ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür
22.11.2012, 12:352012-ci il noyabrın 21-də Azərbaycan Respublikası Ali Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti haqqında məlumat vermiş, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlardan geniş istifadə olunduğunu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənildiyini və tətbiq olunduğunu diqqətə çatdırmışdır. Ali Məhkəmənin sədri bildirmişdir ki, məhkəmə prosesində ən yeni informasiya texnologiyalarında istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.
Ali Məhkəmənin ATƏT-lə, xüsusilə Avropa İnsan Haqları məhkəməsi ilə işgüzar əlaqələrinin olduğunu qeyd edən Ali Məhkəmənin sədri hakimlər üçün kursların təşkilinin, monitorinqlərin keçirilməsinin əhəmiyyətindən danışmış, ixtisas məhkəmələrinin yaradılması, hakimlərin müstəqilliyi, vəkilllərin sayının artırılması ilə bağlı fikirlərini bölüşmüşdür.
ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, ATƏT-lə qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlərlə və məhkəmə hüquq təcrübəsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
ATƏT-in Bakı ofisinin rəhbəri Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şərati ilə tanış olmuşdur. Bu tanışlıqdan məmnun qaldığını bildirmişdir.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə ATƏT-in Bakı ofisinin rəhbərinə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: