Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin Ukraynaya səfəri
22.09.2011, 12:35 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Avropa Şurasının üzvü olan dövlətlərin Ali Məhkəmə sədrlərinin “İnsan hüquqlarının milli səviyyədə müdafiəsində Ali Məhkəmənin rolu” mövzusunda keçirilmiş dəyirmi masada iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyev şəhərində səfərdə olmuşdur.
2011-ci il sentyabrın 22-də keçirilmiş dəyirmi masa Avropa Şurası Nazirlər Komitəsində Ukrayna sədrliyinin iş qrafikinə əsasən bu ölkənin dəstəyi ilə təşkil olunmuşdur.
Avropa Şurasının üzvü olan 47 ölkənin Ali Məhkəmə sədrlərinin və ekspertlərinin iştirakı ilə keçirilən bir günlük dəyirmi masada insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlər müzakirə olunmuşdur.
Dəyirmi masanın açılışında Ukrayna Ali Şurasının sədri Vladimir Litvinin, Ukrayna Ali Məhkəməsinin sədri Vasiliy Onopenkonun, Avropa İttifaqı Ali Məhkəmə sədrləri Assosiasiyasının başçısı, Avstriya Respublikası Ali Məhkəməsinin sədri, professor, doktor İrmqard Qrissin nitqləri dinlənilmişdir. Venesiya Komissiyasının katibi Tomas Markert İnsan hüquqlarının müdafiəsi sahəsində dövlət vəzifəsinin icrası mexanizmində Ali Məhkəmənin rolu, Almaniya Federativ Respublikası Federal Ali Məhkəməsinin sədri, professor, doktor Klaus Tolksdorf İnsan hüquqlarının milli səiyyədə müdafiəsində Ali Məhkəmənin rolu ilə bağlı əsas məruzələrlə, Çexiya Respublikası Ali Məhkəməsinin sədri, doktor İva Brojova, Polşa Pespublikası Ali Məhkəməsi Mülki Palatasının sədri, Polşa Respublikası Ali Məhkəməsinin sədri, professor, doktor Tadeuş Ereçinski, Latviya Respublikası Ali Məhkəməsinin sədri İvars Biçkoviçs isə məruzələrlə çıxış etmişlər.
Ali Məhkəmənin sədri Ramiz Rzayev “Məhkəmə hakimiyyəti və dövlət hakimiyyəti sistemində Azərbaycan Respublikası Ali Məhkəməsinin yeri” mövzusunda məruzə etmişdir.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmiş, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsini və təminatını ön plana çəkmişdir. Bu gün respublikamız insan hüquqlarının təmin olunması naminə dünya birliyinə sıx inteqrasiyaya, Avropa ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi önəm verir.
Ali Məhkəmənin sədri vurğulamışdır ki, ölkəmizdə aparılan demokratik proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ildə Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmiş və bundan sonra qisa müddət ərzində bir çox Avropa Konvensiyalarına, o cümlədən 15 aprel 2002-ci ildə isə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuşdur. Ona görə də Ali Məhkəmənin təcrübəsində beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, Avropa Məhkəməsinin presedent rolunu oynayan qərarlarına diqqət yetirmək və bu qərarlara istinad etmək fəaliyyətimizin əsas məqamlarından birinə çevrilmişdir.
Ali Məhkəmənin sədri müzakirə olunan mövzu ilə bağlı diskussiyalarda fəal iştirak etmiş, insan hüquqlarının milli səviyyədə müdafiəsi ilə bağlı dəyirmi masa iştirakçılarını maraqlandıran suallara ətraflı cavab vermişdir.
Göstərilən platformalarda paylaş: