Azərbaycan və Gürcüstan ədliyyə orqanları arasında əməkdaşlıq inkişafdadır
31.05.2011, 12:35Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. Zəngin müqavilə-hüquq bazası əsasında Ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlıq qurulmuş, qarşılıqlı səfərlər bu əlaqələrin daha da genişlənməsinə böyük təkan verməkdədir.
Gürcüstanın Müstəqillik günü ərəfəsində Acarıstan Muxtar Respublikasının Batumi şəhərində yeni Ədliyyə Evinin - Dövlət Xidmətləri binasının açılışı olmuşdur. Açılış mərasimində Gürcüstanın Prezidenti Mixeil Saakaşvili, hökumət üzvləri və diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Gürcüstan ədliyyə naziri Zurab Adeişvilinin dəvətinə əsasən ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti həmin tədbirdə iştirak etmək üçün qonşu ölkəyə səfər etmişdir.
“Bir pəncərə” prinsipi əsasında əhaliyə göstərilən bütün ədliyyə xidmətlərini birləşdirən və konseptual baxımdan yeni olan bina müasir memarlıq üslubuna uyğun inşa olunmuş, əhaliyə çevik, səmərəli və məhsuldar xidmətlər göstərmək üçün binada ən qabaqcıl informasiya-kommunikasiya texnologiyaları tətbiq edilmiş və yüksək şərait yaradılmışdır.
Bina ilə tanışlıqdan sonra Prezident Mixeil Saakaşvili Azərbaycanın nümayəndə heyəti ilə görüşmüş, iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafı yüksək qiymətləndirilmişdir.
Elə həmin gün yeni binada ilk beynəlxalq görüş olaraq Z.Adeişvili və Gürcüstanın Cəzaların icrası, probasiya və hüquqi yardım üzrə naziri xanım Xatuna Kalmaxelidze Azərbaycanın ədliyyə naziri F.Məmmədov arasında səmərəli danışıqlar aparılmışdır. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilmiş, hüquqi yardım və məhkumların verilməsi məsələsinə toxunulmuş, ölkəmizin ədliyyə, o cümlədən penitensiar sistemində aparılan genişmiqyaslı islahatlara, müasir infrastrukturun yaradılmasında və məhkumlara göstərilən tibbi xidmət sahəsində qazanılmış nailiyyətlərə böyük maraq göstərilmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Batumidə Azərbaycanın Baş Konsulluğunda olmuş, həmvətənlərimizin qayğıları ilə maraqlanmışlar.
Eyni zamanda, Gürcüstanın ədliyyə naziri ilə birgə ölkənin bəzi bölgələrinə baş çəkilmiş, habelə azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli vilayətinin mərkəzi olan Rustavi şəhərinə səfər edilərək, onun sosial-iqtisadi inkişafı, o cümlədən yeni inşa olunan ədliyyə kompleksi ilə tanış olunmuşdur.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinə yüksək qonaqpərvərlik və xüsusi diqqət göstərilmiş, işgüzar danışıqlar aparılaraq qarşılıqlı fəaliyyətin sürətli inkişafından məmnunluq ifadə olunmuşdur.
Səfərdən ölkəmizə qayıdarkən yolüstü Gədəbəy rayonunda Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" Layihəsi çərçivəsində inşa olunan müasir rayon məhkəməsi binasına baş çəkilmiş, tikintinin gedişatı ilə maraqlanılmışdır.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
Göstərilən platformalarda paylaş: