Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17.01.2020, 15:00Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ali Məhkəmənin sədri bölgələrdə mütəmadi səyyar qəbullar keçirir.
Yanvarın 17-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Salyan Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.
Ümummilli lider Heydər Əliyevin Salyan şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, digər qaldırılan məsələlər üzrə Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı ölkə Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Salyan Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub.
Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin sədri və Salyan Rayon Məhkəməsi hakimlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Ali Məhkəmənin sədri ölkə Prezidentinin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs edib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, sahibkarlıq fəaliyyətinə dair mübahisələr üzrə ayrıca ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı mühüm qanunların qəbul olunduğunu vurğulayıb.
Yeni regional inzibati və kommersiya məhkəmələrinin bu ilin əvvəlindən fəaliyyətə başlaması nəzərə alınaraq dövlət başçısının 30 dekabr 2019-cu il sərəncamları ilə artıq həmin məhkəmələrə hakimlərin təyinatının aparıldığı qeyd olunub, qarşıda duran vəzifələrə, o cümlədən qanunvericilikdəki yeniliklərin dürüst və vaxtında icrasının təmin olunmasına dair aidiyyəti tövsiyə və tapşırıqlar verilib.
Eyni zamanda, etik davranış qaydalarına dönmədən əməl olunmasının, sui-istifadə hallarının və qeyri-prosessual münasibətlərin yolverilməzliyinin ən ümdə vəzifə olduğu bildirilib.
Göstərilən platformalarda paylaş: