Ali Məhkəmənin sədri Lənkəranda vətəndaşları qəbul edib
20.09.2019, 12:35Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ədalətli baxılması üçün müvafiq tədbirlər görülür.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Ulu öndər Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi önünə gül dəstəsi qoyulmuş, əziz xatirəsinə dərin ehtiram bildirilmişdir.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz müsbət həllini tapmışdır. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Lənkəran Ağır Cinayətlər və Rayon Məhkəmələrinin inzibati binalarına baxaraq, hakimlərin fəaliyyəti və iş şəraiti ilə taniş olmuşdur.
Lənkəran Ağır Cinayətlər və Cəlilabad Hərbi Məhkəmələri, Lənkəran, Cəlilabad, Astara, Masallı rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə məhkəmə fəaliyyətinin dövlət başçısının tövsiyyələrinə uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərə toxunulmuş, ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanmış, qarşıda duran vəzifələr müzakirə olunmış, məhkəmə qərarlarının ədalətliliyinin və vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilmişdir.
Ali Məhkəmənin Mətbuat Xidməti
Göstərilən platformalarda paylaş: