaçı (ərizəçi) iddianın (ərizənin) təmin edilməmiş hissəsindən, o cümlədən iddianın (ərizənin) mümkün sayılmamasından, cavabdeh isə iddianın (ərizənin) təmin edilmiş hissəsindən kassasiya şikayəti verə bilər.

4. Üçüncü şəxslərin hüquqlarına dair məsələ məhkəmə aktı ilə onların ziyanına həll olunduqda, həmin şəxslər kassasiya şikayəti verə bilərlər.

5. Məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran qanunvericilikdə birbaşa təsbit olunmuş prosessual pozuntularla qəbul edildiyi hallarda da kassasiya şikayəti verilə bilər.

6. İcraat iştirakçıları yalnız müstəqil qaydada mübahisələndirilməsinə yol verilən məhkəmə aktlarından şikayət verə bilərlər.

7 Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

 

III KASSASİYA ŞİKAYƏTİNİN VERİLDİYİ MƏHKƏMƏ

1. Kassasiya şikayəti mübahisələndirilən aktı qəbul etmiş müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilməlidir.

2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə kassasiya şikayətinin təqdim edilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

 

IV KASSASİYA ŞİKAYƏTİNİN FORMA VƏ MƏZMUNUNA DAİR TƏLƏBLƏR

1. Şikayət vəkil tərəfindən tərtib edilməli, həmçinin vəkil tərəfindən imzalanmalı və vəkilin orderinin əsli şikayətə əlavə edilməlidir.

2. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı aztəminatlılığı təsdiq edən müvafiq sübutları  təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət hesabına vəkillə təmin edilməsi üçün yazılı müraciət edə bilər.

3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə olunmalıdır.

4. Şikayət hüquqi şəxs tərəfindən verildikdə, onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.

Qeyd: Müvafiq etibarnaməsi olan vəkil tərəfindən bir elektron imza ilə imzalandığı hallar istisna olmaqla və kassatorun elektron kabineti varsa, kassasiya şikayətini onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə imzalamalıdır.

5. Şikayət verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.

6. Şikayət MPM-ə Əlavə 3-də göstərilən kassasiya şikayətinin formasına dair tələblərə uyğun tərtib edilməlidir.

 

V KASSASİYA ŞİKAYƏTİ PROSESSUAL MÜDDƏTLƏRƏ RİAYƏT EDİLMƏKLƏ VERİLMƏLİDİR

1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində, məhkəmə qərardadının təqdim olunduğu gündən isə 10 (on) gün müddətində verilməlidir.

2. Müddətinin başlanğıcı məhkəmə aktının şəxsə rəsmi qaydada təqdim olunduğu gündən başlayır. Müddətlərin hesablanmasına və qurtarmasına dair müddəalar MPM-in 128 və 129-cu maddələrində təsbit olunmuşdur. İşdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildyi vaxtdan təqdim edilmiş sayılır. Rəsmi qaydada təqdim edilmənin digər üsulları MPM-in 135-ci maddəsində göstərilmişdir.

3. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə də verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Müddətin ötürülmədiyini güman edən şəxslər bu halı təsdiq edən sübutları təqdim etməlidir.

 

VI KASSASİYA ŞİKAYƏTİ HÜQUQUN DÜZGÜN TƏTBİQ EDİLMƏDİYİNƏ VƏ VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİNƏ DAİR DƏLİLLƏR ƏKS OLUNMAQLA ƏSASLANDIRILMALIDIR

1. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

2. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.