ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə KİV nümayəndələri ilə görüş keçirilib

16.11.2018, 12:35
Ali Məhkəmədə KİV nümayəndələri ilə görüş keçirilib
Ali Məhkəmədə KİV nümayəndələri ilə görüş keçirilib

Azərbaycanda söz, mətbuat və ifadə azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısının diqqət və qayğısı ilə ölkəmizdə mətbuatın sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılır. İctimai maraqlara cavab verən və müsbət qarşılanan bu yanaşmalar insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı təmin olunmasını şərtləndirir. Hüquqi dövlət quruculuğunun mühüm məsələləri sırasında KİV-in cəmiyyətdə rolu və onların məhkəmə hakimiyyəti ilə münasibətləri xüsusi yer tutur. Kütləvi informasiya vasitələri ictimai fikir ilə yanaşı, cəmiyyətdə hüquq mədəniyyətinin də formalaşdırılmasında mühüm rol oynayır. Məhkəmələr cəmiyyətdə hüquq münasibətlərinin tənzimləyicisi rolunu oynayır, vətəndaşların maraqlarının tarazlaşdırılmasına xidmət göstərir, həmçinin dövlətin mənafeyinin təminatçısı kimi çıxış edir.

Bu fikirlər noyabrın 16-da Ali Məhkəmədə KİV nümayəndələri ilə keçirilən görüşdə səsləndirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev KİV nümayəndələrinə ədalət mühakiməsinin əsas prinsipləri barədə məlumat verərək bildirib ki, məhkəmələrin ictimaiyyətlə işinin ən yaxşı forması məhkəmə proseslərinin qanuna müvafiq, yüksək peşəkarlıqla aparılmasıdır. Məhkəmələrin fəaliyyəti ilə bağlı məlumat əldə edərək onu ictimaiyyətə çatdırmaq mətbuatın vəzifəsi olduğu kimi, məhkəmə hakimiyyətinin də ədalət mühakiməsinə etimadın artırılması məqsədilə kütləvi informasiya vasitələrində əhalinin hüquqi maarifləndirilməsinə ciddi ehtiyacı var.

Ali Məhkəmənin sədri vurğulayıb ki, mətbuat ilə məhkəmənin dialoqu son dərəcə zəruridir. Kütləvi informasiya vasitələrinin məhkəmə orqanları ilə əməkdaşlığının əsasında cəmiyyətdə insan hüquqlarının müdafiəsi sahəsində baş verən hadisələri nəzarətdə saxlamaq məqsədi dayanır. Ədalət mühakiməsini həyata keçirən və hər kəsin qanunla müəyyənləşdirilmiş hüquq və azadlıqlarının qorunması vəzifəsini yerinə yetirən məhkəmə hakimiyyəti KİV-lərlə daim əməkdaşlıq etməkdə maraqlıdır. Məhkəmə hakimiyyəti jurnalistlərlə əməkdaşlıq zamanı həm də müəyyən mənada “izahedici və öyrədici” funksiyanı yerinə yetirir. Məhkəmənin fəaliyyətinin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması vətəndaş cəmiyyətinin və hüquqi dövlətin inkişafının zəruri şərtidir.

Qeyd olunub ki, KİV nümayəndələrinin Ali Məhkəmə ilə əlaqəsini təmin etmək üçün Ali Məhkəmə tərəfindən bununla bağlı iki hakim ayrılıb. Bu hakimlər zərurət yarandığı hallarda baxılan işlər barədə lazımi məlumatları təqdim edirlər. Ali Məhkəmənin üç dildə fəaliyyət göstərən saytında (www.supremecourt.gov.az) qurumun strukturu, hakimlər barədə məlumatlar, məhkəmələrin fəaliyyətinə dair xəbərlər, məhkəməyə onlayn müraciət qaydaları ilə tanış olmaq mümkündür. Ali Məhkəmənin Plenum iclasları və orada müzakirə edilən məsələlər, qəbul olunan qərarlar, keçirilən seminar və müşavirələr barədə kütləvi informasiya vasitələrində mütəmadi məlumatlar yayılır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, məhkəmə hakimiyyəti ədalət mühakiməsini həyata keçirən və hər kəsin qanunla müəyyənləşdirilmiş hüquq və azadlıqlarını qoruyan hakimiyyət orqanı kimi KİV ilə sıx əməkdaşlıq edir. Bu münasibətlərin sistemli xarakter alması və cəmiyyətin mənafeyi baxımından belə görüşlər mühüm əhəmiyyət daşıyır. Jurnalistlərin ixtisaslaşması məsələsinin aktuallığını qeyd edən Ə.Amaşov KİV təmsilçilərinin hüquqi biliklərinin artırılmasının vacibliyindən danışıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Mətbuat Şurasının idarə heyətinin üzvləri - Azər Həsrət, “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Çingiz Qənizadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, “Real” TV-nin rəhbəri Mirşahin Ağayev, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan, “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev və başqaları çıxışlarında jurnalistlərin hüquqi biliklərinin, o cümlədən məhkəmələrin fəaliyyəti barədə biliklərinin artırılmasının zəruriliyini vurğulayıblar. Çıxış edənlər bu prosesdə Ali Məhkəmənin də təşəbbüskar kimi çıxış etməsinin önəmini xüsusilə diqqətə çatdırıblar.

Görüşdə, həmçinin məhkəmə-media münasibətlərinin müasir reallıqlara söykənməsi, cəmiyyətdə məhkəmə hakimiyyətinə, mediaya etimad və inamın dərinləşməsinin vacibliyi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Azərtac