Ana Maria Rubio Encinas və Monika Martines Ali Məhkəmənin Mülki kollegiyasının sədri Şəlalə xanım Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşlər
15.02.2011, 12:352011-ci il fevralın 15-də ATƏT-in Bakı Ofisinin dəvəti ilə ölkəmizdə səfərdə olan məişət zorakılığı məsələləri üzrə beynəlxalq ekspert xanım Ana Maria Rubio Encinas və ATƏT-in Bakı Ofisinin qanunun aliliyi və insan hüquqları şöbəsinin rəhbəri Monika Martines Ali Məhkəmənin Mülki kollegiyasının sədri Şəlalə xanım Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşlər.
Xanım Ana Maria Rubio Encinas bildirmişdir ki, o, İspaniya vətəndaşıdır, hazırda Kadiz şəhərində Cinayətlərə Dair Apellyasiya Məhkəməsində Qadınları qarşı Zorakılıq halları üzrə İxtisaslaşmış Palatada hakim kimi fəaliyyət göstərir. İspaniya 2004-cü ildə məişət zorakılığına dair Qanunvericiliyi qəbul etdikdən sonra 20 il təcrübəsi olan bir hakim kimi bu qanunvericiliyin tətbiqi ilə bilavasitə məşğuldur. Həmçinin, 2009-cu ildən etibarən, o, yeni implementasiya vasitələrinin hazırlanması sahəsində İspaniya hökumətinin müşaviri qismində çıxış edir. Xanım Rubio Encinas məişət zorakılığına qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini dəstəklədiklərini vurğulamışdır.
Görüşdə Ali Məhkəmənin Cinayət və Mülki kollegiyalarının sədrləri məişət zorakılığı ilə bağlı Ali Məhkəmədə baxılan işlər barədə qonağa məlumat vermişlər. Qeyd olunmuşdur ki, 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə xüsusi əhəmiyyət verilir. Bununla əlaqədar Ali Məhkəmədə 70 işə baxılmışdır.
Xanım Rubio Encinas məişət zorakılığına qarşı mübarizənin Azərbaycan kontekstinə uyğun tətbiqi mexanizmlərinə dair tövsiyyələrini hazırladıqdan sonra bunları məsləhətləşmələrdə iştirak etmiş bütün qurumlara rəy almaq məqsədilə göndərəcəklərini bildirmişdir.
Görüşdə məişət zorakılığına qarşı mübarizədə Azərbaycana dəstək olduqlarına və xüsusi diqqət göstərdiklərinə görə məişət zorakılığı məsələləri üzrə beynəlxalq ekspert xanım Ana Maria Rubio Encinasa və ATƏT-in Bakı Ofisinə təşəkkür ifadə olunmuş, gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.
Göstərilən platformalarda paylaş: