ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

18.01.2010, 12:35
Ali məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Ali məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

       2010-cu il yanvarın 15-də Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.                                      
      Yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 1990-cı ilin 20 yanvar hadisəsi  Azərbaycanın azadlığı  və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə  qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 
      1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycan xalqına qarşı  terror aktı həyata keçirmişdir.
      Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli liderimiz Heydər Əliyev  olmuşdur. Ulu  öndər faciənin səhərisi günü, yəni 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanatla  çıxış etmiş, bu faciəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirmişdir. Bu bəyanat  tarixi bir bəyanatdır.  Ulu öndər  ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 yanvar şəhidlərinin xatirəsini əziz tutmuş, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərmişdir. Bu gün  Azərbaycanda Heydər Əliyev yolu uğurla davam etdirilir. 20 yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə dövlət yardımı artırılır.

     Qeyd edilmişdir ki, 20 yanvar hadisələrinə hüquqi-siyasi  qiymət də Ulu öndərimizin təşəbbüsü ilə verilmişdir. Bu qiymət ümumiləşmiş formada  bundan ibarətdir ki, o vaxtkı Moskva Azərbaycana təcavüz edib. Təcavüzdə də  məqsəd bu idi ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq istədiyi üçün cəzalandırılsın. Əlbəttə,  hadisənin günahkarlarının da adları açıqlanıb. Moskvanın təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə  xalqın azadlıq hərəkatına  rəhbərlik edənlər də  məsuliyyət daşıyırdı. Moskvanın təcavüz edəcəyini  bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar günahkardırlar.
            Çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı  və müstəqilliyi naminə  ən ağır sınaqlara sinə gərmək,  şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı canlarından keçən övladları ilə fəxr edir.