Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kuipers Ali Məhkəmənin sədri ilə görüşmüşdür
14.05.2012, 12:352012-ci il mayın 14-də ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kuipers Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar vasitəsilə uğurla əməkdaşlıq edir. Ölkəmizdə Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Ali Məhkəmənin sədri bildirmişdir ki, Azərbaycan əhalinin sayına görə ən az cinayət hadisəsi qeydə alınan ölkələrdəndir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması hərbi məhkəmələrin fəaliyyətini daha zəruri edir. Ali Məhkəmənin sədri Beynəlxalq Prokurorlar Assosiasıyası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlığından razı qaldığını qeyd etmişdir.
Beynəlxalq Prokurorlar Assosiasınin Baş katibi Derk Kuipers iki gün ərzində respublikamızla tanışlıqdan danışaraq burada gedən sürətli inkişafın şahidi olduğunu və insanların qonaqpərvərliyindən məmnunluğunu ifadə etmişdir.
Assosiasınin Baş katibi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 1995-ci ildə yaradılan və 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiyasının 1998-ci ildən təşkilatı üzvləridir. Azərbaycan 200 fərdi üzvü ilə bizə daha çox dəstək verir. Assosiasiyanın VEB saytının yaradılması milyonlarla prokurorun bir-biri ilə asan əlaqə saxlamasına kömək edir. Beynəlxalq Prokurorlar Assosiasıyası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun transmilli cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə, çirkli pulların yuyulmasına və saxtakarlıq kimi cinayət növlərinə qarşı birgə mübarizə aparması zəruridir və bu mübarizə gələcəkdə daha səmərəli nəticələr verəcəkdir.
Assosiasiyanın Baş katibi Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşdur.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kuipersə təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: