ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Avropa Şurasının nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşlər

11.01.2017, 12:35
Avropa Şurasının nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşlər
Avropa Şurasının nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşlər

        2017-ci il yanvar ayının 11-də Avropa Şurası Katibliyinin Hüquqi məsələlər və qanunun aliliyi üzrə Baş direktoru Filip Buaya və Avropa Şurası Katibliyinin Siyasi məsələr üzrə direktoru Aleksandr Qessel Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

        Görüşdə Ali Məhkəmənin sədri ölkəmizin məhkəmə-hüquq sistemi barədə məlumatları, aparılan məhkəmə islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara  məlumat vermişdir. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır. 

        Ali Məhkəmənin sədri ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bariz nümunələrindən biri olaraq Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə 2014-cü ilin oktyabr ayında Ali Məhkəmənin və Avropa Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransı qeyd etmişdir.  

        Qonaqlar Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmiş, Avropa Şurası ilə ölkəmiz arasında əlaqələrin  bundan sonra da davam etdiriləcəyini bildirmişlər.         

        Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.