ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə müşavirə keçirilmişdir

23.12.2017, 12:35
Ali Məhkəmədə müşavirə keçirilmişdir
Ali Məhkəmədə müşavirə keçirilmişdir

23 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsində respublikanın apellyasiya və birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 14-cü bəndinin icrasnı təmin etmək məqsədi ilə 2017-ci ilin birinci yarımilliyi ərzində birinci və apellyasiya instansiyası məhkəmələri  tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri müzakirə edilmişdir.

Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd etmişdir ki, azadlıq hüququnun təmin olunmasına daim önəm verən ölkə başçısı 10 fevral 2017-ci il tarixli Sərəncamında məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmasını, cəzanın və qətimkan tədbirinin məqsədlərinə cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsini, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsini, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunun araşdırılmasını, bununla bağlı təqdimatlara baxılarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlillərin yoxlanılmasını məhkəmələrə tövsiyə etmişdir. Ali Məhkəmənin sədri daha sonra  vurğulamışdır ki, Ali Məhkəmə öz fəaliyyətində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi məsələlərinə baxılmasını daim diqqət mərkəzində saxlamış, 2007-ci ildən başlayaraq bununla bağlı dəfələrlə məhkəmə təcrübəsi ümumiləşdirilmiş, respublika məhkəmələrinin bütün hakimlərinin cəlb edildiyi silsilə tədbirlər keçirilmiş və aparılmış ümumiləşdirmələrdən birinin nəticələri 3 noyabr 2009-cu il tarixdə Ali Məhkəmənin Plenumunda geniş müzakirə edilərək Konstitusiyanın 28-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin, cinayət-prosessual qanunvericiiyinin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla mükəmməl Qərar qəbul edilmişdir. Növbəti ümumiləşdirmənin nəticələrinə görə, məhkəmələrin bu sahədəki fəaliyyətində əhəmiyyətli dəyişikliklər baş versə də, bir sıra hallarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorların təqdimatlarına baxan hakimlər müəyyən nöqsanlara  da yol vermişlər.

Sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri barədə geniş məruzə etmişdir.   O, qeyd etmişdir ki, 2017-ci ilin birinci yarısı ərzində 2016-cı ilin həmin dövrü ilə müqayisədə həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması haqqında məhkəmələrə 20,73% az təqdimat daxil olmuşdur. Bunlardan həbsin seçilməsi  haqqında 88,13% təqdimat, həbsdə saxlama müddətinin uzadılması haqqında isə 94,32 % təqdimat təmin edilmiş, 2016-cı ilin birinci yarımilliyi ilə müqayisədə təmin olunmuş təqdimatların sayında müvafiq olaraq 5,27% və 2,61% azalma müşahidə edilmişdir.

Məruzəçi bildirmişdir ki, əvvəlki illərdən fərqli olaraq, ümumiləşdirmənin əhatə etdiyi dövrdə məhkəmələr  təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması ilə bağlı təqdimatlara baxılmasına daha ciddi yanaşmış, məhkəmə qərarlarında həbs etmə və həbsdə saxlama müddətlərinin uzadılması barədə Azərbaycan Respublikası Konstiusiyasının 28-ci maddəsinin, beynəlxalq müqavilələrin, maddi və prosessual qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən 10 fevral 2017-ci il tarixli Sərəncamında və “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2009-cu il tarixli Qərarında göstərilən tövsiyələrə əksər hallarda əməl edilmişdir.

Bununla yanaşı ümumiləşdirmənin nəticələri göstərmişdir ki, bəzi hallarda hakimlər tərəfindən qeyd edilən məsələlər üzrə təqdimatlara baxılarkən müəyyən nöqsanlara da yol verilmişdir. Aşkar edilmiş nöqsanlar konkret misallar göstərilməklə müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.

Müşavirədə çıxış edən  apellyasiya və birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ümumiləşdirmənin nəticələrinin əhəmiyyətindən danışaraq təqsirləndirilən şəxslərin azadlıq hüququnun təmin edilməsi ilə bağlı məhkəmələrin fəaliyyətində bundan sonra da müsbət dəyişikliklərin olmasının vacibliyini vurğulamışlar.

Tədbirdə həmçinin ölkə başçısının 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı məhkəmələrə etdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlərin daim həyata keçirləcəyi qeyd olunmuş, aparılmış ümumiləşdirmənin nəticələri barədə isə məhkəmələrə icmal məktubun göndərilməsi qərara alınmışdır.