2017-ci ildə Şəki Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərin təhlilinə dair müşavirə keçirilmişdir
16.02.2018, 12:35Şəki Apellyasiya Məhkəməsinin 2018-ci ilin birinci yarım ilinə dair iş planına əsasən 16 fevral 2018-ci Il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Əli Rüstəmovun, İnzibati-iqtisadi kollegiyasının hakimi Rahib Nəbizadənin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Əfqan Ələkbərovun, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin və məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrlərinin və hakimlərinin iştirakı ilə 2017-ci ildə Şəki Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərin təhlilinə dair müşavirə keçirilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov müşavirəni açaraq gündəlikdə olan məsələlər barədə qısa məlumat vermişdir. O, bildirmişdir ki, 2017-ci ildə Şəki Apellyasiya Məhkəməsinin icraatına cəmisi 4264, yəni 2016-cı ilin nəticələri ilə müqayisədə 35,97% çox iş və material daxil olmuşdur.faiz artaraq 4264 təşkil etmişdir. 2017-ci ildə apellyasiya qaydasında baxılmış işlərin nəticələri barədə statistik rəqəmləri 2016-cı il ilə müqayisəli şəkildə təhlil edib iclas iştirakçılarının diqqətinə çatdıran məhkəmə sədri həmçinin qeyd etmişdir ki, hesabat dövrü ərzində məhkəmənin icraatına daxil olan işlərə mahiyyəti üzrə baxılarkən 2 cinayət və 5 mülki iş üzrə yol verilmiş qanun pozuntuları ilə bağlı xüsusi qərar və qərardadlar qəbul edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayətin əlamətlərinin aşkara çıxarılması barədə aidiyyəti prokurorluq orqanlarına məlumat verilmişdir.
Dahi sonra vurğulanmışdır ki, Şəki Apellasiya Məhkəməsinin 2017-ci ilin birinci və ikinci yarımilliklərinə dair iş planları bütün bəndləri üzrə tam icra olunmuş, o cümlədən nəzərdə tutulmuş cəmisi 8 məsələ üzrə ümumiləşdirmələr аpаrılаrаq məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instаnsiyа məhkəmələrinə 5 icmаl məktub göndərilmiş, İsmayıllı Rayon Məhkəməsinin sədrinin 2016-cı il ərzində mülki işlərə baxılarkən qanunvericiliyin tələblərinin tətbiqi haqqında məlumatı dinlənilmiş, habelə İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsinin presedentlərinin öyrənilməsi məqsədi ilə məhkəmədə mütəmadi olaraq seminar-məşğələlərin keçirilməsi təmin edilmişdir. Məhkəməyə edilmiş müraciətlərin sayının artmasına baxmayaraq hər bir müraciət qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırılmış, məhkəmənin aparatı tərəfindən 11, məhkəmənin sədri tərəfindən 55 nəfərin şəxsi qəbulu həyata keçirilmişdir.
Sonra müşavirədə Şəki Apellyasiya Məhkəməsinin kollegiya sədrləri vəzifələrini icra edən hakimlərin 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı görülmüş işlər barədə məruzələri dinlənilmişdir.
Müşavirədə həmçinin, 2017-ci ilin ikinci yarımilliyinin iş planına əsasən Şəki Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən 2016-cı ildə və ötən ilin birinci yarımıilliyində məhkəmələr tərəfindən baxılmış mülki və inzibati işlər üzrə tələbin icra edilmədən icra vərəqələrinin geri qaytarılmasına dair qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri müzakirə edilmiş və icra sənədlərinin geri qaytarılması zamanı yol verilmiş nöqsanlar birinci instansiya məhkəmələrinin hakimlərinin və iclasa dəvət olunmuş müvafiq İcra və Probasiya şöbələrinin rəislərinin diqqətinə çatdırılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov kassasiya qaydasında baxılan cinayət işləri üzrə birinci və apellyasiya məhkəmələrinin hakimləri tərəfindən maddi və prossesual hüquq normalarının tətbiqində yol verilmiş qanun pozuntuları və nöqsanları ümumiləşdirilmiş şəkildə təhlil edib müşavirə iştirakçılarının diqqətinə çatdıraraq eyni zamanda “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə verdiyi Sərəncamın əhəmiyyətini qeyd etmiş, onun icrası ilə bağlı mühüm işlərin görüldüyünü bildirirərək təqsirləndirilən şəxslərin barəsində prosessual məcburiyyət tədbirlərinin tətbiqi və onlara cəza təyin etmə zamanı Sərəncamda nəzərdə tutulmuş tövsiyələrə daim əməl edilməsinin vacibliyini vurğulamışdır.
Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Əli Rüstəmov və İnzibati-iqtisadi kollegiyasının hakimi Rahib Nəbizadə Ali Məhkəmənin Mülki və İnzibati-iqtisadi kollegiyalarında kassasiya qaydasında işlərə baxılması zamanı müəyyən edilmiş qanun pozuntuları və nöqsanları müşavirə iştirakçılarının diqqətinə çatdıraraq ayrı-ayrı işlər üzrə Ali Məhkəmənin formalaşmış mövqeyinin nəzərə alınmasını və bu zaman maddi və prosessual qanunvericiliyin düzgün tətbiq edilməsini hakimlərə tövsiyə etmişlər.
Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Əfqan Ələkbərov müşakirədə çıxış edərək məhkəmələrin fəaliyyəti ilə bağlı daxil olmuş şikayətlər barədə məlumat vermiş, statistik rəqəmləri iclas iştirakçılarının nəzərinə çatdırmış və nazirliyə daxil olmuş müraciətlərə görə məhkəmələrin fəaliyyəti ilə bağlı daha çox narahatçılıq doğuran məsələlər üzərində dayanmışdır.
Tədbir birinci, apellyasiya instansiyası məhkəmələrinin və Ali Məhkəmənin hakimlərinin iştirakı ilə qarşılıqlı maraq doğuran hüquqi məsələlər barəsində fikir mübadiləsi ilə davam etmişdir.
Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov müşavirəni yekunlaşdıraraq aparılmış fikir mübadiləsinin faydalı olacağından əminliyini ifadə etmiş və yuxarı instansiya məhkəmələri tərəfindən aparılan ümumiləşdirmələrin nəticələrinin məhkəmələrdə müzakirə edilməsinin vacibliyini vurğulayaraq hakimlərə öz fəaliyyətlərini ədalət mühakiməsinin səmərəliliyinin artırılması, qanuni və ədalətli qərarların qəbul edilməsi istiqamətində həyata keçirmələrini tövsiyə etmişdir.
Göstərilən platformalarda paylaş: