Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı
22.07.2026, 14:48Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək, eləcə də məhkəməyədək inzibati icraatın keyfiyyətini artırmaq məqsədilə “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” Plenum Qərarı qəbul edilmişdir.
Qərar inzibati məhkəmə icraatında baxılan mübahisələndirmə və məcburetmə haqqında iddiaların fərqləndirilməsinin meyarlarını müəyyən edir, qapalı və diskresion səlahiyyətlərin mahiyyətini açaraq, həmin səlahiyyətlərin həyata keçirilməsi qaydasında qəbul edilmiş inzibati aktlar üzərində həyata keçirilən məhkəmə nəzarətinin hədlərini müəyyənləşdirir, diskresion səlahiyyətlər, qeyri-müəyyən hüquqi anlayışlar və qiymətləndirmə azadlığının məhkəmə tərəfindən yoxlanılması qaydasını izah edir, eləcə də məhkəmənin hüquqi mövqeyinin inzibati orqanlar tərəfindən nəzərə alınması məsələlərini həll edir.
Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı respublikanın inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara almışdır.
Göstərilən platformalarda paylaş: