Ali Məhkəmənin 2009-cu il fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir
02.03.2010, 12:35Martın 2-də Ali Məhkəmədə 2009-cu ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat və kütləvi informasiya vasitələrinin nünayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, hər il keçirilən ənənəvi mətbuat konfransının əsas məqsədi Ali Məhkəmənin bir illik fəaliyyəti barədə dolğun təsəvvür yaratmaqdan, bu haqda ictimaiyyətə daha geniş məlumat verməkdən ibarətdir.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, ötən il mayın 12-də Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binası istifadəyə verilmişdir. Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevin fərmanına uyğun olaraq Ali Məhkəmədə informasiya texnologiyaları şöbəsi yaradılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti yaxşılaşmışdır. Əvvəlki illərlə müqayisədə 2009-cu il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılmış işlər və daxil olmuş müraciətlər 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artma мüşahidə olunmuşdur. Cinayət işləri üzrə məhkəmə kollegiyasında isə 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında 13,1 faiz аzalma qeydə alınmışdır. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,8 faiz artmışdır.
Əgər 2008-ci ildə Ali Məhkəmədə cəmi 4 min 388 işə baxılmışdırsa, 2009-ci ildə 4 min 862 işə baxılmışdır. Bu da 2008-ci ildə baxılmış işlərlə müqayisədə 474 (10,8 faiz) iş çoxdur.
Ali Məhkəmənin Plenumunun 2008-ci ildə 6, 2009-cu ildə isə 4 iclası keçirilmişdir.
2009-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunmuşdur. 2008-ci ildə Ali Məhkəməyə 22 min 320 müraciət edilmişdirsə, 2009-ci ildə 21 min 162 müraciət edilmişdir ki, bu da 1 min 158 (5,1 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 4,9 faiz azalmışdır.
Mətbuat konfransında qeyd edilmişdir ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi sayəsində mümkün olmuşdur.
Mətbuat konfransında Ali Məhkəmənin sədri mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallara ətraflı cavab vermişdir.
Göstərilən platformalarda paylaş: