Ali Məhkəmənin sədri Ramiz Rzayev AŞ Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
16.03.2017, 12:352017-ci il martın 16-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın Avropa Şurasına (AŞ) üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan və AŞ arasında səmərəli əməkdaşlığı qeyd edən Ali Məhkəmənin sədri öhdəliklərin icrası üzrə görülmüş işlərdən danışaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, Azərbaycanda Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilməsini, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi əhəmiyyət verilərək Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimləri, Ali Məhkəmədə daimi fəaliyyət göstərən həftəlik xüsusi seminarların, Ali Məhkəmə hakimləri və Aparatı işçilərinin təşkilatçılığı və iştirakı ilə Bakı şəhərində və regionlarda seminarların keçirilməsini qeyd etmişdir.
Ali Məhkəmənin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini vurğulamış və aidiyyəti qurumlarla birgə yaradılmış işçi qrup tərəfindən cinayət qanunvericiliyinin liberallaşdırılması, bir sıra cinayətlərin dekriminallaşdırılması və s. məqsədilə yeni qanun layihələrinin hazırlanmasını qeyd etmişdir.
Aleksandr Qessel məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirmiş, ölkə Prezidentinin ötən ay imzaladığı Sərəncamın icrası cəza siyasətinin humanistləşdirilməsi, yeni institut və mexanizmlərin tətbiqi sahəsində böyük islahatlara yol açacağını vurğulamış, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə ölkəmizin AŞ yanındakı daimi nümayəndəsi Emin Eyyubov iştirak etmişdir.
Göstərilən platformalarda paylaş: