Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etmişdir
17.11.2010, 12:35 2010-cu il noyabrın 15-17-də Azərbaycan Respublikası Prezident Administrasiyasını, Milli Məclisi, Ali Məhkəməni, Ədliyyə Nazirliyini, Fövqəladə Hallar Nazirliyini, Nəqliyyat Nazirliyini, Ombudsman Aparatını, Vəkillər Kollegiyasını, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətini və mətbuatı təmsil edən geniş tərkibdə nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyev şəhərində “İnzibati məhkəmə icraatı və inzibati hüququn tətbiqi təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
Almaniyanın, Belarusun, Gürcüstanın, Moldovanın, Ukraynanın, Ermənistanın, Qazaxıstanın, Özbəkistanın və Tacikistanın da qatıldığı konfransda keçid dövründə olan ölkələrdə inzibati məhkəmə icraatının modelləri müzakirə olunmuş, inzibati hüquq təcrübəsi və inzibati hüquqda fərdi hüquqi müdafiə məsələləri ətrafında diskussiyalar aparılmışdır.
Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati – iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev “Azərbaycanda inzibati məhkəmə icraatının aparılması” mövzusunda məruzəsində inzibati məhkəmə icraatının Azərbaycana məxsus xüsusiyyətlərindən və bunların beynəlxalq hüquq normalarına uyğunlaşdırılması təcrübəsindən danışmışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi təşkilat – nəzarət baş idarəsinin rəisi Azər Cəfərov konfransın gedişi və yekunu ilə bağlı rəyini təşkilat komitəsinə təqdim etmişdir.
Konfransda iştirak edən Ali Məhkəmənin sədri Ramiz Rzayev və nümayəndə heyətinin üzvləri ayrı-ayrı ölkələrin nümayəndələri ilə görüşlərində və söhbətlərində Azərbaycanda inzibati məhkəmə icraatı zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb etmiş, bununla bağlı geniş söhbətlər aparmış, suallara cavab vermişlər.. Faydalı fikir mübadiləsi zamanı Azərbaycanın bu sahədəki təcrübəsinə böyük maraq göstərilmişdir.
Göstərilən platformalarda paylaş: