Azərbaycan Respublikasının ədliyyə və məhkəmə işçilərinə
21.11.2008, 12:35Hörmətli ədliyyə işçiləri, hakimlər və veteranlar,
Sizi Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi vardır. Əsası Azərbaycan Demokratik Respublikası dövründə qoyulan bu tarix özündə xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirir. 1918-ci il noyabrın 14-də demokratik prinsiplərə əsaslanan məhkəmə sisteminin yaradılmasını nəzərdə tutan Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, ədliyyə sahəsində və məhkəmə idarəçiliyində bir sıra qərarlar qəbul edilmiş, qanunlar hazırlanmışdır.
Sovet hakimiyyəti dövründə konyiktur maraqlara uyğun olaraq hüquq siyasətinin dəfələrlə dəyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə ləğv edilməsi və yenidən yaradılması sabit ədalət mühakiməsi sisteminin formalaşmasına mane olurdu. Yalnız Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1970-ci illərdən başlayaraq ədliyyə və məhkəmə orqanları davamlı inkişaf mərhələsinə daxil oldu.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün və hakimiyyət uğrunda mübarizənin doğurduğu siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, insan hüquqlarının kütləvi şəkildə pozulması, idarəçilik və qanunçuluq böhranı dövlətçiliyimizi məhv olmaq reallığı ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır vəziyyətdə xalqın təkidi ilə siyası hakimiyyətə qayıdan ümumilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğu, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanıldı.
Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradıldı, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edildi, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirildi və onun qarşısında yeni vəzifələr qoyuldu, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırıldı.
Ümummilli liderimiz Heydər Əliyev qanunçuluğun təmin edilməsində, ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, bütövlükdə hüquq sisteminin inkişafında ədliyyə və məhkəmə orqanlarının rolunu yüksək qiymətləndirərək hüquq varisliyini təmin etmək məqsədilə noyabrın 22-ni ədliyyə işçilərinin peşə bayramı günü elan etdi.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müəyyən etdi, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizin regionlarında hüquq infrastrukturunun genişləndirilməsinə şərait yaratdı.
İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.
Hüquq sisteminin təkmilləşdirilməsi həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlmişdir.
Hazırda məhkəmə və ədliyyə orqanları qarşısında qanunçuluğun təmin edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması, qanunyaradıcılığı və hüquqi maarifləndirmə, insan hüquqlarının müdafiəsi, cəza-icra siyasətinin humanistləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, yüksək hazırlıqlı hüquqşünaslardan ibarət kadr potensialının formalaşdırılması kimi vəzifələr durur.
Əminəm ki, məhkəmə və ədliyyə orqanları hüquqi dövlət quruculuğu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək və qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər.
Hörmətli ədliyyə işçiləri, hakimlər və veteranlar,
Sizi bir daha 90 illik yübileyiniz münasibətilə təbrik edir və ədalət mühakiməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 noyabr 2008-ci il
Göstərilən platformalarda paylaş: