Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin üzvləri Ali Məhkəmədə olmuşlar
13.06.2017, 12:352017-ci il iyunun 13-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb olunan və məhkum olunmuş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, cənab Prezidentin Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət - prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir.
Ali Məhkəmənin sədri cənab Prezidentin həmin Sərəncamından irəli gələn vəzifələrin Ali Məhkəmənin Plenumda geniş müzakirə olunduğunu diqqətə çatdırılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Göstərilən platformalarda paylaş: