Azərbaycan ilə Xorvatiyanın məhkəmə orqanları arasında əməkdaşlıq əlaqələri genişlənir
25.05.2012, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 21-dən 24-dək Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Hrvatinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.
Xorvatiya Respublikası Ali Məhkəməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə Ali Məhkəmənin sədri Branko Hrvatin Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini Xorvatiyanın paytaxtı Zaqrebdə salamlamaqdan məmnun olduğunu bildirmiş, hər iki xalqın vahid ideya birliyi və həmrəyliyi ilə bağlı fikirlərini bölüşmüşdür.
Bu görüşün qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar açdığını ifadə etmişdir. O, Xorvatiya məhkəmə sisteminin fəaliyyət dairəsi barədə azərbaycanlı həmkarlarına məlumat vermişdir.
Görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin fəaliyyəti barədə danışmış, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlardan geniş istifadə olunduğunu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının, Avropa İnsan hüquqları məhkəməsinin presedent hüququnun öyrənildiyini və tətbiq olunduğunu diqqətə çatdırmışdır. Ali Məhkəmənin sədri bildirmişdir ki, məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıran Ramiz Rzayev bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapmasını önə çəkmişdir.
Ramiz Rzayev Azərbaycan ilə Xorvatiyanın məhkəmə-hüquq sistemləri arasında işgüzar əlaqələrin yaranmasının məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini, bu əlaqələrin nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişlənəcəyini vurğulamışdır.
Görüşdə tərəflər hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlarla və məhkəmə-hüquq təcrübəsi ilə bağlı fikir və mülahizələrini bölüşmüşlər.
Səfər zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyətini Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç qəbul etmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Xorvatiyanın tarixi yerləri ilə tanış olmuşlar.
Göstərilən platformalarda paylaş: