ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

12.06.2020, 12:19
Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI
Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında nəzərdə tutulmuş tövsiyələr nəzərə alınaraq, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyəti gücləndirmək, müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılmaq məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının fəaliyyətində “Ədalət mühakiməsinin və məhkəmələrin fəaliyyətinin keyfiyyətinin ölçülməsinə dair (inzibati işlər üzrə) sorğu”nun tətbiqinə başlanılır. Bununla bağlı olaraq Ali Məhkəmənin sədri tərəfindən müvafiq əmr imzalanmış və 2020-ci ilin iyun ayının 12-də bu məqsədlə Ali Məhkəmədə təqdimat keçirilmişdir.

Tətbiq edilməyə başlanılan yeni mexanizm keyfiyyəti ölçməyə şərait yaradan göstəriciləri nəzərə almaqla məhkəmə fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinə imkan verəcəkdir. Bununla, məhkəmə fəaliyyəti ilə bağlı əsasən aşağıdakıları dəqiq müəyyən etmək məqsədi güdülür:

   -   məhkəmələrdə icraat aparılarkən mühüm prosessual prinsiplərə riayət edilməsi, məhkəmə aktlarının aydınlılıq və əsaslandırma tələblərinə uyğun tərtib olunması, habelə mübahisələrin həlli zamanı Ali Məhkəmənin Plenum qərarlarının və ya mövcud məhkəmə təcrübəsinin nəzərə alınması vəziyyətini;

   -   əvvəllər kassasiya məhkəməsində ləğv edildikdən sonra təkrar baxışa göndərilmiş işlərdə göstərişlərə əməl olunma ilə bağlı vəziyyəti və səbəblərini;

   -   məhkəməyədək inzibati orqanlarda aparılmış inzibati icraatın qanunvericiliyin tələblərinə riayət olunmaqla aparılması vəziyyətini;

   -   məhkəməyə müraciət edilərkən tərtib edilmiş iddia ərizələrinin və onlara əlavə edilməli olan sənədlərin peşəkarlıq nöqteyi-nəzərindən hazırlanması səviyyəsini;

   -   qanunvericiliyin təkmilləşdirilməsi, inzibati orqanların inzibati praktikalarının düzgün qurulması və məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş həyata keçirilməli olan konkret tədbirləri.

Ali Məhkəmənin Mülki, Kommersiya və Cinayət kollegiyalarının fəaliyyətlərində də baxılan işlərin xüsusiyyətləri nəzərə alınmaqla “Ədalət mühakiməsinin və məhkəmələrin fəaliyyətinin keyfiyyətinin ölçülməsinə dair” müvafiq sorğuların yaxın gələcəkdə tətbiqinə başlanılması nəzərdə tutulur. Bundan başqa, sorğunun aşağı instansiya məhkəmələrinin fəaliyyətində qısa müddətdə tətbiqinə başlanılması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya ilə bağlı məsələlərin də həll edilməsi planlaşdırılır.