ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycanın məhkəmə orqanları ilə Avropa Məhkəməsi arasında əməkdaşlıq yüksək qiymətləndirilmişdir

02.02.2010, 12:35
Azərbaycanın məhkəmə orqanları ilə Avropa Məhkəməsi arasında əməkdaşlıq yüksək qiymətləndirilmişdir
Azərbaycanın məhkəmə orqanları ilə Avropa Məhkəməsi arasında əməkdaşlıq yüksək qiymətləndirilmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin və Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-dən 30-dək Fransanın Strasburq şəhərində işgüzar səfərdə olmuşlar. 

Bu iki qurumun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, nümayəndə heyəti səfər çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Jan-Pol Kosta ilə görüşmüşdür. Qonaqları salamlayan sədr Jan-Pol Kosta rəhbərlik etdiyi qurum ilə Azərbaycanın məhkəmə orqanları arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirmişdir. O, Avopa Konvensiyasının nəzarət mexanizminə dəyişiklikləri nəzərdə tutan 14-cü protokolun qüvvəyə minməsi ilə əlaqədar Avropa Məhkəməsinə daxil olan şikayətlərin öyrənilməsi prosedurunun təkmilləşdirilməsinə, onlara baxılma mexanizminin sadələşdirilməsinə dair məlumat vermiş, bu qurumun fəaliyyətinin effektliliyinin bir çox hallarda milli məhkəmə orqanlarının səmərəli işindən asılı olduğunu vurğulamışdır. 

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev Azərbaycanın yüksək məhkəmə orqanlarının Avropa Məhkəməsinin təcrübəsinə böyük diqqət yetirdiklərini və öz hüquqi mövqelərinin əsaslandırılması zamanı Strasburq Məhkəməsinin qərarlarına mütəmadi surətdə istinad etdiklərini bildirmişdir. Ali Məhkəmənin sədri R.Rzayev son illər respublikamızda aparılmış hüquqi islahatlardan bəhs etmiş, Avropa Məhkəməsinin təcrübəsinə Ali Məhkəmədə də böyük diqqət yetirildiyini, bu təcrübənin iş prosesində geniş tətbiq olunduğunu söyləmişdir. Görüşdə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev də iştirak etmişdir. 

Daha sonra Avropa ölkələrinin konstitusiya məhkəmələri və ali məhkəmələrinin sədrlərinin və hakimlərinin iştirakı ilə Avropa Məhkəməsinin 2010-cu il üzrə məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli iclası keçirilmişdir. Tədbirdə çıxış edən Avropa Məhkəməsinin sədri və hakimləri Avropa Konvensiyasının bütün məhkəmə orqanları üçün böyük əhəmiyyət kəsb etdiyini və artıq ümumi Avropa məhkəmə təcrübəsinin formalaşdığını qeyd etmişlər. 

F.Abdullayev və R.Rzayev beynəlxalq tədbirdə iştirak edən bir sıra xarici ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə görüşmüş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

AzərTAc