Ali Məhkəmədə görüş
28.01.2020, 15:43Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təsis etdiyi Seçki Müşahidə Missiyasının rəhbəri Piter Teylerin başçılıq etdiyi nümayəndə heyəti bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Ali Məhkəmənin sədri Ramiz Rzayev nümayəndə heyətini salamlamış və bildirmişdir ki, seçkinin Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələbinə, Avropa standartlarına uyğun aparılması dövlətimizin əsas məqsədlərindən biridir.
Ali Məhkəmənin sədri seçki hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti və bu sahədə məhkəmə təcrübəsi ilə bağlı fikirlərini açıqlamış, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər və onlara baxılması qaydaları barədə ətraflı məlumat vermişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Piter Teyler qeyd etmişdir ki, Seçki Müşahidə Missiyası seçki prosesinin bütün əsas aspektlərini izləyəcək və seçkilərin ATƏT öhdəlikləri, demokratik seçkilər üzrə digər beynəlxalq standartlar, eləcə də, milli qanunvericiliyə uyğun həyata keçirilməsini qiymətləndirəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Göstərilən platformalarda paylaş: