Bakı Apellyasiya Məhkəməsində “Həbs qətimkan tədbirinin tətbiqi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun işığında” mövzusunda seminar keçirilmişdir.
24.05.2014, 12:35 24 may 2014-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən “Həbs qətimkan tədbirinin tətbiqi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun işığında” mövzusunda seminar keçirilmişdir. Rayon (şəhər) məhkəmələrinin, apellyasiya məhkəmələrinin və hərbi məhkəmələrin hakimlərinin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsində təşkil olunan seminarı giriş sözü ilə açan Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı fikirlərini seminar iştirakçılarının nəzərinə çatdırmış, 2012-ci il üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair nöqsanlar barəsində statistik məlumatları açıqlamışdır.
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Hafiz Nəsibov “Həbs qətimkan tədbirinin tətbiqi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun işığında” mövzusunda mühazirə ilə çıxış edərək İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan Respublikasına qarşı çıxardığı qərarları ətraflı şəkildə şərh etmiş, yerli məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin tətbiqi barədə qərar qəbul olunarkən yol verilən nöqsanları qeyd etmiş və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini bildirmişdir.
Seminarda Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının sədri vəzifəsini icra edən Rizvan Səfərov və Ali Məhkəmənin Hərbi kollegiyasının sədri Tapdıq Mahmudov həbs qətimkan tədbirinin tətbiqi ilə əlaqədar qənaətlərini seminar iştirakçıları ilə bölüşmüşlər.
Seminarda Şahin Yusifov iştirakçıların suallarını cavablandırmışdır.
Göstərilən platformalarda paylaş: