Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Türkiyədə səfərdə olub
21.03.2023, 16:42Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov 20-21 mart 2023-cü il tarixində Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.
Səfərin məqsədi qardaş ölkənin məhkəmə sisteminin rəhbərləri ilə görüşlər keçirmək, gələcək əməkdaşlığa dair müzakirələr aparmaq və Azərbaycan Ali Məhkəməsinin 100 illiyi ilə bağlı yubiley medallarını təqdim etmək olub. Qeyd edək ki, fevralın 13-də Bakıda təşkil edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş konfransda Türkiyə nümayəndə heyəti bu ölkədə baş vermiş zəlzələ ilə əlaqədar iştirak edə bilmədiyi üçün medalların təqdimatı mümkün olmamışdı.
İnzibati Kollegiyanın sədri səfər çərçivəsində Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca, Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit və Türkiyə Respublikasının Baş Prokuroru Bekir Şahinlə görüşüb. Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin, xüsusilə də inzibati məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.
Xəqani Məmmədov Türkiyə Respublikası məhkəmə sisteminin hər üç yüksək vəzifəli şəxsinə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.
Görüşlərdə, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.
Göstərilən platformalarda paylaş: