ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Macaristana səfəri

08.06.2017, 12:35
Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Macaristana səfəri
Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Macaristana səfəri

   Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2017-ci il  iyunun 4-dən 7-dək  Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində keçirilən  Mərkəzi və Şərqi  Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin Beynəlxalq Konfransında iştirak etmişdir. 

      Konfransın keçirilməsində əsas məqsəd məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələri paylaşmaq olmuşdur.

      Avropanın bir çox ölkələrinin məhkəmə sədrlərinin və rəhbərlərinin iştirak etdiyi tədbirdə  həmin  ölkələrin məhkəmə sistemində aparılan  islahatlar, məhkəmə hakimiyyətinin və hakimlərin qərarların qəbul edilməsində müstəqilliyi, Ali Məhkəmə sədrinin effektiv hüquqi fəaliyyətə dəstəkdə rolu, məhkəmə sisteminə ictimai dəstəyin formalaşması, açıq məhkəmə iclasları, məhkəmə araşdırılması prosedurlarının optimallaşdırılması, məhkəmə islahatlarında innovasiyalar, məhkəmə gecikmələrinin aradan qaldırılması, məhkəmə sisteminin maliyyələşdirilməsi və digər ən yaxşı təcrübəyə aid ən yaxşı təqdimatlar dəyirmi masa ətrafında müzakirə edilmişdir.

     Konfransda qeyd olunmuşdur ki, bir sıra Mərkəzi və Şərqi Avropa dövlətlərində konstitusion demokratiya əldə edildikdən sonra, həmin dövlətlərin məhkəmə sistemlərində müəyyən islahatlar aparılmışdır. Həmin islahatların nəticəsində məhkəmələrin fəaliyyətində mövcud müsbət dəyişikliklər müzakirə edilmiş, bəzi mənfi halların baş vermə səbəbləri araşdırılmışdır.

      Konfransın ilk iclasında Ali Məhkəmənin sədri Ramiz Rzayev “Məhkəmənin və hakimlərin müstəqilliyi, həmçinin qərarların qəbul edilməsi zamanı kənar təsirdən müdafiə” mövzusunda çıxış edərək Azərbaycan məhkəmə sistemində son illərdə həyata keçirilən islahatlar və bununla bağlı konkret müsbət nəticələr barədə məlumat vermiş, məhkəmə prosesinin şəffaflığı, hakimlərin müstəqil qərar qəbul etməsi, qərar qəbul edilərkən kənardan müdaxilənin qarşısının alınması üçün hansı zəruri tədbirlərin görülməsi ilə əlaqədar təcrübəyə əsaslanan fikir və mülahizələrini bildirmişdir.

   Ali Məhkəmənin sədri qeyd etmişdir ki, hakimlər dövlətin hüquqi qarantıdır. Hakimin müstəqilliyi dövlətin və cəmiyyətin müstəqilliyidir. Hakimlərin müstəqil qərar qəbul etməsi nəinki məhkəmələrə olan inamı, eyni zamanda dövlətə olan inamı artırır. Hakimlərin müstəqilliyini vətəndaşların və ümumiyyətlə, cəmiyyətin qəbul etməsi mühüm məsələdir. İnzibati icraatla bağlı bir statistik məlumatı nəzərə çatdıran Ali Məhkəmənin sədri bildirmişdir ki, Azərbaycanda inzibati məhkəmələr 2011-ci il yanvarın 1-dən fəaliyyət göstərir.  Son 6 il ərzində vətəndaşların inzibati orqanlara qarşı verdikləri  iddiaların 82-84 faizi təmin olunub.  Bu da vətəndaşların məhkəmələrə inamının bariz nümunəsidir.

      Ali Məhkəmənin sədri Azərbaycan məhkəmə sistemində görülən işlərin və həyata keçirilən tədbirlərin həcminin və miqyasının insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini daha da artıracağına inamını vurğulamışdır.

   Ali Məhkəmənin sədri bir sıra ölkələrin Ali Məhkəmə sədrləri ilə görüşlərində və söhbətlərində Azərbaycanda məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb etmiş, bununla bağlı geniş söhbət aparmış, suallara cavab vermişdir. Faydalı fikir mübadiləsi zamanı Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilmişdir.