525.az: Çingiz Əsgərov: “Hakim siyasətdən uzaq durmalı, sırf hüquqla məşğul olmalıdır”
24.10.2014, 12:35Bakıda keçirilən “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası Departamentinin direktor müavini Fredrik Sudberqin moderatorluğu ilə “Məhkəmə qərarlarının icrası” mövzusunda sessiya təşkil edilib.
APA-nın məlumatına görə, F. Sudberq deyib ki, dövlətlər Avropa Məhkəməsinin qərarlarını qeyd-şərtsiz yerinə yetirmək barədə öhdəlik götürüblər.
Sonra Rusiya Ali Məhkəməsi sədrinin müavini Pyotr Serkov və Fransa Dövlət Şurasının kollegiya sədri İv Robino çıxış ediblər.
Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov “Avropa Məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər” mövzusunda çıxış edərək bildirib ki, məhkəmə qərarlarının icrası məhkəmə iştirakçıları ilə məhdudlaşır. Hazırda Avropa Məhkəməsinin dövlətlərin kompensasiya ödəməsi barədə qərarlar verdiyini qeyd edən Ç. Əsgərovun sözlərinə görə, əvvəllər kompensasiya məsələsi olmayıb, Avropa Məhkəməsi yalnız pozuntu halını müəyyənləşdirib. Azərbaycan qanunvericiliyinin İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasına uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışan Ç. Əsgərov hakimlər və prokurorlar üçün treninqlərin keçirilməsini zəruri sayıb. O, Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin Avropa standartlarına uyğun qurulduğunu, hakimlərin işə qəbulunun şəffaf prosedur əsasında aparıldığını vurğulayıb: “Məhkəmə və hakimlərin siyasətdən kənarlaşdırılması prinsipi vacibdir. Məsələn, Azərbaycanda hakimlərin siyasətdən kənar olması Konstitusiya və qanunlarda əksini tapıb. Bu, tək yerli məhkəməyə yox, hər hansı beynəlxalq məhkəməyə də aid olmalıdır. Hakim siyasətdən uzaq olmalı, sırf hüquqla məşğul olmalıdır”.
Ç. Əsgərov Azərbaycanda hüquq sahəsində həyata keçirilən tədbirlər barədə Avropa Şurası Nazirlər Komitəsinə məlumat verildiyini nəzərə çatdırıb.
Bununla da sessiya başa çatıb.
http://525.az/site/?name=xeber&news_id=27030
Göstərilən platformalarda paylaş: