Avropa Şurası Korrupsiyaya qarşı mübarizə üzrə dövlətlərarası qrupun nümayəndələri ilə görüş
27.04.2010, 12:352010-cu il aprelin 27-də Ali Məhkəmədə ölkəmizdə səfərdə olan Avropa Şurası Korrupsiyaya qarşı mübarizə üzrə dövlətlərarası qrupun (GREGO) nümayəndələri Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və birinci instansiya məhkəməsinin hakimləri ilə görüşmüşlər. Görüşdə beynəlxalq hüquq normalarının və dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq müqavilələrin, xüsusilə korrupsiya ilə mübarizə haqqında Avropa Konvensiyasının milli məhkəmə icraatında tətbiqi məsələləri müzakirə olunmuşdur.
Ali Məhkəmənin hərbi işlər üzrə məhkəmə kollegiyasının sədri Şahin Yusifov qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır.
Avropa Şurası Korrupsiyaya qarşı mübarizə üzrə dövlətlər qrupu katibliyinin nümayəndəsi Maykl Yansen, İtaliya Respublikası Ədliyyə Nazirliyinin cinayət ədalət mühafizəsi üzrə baş direktorluğunun hakimi Fabrizio Qandini, Ukrayna Ədliyyə Nazirliyində Antikorrupsiya siyasəti üzrə bölmənin rəhbəri Alyona Smirnova Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işlərdən razı qaldıqlarını bildirərək vurğulamışlar ki, Azərbaycan bu sahədə yeni bir təcrübəyə malik olmağa başlamışdır. Beynəlxalq məhkəmələrin presedent hüququnun məhkəmə qərarlarına təsiri yüksək qiymətləndirilmişdir.
Ali Məhkəmənin hakimləri- Tapdıq Mahmudov, İlham Cəfərov, Əli Seyfəliyev, Apellyasiya Məhkəməsinin hakimləri-Rizvan Səfərov, Qail Məmmədov, Abid Abdinbəyov qonaqları maraqlandıran suallara cavablar vermişlər.
Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binası ilə tanış olan qonaqlar bu tanışlığın onlarda xoş təəssürat yaratdığını bildirmişlər. Qonaqlar məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.
Göstərilən platformalarda paylaş: