Ali Məhkəmənin sədri Avropa İnsan Hüquqları Məhkəməsinin 50 illik yubileyinə həsr olunmuş seminarda iştirak etmişdir
30.01.2009, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2009-cu il yanvarın 30-da Avropa İnsan Hüquqları Məhkəməsinin Strasburqda keçirilən 50 illik yubiley mərasiminə həsr olunmuş seminarda iştirak etmişdir.
Seminarda Avropa İnsan Hüquqları Məhkəməsinin keçdiyi 50 illik yola nəzər salınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərlə bağlı geniş diskusiyalar və müzakirələr aparılmışdır.
Seminarda beynəlxalq hüququn müxtəlif aspektləri barədə məruzələr dinlənilmişdir. Qeyd olunmuşdur ki, 1959-cu il yanvarın 21-də Avropa Şurasının Məşvərətverici Assambleyasının keçirdiyi iclasda ilk dəfə insan hüquqlarının müdafiəsi üçün yaradılan məhkəməyə müstəqil şəkildə hakimlərin seçkisi aparılmışdır.
Seminarda xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Can-Pol Kostanın məruzəsi maraqla qarşılanmışdır. O, öz məruzəsində 50 il ərzində beynəlxalq hüququn inkişafı, beynəlxalq məhkəmələrin rolunun və nüfuzunun artması və beynəlxalq hüququn fəaliyyətinin səmərəli nəticələrindən danışmışdır.
Seminarda beynəlxalq hüququn müxtəlif sistemləri arasında qarşılıqlı əlaqələrin böyük imkanlara malik olmasından danışılmış və məhkəmələr arasında dialoqa ehtiyac olması zərurəti vurğulanmışdır.
Strasburqa səfəri zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Can-Pol Kosta ilə görüşmüşdür.
Ali Məhkəmənin sədri Azərbaycanda ardıcıl məhkəmə-hüquq islahatlarının aparıldığını, məhkəmə sistemində şəffaflığın və qanunun aliliyinin təmin edildiyini, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işləri diqqətə çatdırmışdır.
Görüşdə Can-Pol Kosta ötən ilin may ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin 85 illik yubiley mərasimində iştirakını xatırlamış, Azərbaycanın onda xoş təəssüratlar yaratdığını söyləmişdir. Can-Pol Kosta İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin vacib olduğunu bildirmişdir.
Ali Məhkəmənin sədri digər görüşlərində və söhbətlərində də Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat vermiş, beynəlxalq terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə sahəsində səylərin əlaqələndirilməsindən söhbət açmışdır.
Göstərilən platformalarda paylaş: