Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyətinin Belarusa səfəri
01.10.2012, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2012-ci il sentyabrın 27-28-də “Ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyəti: müasir texnologiyalar və yanaşmalar” mövzusunda keçirilən ikinci Beynəlxalq Forumda iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minsk şəhərində səfərdə olmuşdur.
50-dən artıq ölkənin nümayəndəsinin təmsil olunduğu Beynəlxalq Forumda ədalət mühakiməsinin səmərəliliyinin artırılması və keyfiyyətlə həyata keçirilməsi üçün müasir yanaşma metodlarından və texnologiyalardan istifadə imkanları, elektron məhkəmələrin tətbiqi məsələləri və bu sahədə mövcud olan problemlər müzakirə olunmuşdur.
Səfər çərçivəsində Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev Belarus Ali Məhkəməsinin binasında Ali Məhkəmənin sədri Sukalo Valentin Oleqoviçlə görüşmüşdür. Görüşdə iki ölkə arasındakı hüquqi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunmuş, Belarus Ali Məhkəməsi ilə Azərbaycan Ali Məhkəməsi arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Ali Məhkəmənin sədri Ramiz Rzayev və İnzibati-İqtisadi Kollegiyanın sədri Hikmət Mirzəyev Belarus Respublikasının iqtisadi mübahisələri araşdıran dövlət orqanlarının 90 illik və Müstəqil Dövlətlər Birliyinin Ali arbitraj, təsərrüfat, iqtisadi və digər iqtisadiyyat sahələrinin mübahisələri ilə bağlı işləri həll edən Sədrlər Şurası Məhkəmələrinin 10 illik yubileyləri tədbirlərində də qonaq qismində iştirak etmişlər. Tədbirlərdə Azərbaycan Ali Məhkəməsi sədrinin həmin yubileylər münasibətilə Belarus Ali Təsərrüfat Məhkəməsinin sədri Viktor Kamenkova ünvanlanan təbrikləri səsləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanla Belarus arasındakı əməkdaşlıq daim dostluğa, qarşılıqlı etimada, etibara əsaslanıb və bu gündə bu əməkdaşlıq əlaqələri genişləndirilir və inkişaf etdirilir.
Minskdə Azərbaycan Respublikası Ali Məhkəməsi və Belarus Respublikası Ali Təsərrüfat Məhkəməsi arasında əməkdaşlıq haqqında RAZILAŞMA imzalanmışdır. Razılaşmada hər iki ölkənin Ali Məhkəmələri arasında əməkdaşlığın prinsipləri və istiqamətləri müəyyənləşdirilmiş, bu əməkdaşlığın beynəlxalq hüquq normaları çərçivəsində davam etdirilməsi nəzərdə tutulmuşdur. Razılaşmanı Belarus Respublikası Ali Təsərrüfat Məhkəməsinin sədri Viktor Kamenkov və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev imzalamışlar.
Göstərilən platformalarda paylaş: