ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan ilə Türkiyə arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

05.03.2018, 12:35
Azərbaycan ilə Türkiyə arasında hüquqi sahədə əməkdaşlıq genişlənir
Azərbaycan ilə Türkiyə arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, baş prokurorun müavini Namiq Əsgərov və hər iki dövlət qurumunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin dəvəti ilə Ankarada səfərdədir. Səfərin məqsədi Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etməkdir.

Martın 5-də nümayəndə heyətimiz Türkiyə Ali Məhkəməsində bu qurumun sədri İsmayıl Rüştü Cirit və baş prokuror Məhməd Akarca ilə görüş keçirib. İsmayıl Rüştü Cirit və Məhməd Akarca bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildiriblər.

Görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdırdığı, xalqlarımızın rifahına xidmət etdiyi vurğulanıb.

Səfər çərçivəsində Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə keçirilmiş görüşdə ölkələrimizin hüquq mühafizə orqanları arasındakı səmərəli işgüzar münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd olunub.

Görüşdə ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində aparılan mütərəqqi tədbirlər barədə məlumat verilib, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Həm ikitərəfli, həm də çoxtərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, habelə hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti martın 6-da Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə keçiriləcək tədbirlərdə, bu qurumun yeni binasının təməlinin qoyulması mərasimində iştirak edəcək.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim görüşlərdə iştirak edib.