Ali Məhkəmədə Prezident seçkisi ilə bağlı görüş
02.04.2018, 12:352018-ci il aprelin 2-də ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin Azərbaycanda keçiriləcək Prezident seçkisi ilə bağlı müşahidəçilik missiyasını həyata keçirən qrupun rəhbəri xanım Corien Jonkerin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi nümayəndələrinin Prezident seçkisində müşahidəçi kimi iştiraklarından məmnunluğunu bildirən Ali Məhkəmənin sədri Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirildiyini və ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün lazımi hüquqi bazanın formalaşdırıldığını bildirmişdir.
Ali Məhkəmənin sədri bu il aprelin 11-də keçiriləcək Prezident sekçisi günü məhkəmələrə müraciət edən hər bir seçicinin şikayətinə həssaslıqla yanaşılacağını vurğulamışdır. Ali Məhkəmənin sədri seçki hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmə aidiyyatı və bu sahədə məhkəmə təcrübəsi ilə bağlı fikirlərini açıqlamış, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat, seçki hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi və onlara baxılması qaydaları barədə ətraflı məlumat vermişdir.
Müşahidə missiyasını həyata keçirən qrupun rəhbəri xanım Corien Jonker Prezident sekçisinin gedişi və nəticəsi ilə bağlı hesabat hazırlayacaqlarını və bu hesabatın mətbuatda dərc olunacağını bildirmişdir.
Görüşdə insan hüquqlarının təmin olunması və Prezident seçkisi ilə bağlı faydalı müzakirə aparılmış, nümayəndə heyəti üzvlərini maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
Göstərilən platformalarda paylaş: